Bu xarabalıqmı “Dövlət tərəfindən qorunur”?! Featured

Köçürülmüş Qıraq Kəsəmən kəndinin sakini Bəxtiyar Babayev vətəndaşlıq mövqeyi nümayiş etdirərək həyəcan təbili çalıb. O, Baku TV-nin əməkdaşlarına çox əhəmiyyətli bir mövzu ilə bağlı müraciət edib, Baku TV də bölgəyə çəkiliş qrupu göndərərək süjet hazırlayıb və yayımlayıb. Söhbətimiz bu süjet barədədir. 

 

Süjetdə bir vaxtlar gördüyü işlərlə bütün Qazax qəzası, Borçalı, Göyçə mahalları, Gəncə və İrəvan quberniyalarında böyük nüfuz qazanan İsrafil Ağaya məxsus, bir vaxtlar Qazax mahalının Qıraq Kəsəmən kəndində vüqarla ucalan imarətin baxımsız vəziyyəti göstərilir və bu, həqiqətən də ürək dağlayır. Kəndin ən hündür yerində ucaldılan, dörd istiqamətdə aynası, iki istiqamətdə çıxışı olan, dövrünün möhtəşəm sarayının hazırda uçuq-sökük divarları qalıb.

 

Dərhal oxucularımıza zəruri bir qeyd bildirək ki, Qıraq Kəsəmən kəndi zamanında çox böyük kənd olub, XIX əsrin əvvəllərində orda iki minə yaxın ev olub. Buna görə də kəndə min evli Kəsəmən də deyilib. Ötən əsrin 60-cı illərində kənddə Su Elektrik Stansiyasının tikilməsi səbəbi ilə əhali köçürülüb. Sovetlərin mənfur siyasəti qədim tarixi və ənənəsi olan böyük bir kəndin sonunu gətirib. Hazırda yurdda qalan yeganə tikili İsrafil Ağanın baxımsız mülküdür. Abidənin üzərində “Dövlət tərəfindən qorunur” sözləri yazılsa da, burda dövlətin nəyisə qorumasından söhbət belə gedə bilməz. Təkrar edirik ki, mülk xarabalığa dönüb. 

 

Bəxtiyar Babayevin məlumatından bəlli olur ki, binanın inşası XIX əsrin sonunda başa çatıb. Bina dövrünə görə əlçatmaz sayılan kirəc və əhəng südünün qarışığından inşa olunub. Sovet hakimiyyəti qurulduqdan sonra tikilidən tibb məntəqəsi, kitabxana, klub kimi istifadə edilib. 

Qıraq Kəsəmən kəndində böyük xeyriyyəçilik və abadlıq işləri görən, məscid və məktəblər tikdirən İsrafil Ağanın evinin bu gün bərpaya ehtiyacı var.

Məsələ ilə bağlı Baku TV-nin əməkdaşları Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə də müraciət ediblər, Dövlət Xidmətindən bildirilib ki, sözügedən evin bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlər görülməsi nəzərdə tutulub.

Təki həqiqətən də tədbir görülsün. 

Bizim isə sözümüz Qazax-Akstafa bölgəsinin ziyalılarınadır. İsrafil Ağanın yadigarına yiyə durun!

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)