Sumqayıtlıların Xanlar Muradovu Featured

İnci Məmmədzadə, ”Ədəbiyyat və incəsənət”

 

Komik və dramatik rolların mahir ifaçısı  Əməkdar artist Xanlar Muradov barədə danışacağam. Bu gün onun anım günüdür.

 

Azərbaycan Respublikasının Əməkdar artisti, özünəməxsus ifa tərzi və koloritli yumor hissi ilə tamaşaçıların yaddaşında iz qoyan Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Xanlar Muradov 30 aprel 1946-cı ildə yenicə tikilməkdə olan Sumqayıtda anadan olub. Əmək fəaliyyətinə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Teatrda ilk rolu Ə. Haqverdiyevin "Müsibəti Fəxrəddin" tamaşasında Qurban rolu olub.

Bu teatrda o 50-yə yaxın rol ifa edib. 1975-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor işləyib. O, teatrda işlədiyi müddətdə Danabaş kəndinin əhvalatları – Xudayar bəy, Qızıl toy – Rəhim, Subaylarınızdan görəsiniz – Seyfi, Səhnədə məhəbbət – milyonçu, Məhəbbət oyunun – Daşdəmirov, Nəğməli Könül – Fərrux kimi əksər tamaşalarda rollar oynayıb.

Xanlar Muradov Azərbaycan teatrında öz yeri, öz çəkisi olan aktyorlardan biri idi. Onun özünəməxsus ifasını Musiqili Teatrın sadiq tamaşaçıları indinin özündə də çox yaxşı xatırlayır.  1975-ci ildən dünyasının dəyişdiyi 2005-ci ilə qədər - düz 30 il Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib.

Bir-birindən maraqlı obrazlar canlandırıb. Teatr sahəsindəki xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist adına layiq görülüb. Aktyor 1970-1975-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında, 1975-2005-ci illərdə isə Azərbaycan Dövlət Musiqili Teatrında çalışıb. Bu isə onun rolları:

 

Sumqayıt teatrında ifa etdiyi rollar:

- Şeyda (“Toy”, Sabit Rəhman)

- Qurban(“Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov)

- Axund (“Solğun çiçəklər”, Cəfər Cabbarlı)

- Sırodovey (“Tribunal”, Aleksandr Makoyonok)

- Yaqub (“Həmyerlilər”, Altay Məmmədov)

- Silvester (“Skapenin kələkləri”, Jan Batist Molyer)

- Bədurətdin (“Bu meydan, bu şeytan”, Firudin Aşurov)

- Qələndərov (“Gülməyən adam”, Əfqan Əsgərov)

- Şair (“Paralelimin nəbzi”, Ramiz Heydər)

 

Azərbaycan Dövlət Musiqili Teatrında ifa etdiyi rollar:

- Hilal (“Durna”, Süleyman Rüstəm, Səid Rüstəmov)

- Molla Musa (“Boşanaq, evlənərik”, Əliağa Kürçaylı, Vasif Adıgözəlov)

- Bəbirli (“Özümüz bilərik”, Şıxəli Qurbanov, Süleyman Ələsgərov)

- Qulam (“Həyətim mənim, həyatım mənim”, Cahagir Məmmədov, Əşrəf Abbasov)

- Bilal (“Qız görüşə tələsir”, Adil Babayev, Tofiq Bakıxanov, Nəriman Məmmədov)

- Rəhim kişi (“Qızıl toy”, Ramiz Heydər, Oqtay Kazimi)

- Vəli (“Məzəli əhvalat”, Ruhəngiz Qasımova)

 

Filmoqrafiya

- Şir evdən getdi — milis işçisi

- Od içində

- Evləri köndələn yar

- Topal Teymur

- Bəxtəvər.

 

Aktyorun həyatının Bakı dönəmində də sumqayıtlılar sevə-sevə ona “bizim sumqayıtlımız” deyirdilər. Hər Sumqayıta gəlişində küçədə insanlar başına toplaşardı. O, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Əliağa Ağayev səviyyəsinə ucalacaq bir komedik aktyor potensialına malik idi. Amma müəyyən səbəblər onu parlamağa qoymadı.

Xanlar Muradov 2005-ci il fevral ayının 5-də Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.