"Rahiblərin yaşadığı yer", sadə münxenlilərin prioritetləri və Paşinyana növbəti dərs Featured

Ölkə prezidentinin çəkiliş qrupunun əməkdaşı Vüsal Mətləbin Münxendən “Ədəbiyyat və incəsənət” portalı üçün xüsusi reportajı

 

 

Münxen! Avropanın ən böyük iqtisadiyyatına malik ölkənin ən zəngin şəhəri adlandıra bilərik buranı. Məsələ burasındadır ki, Münhen dünyada ən yüksək həyat səviyyəsinə malik olan şəhərlər sırasında 8-ci, Almaniyada isə ilk yerdə qərarlaşır. Münhen həm də hər il fevral ayında dünya liderlərinin təhlükəsizlik konfransına evsahibliyi edir.

 

Qədim tarixə malik Münxen şəhəri xüsusilə orta əsrlərdə almaniyada intibahın mərkəzlərindən birinə çevrilir. İkinci dünya müharibəsi dövründə isə şəhərin bəxti gətirmir  - Münxen müharibənin davam etdiyi 6 il ərzində 71 dəfə bombalanır. Ancaq müharibədən sonra almanlar şəhəri bərpa etməyə müvəffəq olurlar - özü də tarixi görkəmini saxlamaqla.

 

1957-ci ildə Münhenin əhalisi 1 milyon nəfəri ötür. 1972-ci il Yay Olimpiya Oyunlarının Münhendə keçirilməsi isə şəhərin beynəlxalq nüfuzunu artırır.

 

Münhen əhalisinin təxminən 20-25 faizi immiqrantlardan ibarətdir. Tez-tez türk dilində danışan adamlara rast gələ bilərik. Məsələ burasındadır ki, immiqrantlar arasında türklər ilk yerdədir. Eyni zamanda xorvatlar, serblər, yunanlar və italyanlar çoxluq təşkil edir. 

 

Münhen həm də dünyaca məşhur istedadların vətənidir. Bəstəkar Ştraus, Nobel mükafatı laureatı kimyaçılar- Otto Fişer, Buxner və futbol həskarları üçün deməliyəm ki, Frans Bekenbauer, Filip Lamm, Markus Babel kimi top ustaları məhz Münhendə doğulublar.

 

***

 

1962-ci ildən keçirilən Münxen Təhlükəsizlik Konfransı dövlət və hökumət başçılarını, siyasətçiləri, müdafiə elitasını bir araya toplayan əhəmiyyətli platformadır.

 

Yarandığı ilk illərdən Konfrans beynəlxalq formata hesablansa da əsasən Almaniya, ABŞ və NATO-ya üzv olan digər dövlətlərdən olan iştirakçıların  görüşdüyü bir məkan idi. Görünür, buna görədir ki, konfrans çox vaxt "transatlantik ailə görüşü" adlandırılırdı. Sonralar isə bu platforma öz coğrafiyasını genişləndirməyi bacardı. Bu il isə Rusiya-Ukrayna münaqişəsi və İranın Rusiyaya dəstəyi nəzərə alınaraq, Rusiya və İran Münxendən dəvət almamışdılar. Onların əvəzinə təşkilatçılar bu ölkələrin müxalifətini görmək istəyib.

 

Moskva və Tehransız qlobal dialoq əvvvəlki ranqda olmasa da, hər halda gerçəkləşdi: Beləliklə, 70-dən artıq ölkədən 450-dək qonaq Münhendə qlobal təhlükəsizlik məsələlərini, təhdidləri və perspektivləri saf-çürük etdi.

 

Azərbaycan prezidenti ardıcıl olaraq Konfransa dəvət olunur və bu platformadan Bakının regional və qlobal çağırışlara yanaşmasını, sülh və təhlükəsizlik üçün zəruri olan addımlar barədə baxışını beynəlxalq ictimaiyyətə çatdırır.

 

2020-ci ildə Azərbaycan liderinin Ermənistan baş naziri ilə debatı isə yəqin ki, uzun illər xatırlanacaq - Azərbacyan Prezidentinin master klassı təkcə intellektual və diplomatik masada müqayisəyə gəlməz fərqi ifadə etmirdi, həm də həqiqətin, tarixin və bugünkü reallıqların detallaşdırılmış şəkildə aydınlaşdırılması idi. Bu debat eyni zamanda Paşinyanın əsaslı arqumentlər qarşısında fiaskosu idi.

 

***

 

Rusiya-Ukrayna münaqişəsinin başlanmasından sonra onsuz da kövrək olan qlobal təhlükəsizlik arxitekturasında nəzərəçarpacaq çatlar üzə çıxdı, indi faktiki olaraq yeni dünya düzəni formalaşmaqdadır. Münaqişənin başlanmasından 1 il ötür və bu ərəfədə dünya liderləri Avrasiya məkanındakı yeni təhdidləri, təlatümləri Münxendə nəzərdən keçirib və çıxış yolları axtarıblar.

 

Münhen Təhlükəsizlik Konfransı ilk növbədə transatlantik və Avropa coğrafiyasındakı vəziyyəti nəzərdən keçirir, ancaq xüsusilə son illərdə bu platforma qlobal gündəliyin əsas istiqamətlərinə də diqqət ayırır. Çünki Avropanın, ümumilikdə transatlantik məkanın təhlükəsizlik məsələsi qlobal sülh və təhlükəsizlikdən ayrılıqda natamam görünür. Və Təşkilatçılar rəsmi və qeyri-rəsmi dialoqlarda bütün müvafiq maraqlı tərəfləri əhatə etməyə çalışırlar.

 

Azərbaycan liderinin ənənəvi olaraq, eləcə də bu il Münxen Təhlükəsizlik Konfransında iştirakı təsadüfi deyil. Çünki bu gün Bakı faktiki olaraq təkcə regional güc mərkəzi deyil, qlobal proseslərin iştirakçısı, bir çox hallarda isə tənzimləyici gücünə çevrilir.

 

Builki Münhen Konfransı Cənubi Qafqaza münasibətdə yeni vəziyyəti müzakirə edirdi: söhbət Azərbaycann 44 günlük Vətən müharibəsindən sonra yaratdığı postmünaqişə reallıqlarından və Bakının 2 ildən artıqdır ki, üzərində işlədiyi sülh gündəliyindən gedir. Münaqişə həllini tapıb, indi Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasının vaxtıdır və Azərbaycanın təklif etdiyi 5 baza prinsipi danışıqların əsas predmetidir. Münxendə də bu istiqamətlər diqqət mərkəzində idi.

 

Prezident İlham Əliyev: "Biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Sadəcə, məlumat üçün sizə bildirim ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, "naqorno" dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur".

 

Münxen Təhlükəsizlik konfransında Qarabağdakı ermənilərin hüquqları ilə bağlı verilən mesajlar üç auditoriyaya hesablanmışdı. Birincisi, beynəlxalq ictimaiyyət və xüsusilə vasitəçilər, ikincisi Qarabağdakı ermənilər, üçüncüsü Vardanyan və onun havadarlarına.

 

Prezident İlham Əliyev: "Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, "ixrac edilmiş" düzgün ifadə deyil, mən yəqin ki, "gizli yolla keçirilmiş" ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir".

 

***

 

Baxmayaraq ki, Münxen hərbi-siyasi məsələrlərin müzakirə olunduğu mühüm platformaya evsahibliyi edir, bu sadə münxenliləri öz prioritetlərindən yayındırmır, əylənmək üçün mütləq səbəb tapırdılar.

 

Şənbə günü saat 21.00-da nəinki açıq market, heç aptek tapa bilmədik. Restoranlarda, bar və diskotekalarda isə adam əlindən tərpənməyə yer yox idi...

 

 

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)