Azərbaycandakı Ukrayna Ticarət Evindən gözəl təşəbbüs

 

Ali məktəblərin tələbələrinin son kursda indiyədək qazandıqları bilikləri praktik təcrübəylə zənginləşdirmək ənənəsi təbii ki, onlara hədsiz fayda verir. Amma bəzən praktik təcrübələr sırf formal xarakter daşıyır, ya tələbənin seçim istəyi məhdudlaşdırılır, onda keçəcəyi praktik təcrübəyə heç bir maraq olmur, ya da praktik təcrübənin keçirildiyi müəssisə bu işə əhəmiyyətsiz bir iş kimi yanaşıb tələbələrə heç bir fayda gətirmir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məhz bu səbəbdən də Azərbaycandakı Ukrayna Ticarət Evi və ölkənin ən nüfuzlu təhsil ocaqlarından biri olan UNEC-in birgə həyata keçirdiyi təşəbbüs diqqətəlayiqdir.

Təcrübəyə göndəriləcək tələbələrlə onları qəbul edəcək müəssisənin səlahiyyətli şəxslərinin görüşü UNEC-də baş tutub. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan – Ukrayna dostluq qrupunun rəhbəri, elmlər doktoru, professor Rüfət Quliyev, Azərbaycandakı Ukrayna Ticarət Evinin Baş direktoru, elmlər doktoru, professor Əlibala Məhərrəmzadə, “Ataşah” ticarət markasının təmsilçisi, “Ataşah 2020” MMC-nin baş meneceri Paşa Məcidov, UNEC-in Təcrübənin təşkili şöbəsinin müdiri L.N.Nəzirzadə, "İqtisadiyyat və idarəetmə" fakultəsinin dekan müavini M.Ə.Əliyev, "Mühəndislik və tətbiqi elmlər" kafedrasının müəllimi, "Qida mühəndisliyi" ixtisası üzrə bölmə rəhbəri M.H.Məhərrəmova, Təcrübənin təşkili şöbəsinin mütəxəssisi S.F.Məmmədova və universitet tələbələri iştirak ediblər. Çıxışçılar tələbələrin praktik təcrübəsinin rolundan, bu işi düzgün qurmağın səmərəliliyindən, ali təhsil ocaqları ilə müəssisələrin qarşılıqlı əməkdaşlığının həm tələbələrin bilik səviyyələrinin yüksəlməsində, həm də onların işlə təmin olunmasında faydasından danışıblar.

Görüşün nəticəsi kimi 20 seçilmiş tələbə öz praktik təcrübəsini keçmək üçün Ukrayna Ticarət Evinə göndəriş alıb.

Əlavə olaraq, Bakı Biznes Universitetinin də  sonuncu kursda oxuyan və təcrübə keçəcək tələbələrlə görüş keçirilib, 7 seçilmiş tələbə Ukrayna Ticarət Evində hazırda təcrübə keçir. 

“Ataşah 2020” MMC-nin baş meneceri Paşa Məcidov əməkdaşımıza söyləyib:

-İndiki gənclər əvvəlkilərdən daha fəaldırlar, sadəcə, onlara dəstək olmaq, onları yönləndirmək bizim müqəddəs borcumuzdur. Ukrayna Ticarət Evi də, “Ataşah” MMC də bu missiyanı yerinə yetirməkdə israrlıdır. 

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)