Allah vergisi olan aktyor – PORTRET CİZGİLƏRİ Featured

 Ağalar İdrisoğlu,

 yazıçı-rejissor, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” üçün

 

Belə bir maraqlı deyim var: “Aktyorlar, Ulu Tanrının yerdə olan elçiləridir. Onlar bir növ məbəddə olan kahinlər kimidir və Böyük Yaradanın arzularını, istəklərini insanlara göstərməklə, onların həyat müəllimləri olurlar”.  Bax, ona görə də aktyor sənəti müqəddəs sənətdir.

 

Belə bir müqəddəs sənətdə çalışanlardan biri də Xalq artisti, Prezidentin Fərdi Təqaüdçüsü, çox istedadlı aktyor  Cəfər Namiq Kamaldır.

Oxucular üçün daha  maraqlı olsun deyə gəlin onun həyat tarixçəsinə qısa bir nəzər salaq.

 

Cəfər Namiq Kamal oğlu Əhmədov ( Namiq Kamal)  1950-ci ilin avqust ayının 17-də anadan olub. Orta məktəbi bitirdikdən sonra  1972-ci ildə Mirzağa  Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsini bitirib. Elə 1972-ci ildən də Milli Gənc Tamaşaçılar teatrında aktyor işləməyə başlayıb. Teatrda işləməyə başladığı ilk ildən onun istedadlı olduğunu görən rejissorlar bir-birinin ardınca ona çoxlu rollar veriblər. Əlbəttə, həmin vaxtlar bu teatrda işləyən çoxlu ustad sənətkarların arasında gənc aktyor kimi  özünü  sübut etmək elə də asan deyildi. Amma Cəfər Namiq Kamal əsl yaradıcı aktyor olduğuna görə və ona verilən ən kiçik rolları  belə obraz səviyyəsinə qaldırdığına görə oynadığı tamaşalarda çoxlarından seçilib və tamaşaçıların sevimlisi olub. Cəfər Namiq Kamal düz iyirmi beş il bu teatrda aktyor işləyib və böyük obrazlar qalereyası yaradıb. Elə həmin rollardan bəzilərini yazmaqla Cəfər Namiq Kamalın necə maraqlı və Allah vergisi olan  aktyor olduğunu görmək olar.

 

Salam  Qədirzadənin  “Şirinbala bal yığır” əsərində Rəcəb, Fikrət Sadığın “Bir parça Vətən” əsərində Elçi, İsgəndər Coşqunun “Rüstəm və  Söhrab” əsərində Qasid , Bəxtiyar Vahabzadənin  “Şəhidlər” əsərində Aparıcı, Cəlil  Məmmədquluzadənin  “Danabaş kəndinin məktəbi”ndə Uçitel Həsənov, Rəşid bəy Əfəndiyevin  “Qonşu qonşu olsa, kor qız ərə gedər” əsərində Qaçay bəy, Kamal Aslanovun “Yuxulama” əsərində İnsan, Rəhman Əlizadənin “Sabah çoxdan başlanıb”da Dayı və başqaları. Siyahıdan da göründüyü kimi bir-birinə oxşamayan bu rolların hər biri tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Onu da vurğulayım ki, Kamal Aslanovun “Yuxulama” tamaşası həmin vaxt Moskvada festivalda oynanılıb və ən böyük mükafata layiq görülüb.

Cəfər Namiq Kamal ( Əhmədov)  1996-cı ildən taleyini Akademik Milli Dram Teatrı ilə bağlayıb. Onun bu teatra gəlməsinin əsas səbəkarı həmin vaxtlar teatrın bədii rəhbəri-direktoru işləyən, Azərbaycan səhnəsində  və kinosunda əvəzsiz obrazlar qalereyası yaratmış, böyük aktyor Həsənağa Turabov olub. Belə ki, Cəfər Namiq Kamal 1993-cü ildə Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində Xalq yazlçısı Kamal Abdullanın “Unutmağa kimsə yox” tamaşasına baxandan sonra onun tamaşada oynadığı Aspirant rolu Həsənağa Turabovun çox xoşuna gəlib və onu Akademik Milli Dram Teatrına işləməyə dəvət edib. Amma Milli Gənc Tamaşaçılar Teatrının rəhbərliyi və kollektivi onun bu teatrdan çıxmasına heç cürə imkan verməyiblər. Cəfər Namiq Kamal da bu teatrda işləyən dostlarının xahişini yerə salmayıb və burada qalıb işləməyə məcbur olub.

 

Amma Həsənağa Turabov öz fikrində israrlı olduğuna görə Cəfər Namiq Kamal 1996-cı ilin iyun ayında Həsənağa müəllimin yanına gəlib və bu teatrda işə başlayıb. Cəfər Namiq Kamal deyir ki, “ rəhmətlik Həsənağa müəllim məni bir aktyor kimi çox istəyirdi və mənə inanırdı. Ümumiyyətlə  o, bir rəhbər kimi bütün yaradıcı heyyəti və texniki heyyəti çox istəyirdi və onlara lazım olan bütün şəraitləri yaradırdı. Allah ona rəhmət eləsin. Beləliklə, mən artıq 29 ildir ki, Akademik Milli Dram Teatrında aktyor işləyirəm”. Yuxarıda yazdığım kimi o, 1996-cı ildən həmin teatrın  aktyor  heyətinə qəbul olunub və az bir vaxtda teatrın ansambılına daxil olub. Elə az bir zaman müddətində də teatrın səhnəsində bir-birindən maraqlı olan  bu rolları oynayıb: Xalq yazıçısı Elçinin “Ah, Paris…Paris!..” əsərində Eynşteyn,  Xalq şairi Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” tamaşasında  2-ci Tiqran, Xalq yazıçısı  İlyas  Əfəndiyevin  “Dəlilər və ağıllılar” əsərində  Ədhəm Tağıyev,  Xalq yazıçısı  Elçinin “Mənim sevimli dəlim” əsərində Ədəbi işçi, Xalq yazıçısı Elçinin  “Mənim ərim dəlidir”də  Dost,  Mirzə Fətəli  Axundovun “ Lənkəran xanının vəziri”ndə Vəzir Mirzə Həbib, Xalq yazıçısı  Elçinin “Poçt şöbəsində xəyal” əsərində Xəlil, Əməkdar incəsənət xadimi Əli  Əmirlinin “ Köhnə ev” əsərində Kamran Qızılsəs,  Əməkdar incəsənət xadimi  Hidayətin “Bu dünyanın adamları” əsərində  Qulaməli, Xeyrəddin  Qocanın “Hərənin öz payı” əsərində Gülməyən Adam, Cəlil  Məmmədquluzadənin “Ölülər” əsərində  Şeyx Əhməd, Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Nətavan” əsərində Şahzadə, Xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşasında  General,  Cəfər Cabbarlının “Yaşar” əsərində  Əmirqulu, Çingiz Aytmatovun “Əsrə bərabər gün” tamaşasında Müfəttiş, Avqisenti Saqarelinin  “Xanuma” əsərində Kinyaz, Nikolay Qoqolun  “Müfəttiş” əsərində  Bələdiyyə rəisi  və başqaları.

 

Cəfər Namiq Kamal uzun illər Azərbaycan televiziyasında da çox maraqlı rollar oynayıb. Onlardan-  Əfqan Əsgərovun “Qız atası”ında  (Yarik),  Cəlil Məmmədquluzadənin  “Anamın kitabı”nda  (Rüstəm),  Mar Baycıyevin  “Duel”ində  (Əziz), Elçin Mehrəliyevin “Yurd yeri”ndə  (Sədrəddin) və başqaları.

Onun bu yaradıcılığı  dövlət tərəfindən də layiqincə qiymətləndirilib. Belə ki, Cəfər Namiq  Kamal (Əhmədov)  2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2003-cü ildən- 2016-cı ilə kimi hər il  Prezident Mükafatı alıb.  2013-cü ildə Azərbaycanın prezidenti cənab İlham Əliyevin əmrilə  Xalq artisti fəxri adına layiq görülüb. Cəfər Namiq Kamal 6 may 2016-cı ildən  Azərbaycan  Respublikası prezidentinin Fərdi Təqaüdçüsüdür. O, bu gün də böyük coşqu ilə bir-birindən maraqlı və Azərbaycan teatr tarixində qalacaq rollara imza atır.

 

Cəfər Namiq Kamalın 75 illik yubileyi işlədiyi Akademik  Milli Dram Teatrında yüksək səviyyədə qeyd olunub. Belə ki, məşhur rus dramaturqu Nikolay Qoqolun “Müfəttiş” əsəri onun benefisi kimi göstərilib. Bu tamaşa tamaşaçıların çox böyük alqışı ilə qarşılanıb. Həmin yubileyin davamı olaraq, 19 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə  Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına səhnəsində Xalq artisti Cəfər Namiq Kamala həsr olunmuş “Maşallah, 75- də gəldi”  adlı yubiley tədbiri keçirilib. Tədbir özünün rəngarəngliyinə görə doğrudan da çox maraqlı keçib.

Tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak etdilər.

Çıxış edənlər - Xalq artistləri Hacı İsmayılov, İlham Namiq Kamal, Mərahim Fərzəlibəyov, Əməkdar incəsənət xadimləri, sənətşünaslıq doktorları Məryəm xanım  Əlizadə, İlham Rəhimli, teatrşünas Çingiz Ələsgərli, telejurnalist-dramaturq Ülviyyə Heydərova və başqaları Cəfər Namiq Kamalın yaradıcılıq yolundan, teatr səhnəsində yaratdığı obrazlardan, xarakterindəki çoxsaylı müsbət keyfiyyətlərdən, ustad aktyor olmasından, oynadığı hər bir rola yaradıcı yanaşmasından və ən əsası isə yaxşı insan olmasından danışdılar. Çıxışlararsı sənətkarın həyat və yaradıcılığını əks etdirən çox maraqlı görüntülər nümayiş olundu. Və hər bir çıxış, göstərilən səhnəciklər də tamaşaçıların gur alqışları ilə qarşılandı. Həmin tədbirdə sənətşünaslıq doktoru, professor İlham Rəhimli hətta vurğuladı ki, “Cəfər Namiq Kamalı bir vaxtlar Moskvadadkı  məşhur Satira Teatrına aktyor işləməyə dəvət ediblər. Amma o, razılaşmayıb və Azərbaycan teatrında işləməyi daha  üstün tutub”.

 

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, “Şöhrət” ordenli Hacı İsmayılovun çıxışı maraqla qarşılandı və  o, çıxışında belə dedi:

-Mən ilk əvvəl Cəfərin böyük qardaşı İlham Namiq Kamalla dostluq etmişəm. Belə ki, bizim onunla dostluğumuz Bakı şəhərindəki  26-lar Mədəniyyət Evindəki Xalq teatrından başlamışdı. Bu kllektivə də o vaxtlar Xalq artisti Lütfi Məmmədbəyov rəhbərlik edirdi. Mən onlardan yaşca böyük olduğuma görə ali məktəbə daha tez girdim. Azərbaycan Dövlət  İncəsənət İnstitutunu bitirəndən sonra orada səhnə danışığı kafedrasında assistent işləyəndə, bir il İlhamın səhnə danışığı müəllimi də oldum. Sonra onunla Akademik Milli  Dram Teatrında bir yerdə işləyirdik. Həmin vaxtı Cəfər Namiq Kamal da Milli Gənc Tamaşaçılar Teatrında aktyor işləyirdi və biz onun oynadığı tamaşalara baxırdıq. Və onun oyunu  çox xoşumuza gəlirdi. 1996-cı ildən Cəfər Akademik Milli Dram Teatrına işləməyə gələndə onun ilk dostluq etdiyi aktyor  mən oldum. Elə həmin vaxtdan da dostluğumuz başladı və bir neçə tamaşada tərəf müqabili olduq. Bunlardan Xalq yazıçısı Elçinin trilogiyası olan “Ah Paris, Paris”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir” tamaşalarında iştirak eləmişik və tərəf müqabili olmuşuq.  Xalq yazıçısı İlyas Əfəndiyevin “Ağıllılar, dəlilər” tamaşası ilə  demək olar ki, Azərbaycanın bütün rayonlarını gəzmişik. Onunla səhnədə tərəf müqabili olmaq çox xoşdur. Çünki o, təkcə özü yox, həm də tərəf müqabilinə rolu yaxşı oynamaqda çox köməklik edir. Bax, bu cəhət də yalnız ustad aktyorlara məxsusdur. Biz onunla elə 1996-cı  ildən yol yoldaşı olmuşuq. Tez-tez  qastrollara getmişik. Həmişə də onun səmimiyyətinə heyran olmuşam. Cəfər öz zəhməti, öz istedadı ilə addım-addım yüksəlib. Bizim Cəfərlə ən əsas işimiz isə gürcü dramaturqu  Avqisenti  Saqarelinin “Xanuma” tamaşasında olub.  Həmin tamaşada  o, Knyaz rolunu  və mən isə  onun köməkçisi Timotini oynayıram. Bilrsiniz ki, cürbəcür aktyorlar var. Elə aktyorlar var ki, tərəf müqabilinə şərait yaratmır ki, o, öz aktyor potensialını, bacarığını gösrərə bilsin.  Amma Cəfərdə  başqa cürdü. O, əslində istəyir ki, tərəf müqabili də  yaxşı, güclü olsun. Və hər ikisi səhnədə güclü görünsünlər. Məhz buna görə də mən onun yaradıcılığına böyük qiymət verirəm. Onun bu yaxınlarda bizim Akademik Milli Dram Teatrında 75 illik yubileyi qeyd olundu.  Orada Nikolay Qoqolun “Müfəttiş” tamaşasını oynadılar. Tamaşa çox yaxşı idi. Cəfər Namiq Kamal isə Bələdiyyə rəisi rolunda çox yaxşı çıxış elədi. Teatr Xadimlər İttifaqının idarə heyyəti belə qərara gəldik ki, Azərbaycan mədəniyyətinin inkişafındakı  və teatr  sənətindəki xidmətlərinə görə, Cəfər Namiq Kamalın 75 illik yubileyində ona “Teatr xadimi” medalı verək. O, bundan əvvəl Teatr Xadimləri İttifaqının fəxri fərmanlarını, “Sənətkar”  medalını da alıb. Onu da vurğulayım ki, Cəfər Namiq Kamal Teatr Xadimləri İttifaqına da həmişə əlindən gələn köməklikləri edib və bizim demək olar ki, bütün tədbirlərdə fəal iştirak edir. Biz də bu gün çalışdıq ki, onun 75 illik yubileyini Cəfər Namiq Kamala layiq keçirək. Mənə elə gəlir ki, buna nail ola bildik.

 

Bir saat yarım davam edən bu tədbir doğrudan da çox maraqlı keçdi. Belə ki, bu tədbirin aparıcısı, Cəfər Namiq Kamalın böyük qardaşı, Xalq artisti, professor, Prezidentin Fərdi Təqaüdçüsü, “Şöhrət” ordenli, Prezidentin Fəxri Diplomunu almış, maraqlı aktyor-rejissor İlham Namiq Kamal bu tədbiri yüksək ovqatda aparırdı.

Və hər cümləsinə maraqlı, yumorlu fikirlər qatmaqla tədbiri daha maraqlı, baxımlı edirdi. Sonda Cəfər Namiq Kamal, bu unudulmaz günü təşkil edənlərə dərin minnətdarlığını bildirdi  və Əhməd Orucoğlunun yazdığı “Məni aldadırlar” monoloqunu  yüksək peşəkar səviyyədə  söyləməklə  tədbirə xüsusi rəng qatdı. Və böyük alqışlarla qarşılandı.

Tədbirin sonunda tarixdə qalmaq üçün xatirə şəklləri çəkildi.

Bu  tədbirdən sonra Xalq artisti, Prezidentin Fərdi Təqaüdçüsü Kazım Abdullayev, Uşaq-Gənclər Teatrının baş rejissoru  İlhamə xanım Əhmədova və Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə xanım Şərifzadə zaldan  birlikdə çıxdıq. Bu tədbir onların da çox xoşuna gəlmişdi və onlar da Cəfər Namiq Kamal haqqında öz ürək sözlərini dedilər:

 

Xalq artisti, Prezidentin Fərdi Təqaüdçüsü Kazım Abdullayevin dedikərindən:

-Biz Cəfər Namiq Kamlla bir yerdə işləyirik. O, həddindən artıq çox səmimi və sadə insandır. Məhz bu keyfiyyətlərinə görə kollektivdə hamı onu çox sevir. Biz onunla bir tamaşada  Avqisenti  Saqarelinin “Xanuma” tamaşasında tərəf müqabiliyik. Tamaşa oynanılan vaxtı bir-birimizi elə yarım sözdən başa düşürük. Ona görə də onunla tamaşada oynamaq çox rahatdır.

 

Xalidə xanım Şərifzadənin dediklərindən:

-Cəfər Namiq Kamalı mən Milli Gənc Tamaşaçılar Teatrında işlədiyi vaxtlardan tanıyıram. Bu teatrda onun oynadığı bir neçə tamaşaya baxmışdım. Sonra o, Akademik Milli Dram Teatrına gəldi və biz bir yerdə işlədik. Onun təkcə gözəl aktyor olmağı ilə birlikdə gözəl insan olduğunu da gördüm. Onun  çox tərbiyəli, böyük-kiçik yerini bilən, xanımlara hörmət elədiyini gördüm. O, öz yaxşılığını heç kimdən əsirgəməyən bir insandır.  Sonra mən Milli Gənc Tamaşaçılar Teatrına aktrisa  işləməyə gələndə burada da Cəfər müəllim haqqında çox xoş sözlər eşitdim. Burada da hamı onun yaxşı aktyor olmasından, böyük insani keyfiyyətlərindən danışırdılar. Sonra onunla televiziya  çəkilişlərində rastlaşdıq. Onun təkcə aktyor kimi yox, həm də insan kimi diqqətcil olduğunun çəkiliş vaxtı da şahidi oldum. Hətta mənə deyirdi ki, “əgər istəyirsinizsə  sizi  teatrın rəhbərliyinə də tapşırım kömək eləsin”. O, sözün əsl mənasında ağsaqqaldır. Ona can sağlığı və bundan sonra da daha maraqlı rollar oynamasını arzu edirəm. Tədbir də çox xoşuma gəldi və axırda onun dediyi monoloq da ürəyimcə oldu. Çünki o, bu monoloqu yüksək, peşəkar səviyyədə dedi.

 

İlhamə xanım Əhmədovanın dediklərindən:

-Mən Cəfər Namiq Kamalı çox istəyirəm. O, gözəl insan və eyni zamanda gözəl, qiymətli, dəyərli sənətkardır. Məni bir televiziya serialına dəvət etmişdilər. Orada dedilər ki, mənim tərəf müqabilim Cəfər Namiq Kamaldır. Çox sevindim. Amma çox da qorxdum ki, belə ustad sənətkarla tərəf müqabili olacam. Mənə dedilər ki, Cəfər müəllim eşidəndə ki, mənimlə tərəf müqabili olacaq, o da  çox sevinib. Cəfər müəllim məşqlərə gələndə elə yaxşı məşq edirdi ki, məni də rolumu oynamağa çox həvəsləndirirdi. Həmin serialdakı bizim hər ikimizin rolu həm rejissorun, həm kollektivin və həm də tamaşaçıların xoşuna gəldi. Bu işin də uğuru Cəfər müəllimin sayəsində oldu. Mən ona bol-bol yaradıcılıq uğurları arzu edirəm. İstəyirəm ki, söylədiyi çox duzlu, məzəli monoloqları ilə tamaşaçıları sevindirsin.  Nə yaxşı ki, bizim belə sənətkarlarımız var. Siz də sağ olun ki, onun haqqında bu yazını yazıb, Cəfər müəllimi tarixdə yaşadırsınız.

 

P. S. Uzun illərdir ki, tanıdığım Cəfər Namiq Kamal haqqında belə istedadlı insanlardan xoş sözləri eşitdiyimə görə sevinirdim ki, xalqımızın onun kimi  ustad sənətkarı var. Məşhur filosof  Fridrix Nitsşenin belə bir maraqlı kəlamı var:             ” Aktyorlar az təriflənməkdən, əsl insanlar isə- az sevilməkdən məhv olurlar”. Ona görə də yaxşı aktyorlar təriflənməli və onlar həmişə təbliğ olunmalıdırlar. Aktyor təriflənəndə və təbliğ olunanda özünə qarşı cavabdehliyi çox  artır  və yeni-yeni maraqlı obrazlar yaratmağa imza atır. Gəlin danmayaq. Bu gün Azərbaycan tamaşaçıları  teatra  əsasən daha çox ustad aktyorların oyununa baxmağa gəlirlər. Mən deyərdim ki, bu da məmələkətimizdə aktyorlara, aktrisalara  olan böyük sevgidən irəli gəlir.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.