Torontodakı “Keçmişin pıçıltıları” Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət”

 

 

Kanadanın Toronto şəhərində Güney Azərbaycanda kənd müəllimi işləyən  Məhərrəm Cavanşirin “Keçmişin pıçıltıları” adlı xatirələr kitabı çap olunubdur. 

 

Toronto universitetinin Türk ədəbiyyatı və tarixi fakültəsinin doktoru, Güney Azərbaycanlı Lalə Cavanşirdən aldığım  informasiyaya görə, “Keçmişin pıçıltıları” adlı xatirələr kitabını nəhayət ki, işıq üzü görübdür. 

Kitab Güneydə kənd müəllimi Məhərrəm Cavanşirin 1973-1983-cü illərdəki xatirələri ilə bağlıdır. Kitab Azərbaycan türkcəsinin əski əlifbası ilə Bayquş nəşriyyatı tərəfindən çap olunubdur və Azərbaycan dilinə tərcümə və redaktəni Doktor Lalə Cavanşir, dizayner Möhsün Hadi, illüstrasiyasını Həbibə Məhəmmədpur işləyibdir. 

Kitab, Lulu.com saytında satışa çıxarılıbdır və İranda yaşayan Azərbaycanlıların isə kitabı necə əldə edəcəkləri haqda yaxın zamanda informasiya veriləcəyi bildirilibdir..

Kütləvi hafizəni canlı tutmaq, başına gələnləri yazılı biçimdə danışmaq, səssizlərin hekayəsini söyləmək milli hərəkətimizin işlərindən biri olmalıdır. Bu əsasda, Məhərrəm Cavanşirin xatirələri olan bu kitab, İranda Pəhləvi rejiminin son illərindən etibarən Muğan bölgəsində və Ərdəbil şəhərinin ətraf kəndlərində yaşayan bəzi hadisələrə işıq tutur. 

Kitab doktor Lalə Cavanşirin artırdığı notlar və açıqlamalar ilə zənginləşdirilibdir və özlüyündə xüsusilə antropologiya, sosiologiya və sosial tarix araşdırmaları üçün bağlantısını oluşdurur. Bu xatirə kitabının əsas mövzuları Muğan bölgəsində insanların çətin həyat şəraiti, işçilərin ədalətsiz durumda çalışması, iqtisadi və ictimai sıxıntılardan qaynaqlanan köç məsələsi, təhsil sistemi və şah dövrü ilə islam respublikası dövrü “Sipahi-daniş” uyğulaması və sair haqda gerçək hadisələrdən ibarətdir.

Qeyd etməliyik ki, Bayquş nəşriyyatı İranda senzuraya, boykota məruz qalan yazar, şair və aydın fikirlilərin azadlıq tribunasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2024)