“Boşluğa xütbə” filminin Bakı premyerası olub

 

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) postprodakşn mərhələsində dəstəklədiyi “Boşluğa xütbə” filminin yerli premyerası “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”, “Baku Cinema Breeze” beynəlxalq kino proqramı çərçivəsində baş tutub.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirin açılışında filmin rejissoru Hilal Baydarov ekran əsərinin ideya xətti, yaradıcı konsepsiyası, çəkiliş prosesi və beynəlxalq festival təcrübəsi barədə ətraflı məlumat verib. O, “Boşluğa xütbə” filminin Venesiya, Tokio və Qahirə kimi nüfuzlu beynəlxalq kino festivallarında nümayiş olunmasının Azərbaycan kinosunun qlobal miqyasda tanınmasına mühüm töhfə verdiyini vurğulayıb. Rejissor, eyni zamanda, filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Kino Agentliyinə (ARKA) təşəkkürünü ifadə edib.

Bakıdakı premyera nümayişində filmin yaradıcı heyəti, dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq kino mütəxəssisləri, media təmsilçiləri və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, “Boşluğa xütbə” filmi daha əvvəl 82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar proqram” bölməsində, Tokio Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında və Qahirə Beynəlxalq Film Festivalında uğurla nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.