Könül, “Ədəbiyyat və incəsənət”
Ötən gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən “Gülçöhrə və Əsgər” tamaşasının premyerası oldu. Son illərdə Azərbaycan nəsrinə “Yarıçmıq əlyazma” kimi roman, Azərbaycan dramaturgiyasına “Sehirbazlar dərəsi” kimi tamaşa verməklə mədəniyyət xəzinəmizi zənginləşdirən Xalq yazıçımız növbəti dəfə hamımızı xoş mənada təəccübləndirdi, zövqümüzü oxşadı. Bu dəfə musiqili tamaşa ilə, özü də mədəniyyətimizin qızıl incisi sayılan Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin davamı olaraq hazırlanan bir tamaşa ilə.
“Gülçöhrə və Əsgər” ikihissəli musiqili dramının dünənki premyerasını Azərbaycan Prezidentinin qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, Prezident Administrasiyasının Siyasi Partiyalar və qaninvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və digər tanınmış dəvlət xadimləri izləyirdilər.
Tamaşanın quruluşçu rejissoru Əsgər Əsgərov, dirijoru Fəxrəddin Atayev, baletmeysteri Nigar Şahmuradova, xormeysteri Vaqif Məstanovdur, bəstəkarı Cavanşir Quliyevdir.
Səhnə əsərində Əməkdar artistlər Əzizağa Əzizov, İlqar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, Atilla Məmmədov, aktyorlar Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Elçin İmanov, Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Nicat Həbibov, həmçinin xor və balet artistləri iştirak ediblər.
İndisə gəlin tamaşa barədə AzərTAC-a verilən bəzi rəylərə diqqət yetirək:
Cavanşir Quliyev, tamaşanın bəstəkarı, Əməkdar incəsənət xadimi:
-Bu əsər “Arşın mal alan”dan fərqli olaraq xoşbəxt sonluqla bitmir. Süjet gözlənilməzdir və tamaşaçını daim diqqətdə saxlayır. Bu səbəbdən həm maraqlı, həm də dəyərli təcrübə oldu”.
Səmədzadə Xasiyev, Əsgər obrazının ifaçısı, Prezident mükafatçısı:
-Əsgərin musiqili komediyadakı şən və romantik tərəfi və yeni əsərdəki dramatik taleyi aktyor kimi mənə geniş ifadə imkanları yaradır. Bu rol üzərində işləmək həm məsuliyyətli, həm də yaradıcı baxımdan dəyərlidir. Əsgər və Gülçöhrə tarixin qaranlıq və sərt dönəmlərində yaşadıqları sarsıntılar fonunda bütöv bir dövrün mənzərəsini yaradırlar. Əsgərin Sibirdə keçirdiyi məşəqqətli illər, Gülçöhrənin isə ümidsizlik içində onu gözləməsi təkcə nakam sevgi hekayəsi deyil, həm də bir xalqın yaddaşını, mübarizliyini və sarsılmaz ruhunu əks etdirən bədii salnamədir.
Elnarə Nağdəliyeva, Telli obrazının ifaçısı:
-Obrazın daxili gücünü və yumşaq xarakterini tamaşaçıya çatdırmağa çalışdım. Telli obrazı ağasına və xanımına sadiqliyi ilə seçilir. Bütün gərginliyə, təhlükələrə və çətinliklərə baxmayaraq, o, xanımını və bəyini tək qoymur, onlarla birlikdə İrana, İstanbula, sonra isə Fransaya qədər uzanan çətin yola çıxır.
Tamaşadan sonra Kamal Abdulla və yaradıcı heyət alqışlara və gül-çiçəyə qərq oldular. Bu, premyeraya toplaşanların ən dəruni rəğbət hisslərindən xəbər verirdi.
Bəli, teatarımız tarixində növbəti hadisə baş tutdu, dahi Üzeyir Hacıbəylinin məşhur komedik əsərinə olduqca maraqlı dramatik interpretasiya.
Tamaşa barədə ətraflı təhlil yazıları da verəcəyik.
Fotolar AzərTAC-ındır.
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)


