Sumqayıtdakı erməni qonşular, erməni kilsəsi və alman qəbiristanlığı Featured

Vüsal Məmmədov yazır

 

 Müharibələr əbədi olmur. Tarix göstərir ki, hətta ən qatı düşmən mövqedə dayanan ölkələr belə hansısa mərhələdə kompromislər axtarışına çıxır və toqquşmaları, ziddiyyətləri geridə qoyurlar. Müasir beynəlxalq münasibətlər sisteminə diqqət yetirsək, görərik ki, çox uzun illər müharibələr aparmış dövlətlər  bu gün hətta tərəfdaşlar kimi çıxış edirlər.

 

Yaponiya-Çin, ABŞ-Yaponiya, Birinci və İkinci Dünya Müharibələrində bir-birilə qanlı savaşlar aparmış Almaniya və Fransa, eləcə də 100 illik müharibənin tərəfləri - İngiltərə və Fransanı bu gün müttəfiqlik münasibətləri bağlayır.

Bəli, ABŞ da öz müstəqlliyini İngiltərədən müharibə ilə qoparıb, ancaq hazırda London Ağ Evin ən yaxın dostudur. Və ya uzaq Roma imperiyası dövrünə qayıtmadan xatırlada bilərik ki, İtaliya II Dünya müharibəsi zamanı Mussolini hakimiyyəti altında Avropanı işğal edirdi. İndi isə İtaliya Aİ-nın əsas dayaqlarından biri kimi Avropanın zəif iqtisadiyyatlı ölkələrinə yardımını əsirgəmir.

Cənubi Qafqaz da zaman-zaman müharibələrə, toqquşmalara şahidlik etsə də bu məkanda xalqların birgəyaşayışına dair çoxsaylı faktar mövcuddur. Bunun praktik olaraq mümkünlüyünü ən yaxın keçmişdə sovet ittifaqının təcrübəsində görmüşük. İttifaqın zəifləməsi ilə Ermənistanda baş qaldıran "miatsum" arzuları təəssüf ki, bölgədə 30 il davam edən münaqişənin meydana gəlməsi ilə nəticələndi. Azərbaycanlıların Ermənistandan, dədə-baba yurdlarından, Qarabağ və Şərqi Zəngəzurdan deportasiyası fəlakətdolu bir qərinənin başlanğıcına çevrildi.

Nəhayət, Azərbaycan Ordusunun 30 il sonra tarixi ədaləti bərqərar etməsi yalnız beynəlxlq hüququn təmin olunması deyil, həm də region üçün qalıcı sülh, birgəyaşayış, əməkdaşlıq və inkişaf zəmini yaradıb.

Prezident İlham Əliyev deyir: "Müharibə başa çatıb və biz artıq kitabın o səhifəsini bağlamalıyıq, gələcəyə baxmalıyıq. Nikbinliyə səbəb olan digər amil odur ki, qonşularımız da bizim fikirlərimizi bölüşürlər.

Çünki postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır".

Azərbaycan xalqının tolerant, multikultural ənənələri burda əsrlər boyunca bütün xalqların namayəndələrinin mehriban yaşayışını təmin edib. Eləcə də ermənilərin.

Prezident İlham Əliyev: "1982-ci ildə mərhum atamla birlikdə Dağlıq Qarabağa - Şuşaya getmişdik. Bizim böyük şairimiz Vaqifin məqbərəsi açılırdı. Bu məqbərənin açılışı mərasimində erməni və Azərbaycan şairləri şeirlər deyirdilər, Azərbaycan dilində, erməni dilində. O bir dostluq bayramı idi. Yəni, o, mənim şahidi olduğum mənzərədir. Bizim Bakı şəhərində ermənilər yaşayırdı. Yəni bizim heç bir problemimiz yox idi".

Bakıdakı erməni kilsəsini hamımız görmüşük. O, yalnız tarixi abidə deyil, həm də Azərbaycanın xalqının tolerantlığını göstərən nümunələrdən biridir. İşğalçı Ermənistan azərbaycanlıları deportasiya edəndə, qıranda, Qarabağda bütün abidələrimizi yerlə bir edəndə də Azərbaycan xalqı qisasını tarixi abidələrdən almadı. 1863-69-cu illərdə tikilən bu binada bu gün 5000 minədək erməni dilində kitab saxlanılır.

Dərhal xatırladaq ki, ermənilər Qarabağda 67 məsciddən 65-ni tamamilə, ikisini isə qismən dağıdıb, dini abidələrimizi - bunu ifadə etmək hər nə qədər acı olsa da, donuz tövləsinə çevirmişdilər.

***

Hətta Birinci Qarabağ müharibəsindən sonra da Azərbaycanda ermənilərin yaşaması tolerantlığın Azərbaycan modelinin daha bir göstəricisi idi. Çünki Azərbaycanlılar günahsız erməniləri də bu müharibənin, xalqın beynini təhlükəli  ideologiya ilə zəhərləmiş siyasi hakimiyyətin qurbanı kimi qəbul edirdirlər.

***

Mənim böyüdüyüm Birləşmiş Məhəllə (7-8-12-ci kvartal) Sumqayıtın ən köhnə məhəllələrindən biridir. Sovet dövründə ermənilərin şəhərdə ən sıx məskunlaşdığı məhələlərdən idi. Böyüdüyüm binada müharibədən sonra da ermənilər yaşayırdı. Və biz onlara heç bir etnik mənsubiyyət fərqi qoymadan münasibət göstərirdik, onlarla qonşular arasında heç vaxt heç bir münaqişə yaşanmamışdı.

***

Erməni cəmiyyəti türklərin guya onlara qarşı soyqırımlar törətməsi,  nə vaxtsa "Böyük Ermənistan"a sahib olmaları, bölgənin aborigen xalqı kimi uydurma ideologiyanın qurbanıdır. Bu ideologiyanı Ermənistan müstəqillik qazandıqdan sonra da öz siyasi-merkantil maraqları üçün istifadə edən oyunbazlar erməni xalqını və dövlətini sadəcə, iflasa, min bir məhrumiyyətlərə məhkum ediblər.  Azərbayanlılarla barışıq barədə danışan siyasətçilər linç edilib, ən yaxşı halda hakimiyyətdən uzaqlaşdırılıb. Bunun praktik nümunəsi Levon Ter-Petrosyanın təcrübəsində yaşanmışdı. Petrosyan ölkəsinin Dağlıq Qarabağ münaqişəsində əvvəl-axır güzəştlərə getməli olduğun deməsi onun prezidentlik karyerasının sonuna çevrilmişdi. O, sonrakı çıxışlarının birində də təxminən eyni tezisləri bu formada təkrar edirdi: "Nə qədər ki bu məsələ həll olunmayıb, nə qədər ki bizi boğan blokada ləğv olunmayıb, nə qədər ki, qonşularımızla münasibətlərimiz sahmana salınmayıb və ölkəmiz regional və beynəlxalq strukturlara inteqrasiya olunmayıb, Ermənistanın müasir dünya tələblərinə uyğun inkişaf etməyə və guclənmyəyə imkanı olmayacaq... Ermənistanın daha 20, 30, 40 il status-kvonu qoruyub saxlamağa imkanı varmı? Öz iqtisadiyyatını inkişaf etdirməyə, blokadaları və blokadaların doğurduğu maneələri dəf etməyə onun resursları kifayət edərmi? Və, nəhayət, ölkəmiz Azərbaycanla rəqabətə tab gətirə bilərmi?"

***

Aqressiv ritorika ilə prezident kreslosunu ələ keçirən Koçaryan isə müsahibələrindən birində Ermənistan-Azərbaycan münaqişəsi barədə danışarkən "Ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğu barədə" Hitlerin yəhudilərə yanaşmada nümayiş etdirdiyi faşist postulatı təkrar edirdi. Üçüncü Prezident Sərkisyan da cəmiyyəti eyni əhvala kökləməkdə idi. Halbuki, Serjik azərbaycanlılarla birgə yaşayışın mümkünlüyünü sələflərindən daha yaxşı bilirdi, ancaq xisləti və siyasi ambisiyaları ona mane olurdu.  

***

Paşinyan komandası da sülh gündəliyini bir kənara qoyub, "Qarabağ Ermənistandır, nöqtə" və "yeni ərazilər uğrunda yeni müharibədən" dəm vurdu. Ancaq hər halda Azərbaycan Ordusunun 44 günlük nida işarəsi ədaləti bərpa etməklə yanaşı qalıcı sülh üçün də tarixi fürsət formalaşdırıb.

Bəli, müharibədən sonra Azərbaycan birgəyaşayış çağırışları edir, sülh və əməkdaşlığın bütün bölgə xalqlarının rifahına xidmət edəcəyinə inanır. Eyni zamanda dünyanın müxtəlif yerlərində Azərbaycan və ermənilərin birgə yaşamaq təcrübəsinin burda da mümkün olacağına əminlik ifadə edir.

Prezident İlham Əliyev xarici jurnalistlərdən biri ilə söhbətində xatırladır: "Siz qonşu Gürcüstanda ermənilərin və azərbaycanlıların bir yerdə, eyni kənddə yaşadığı kəndlərin olduğunu bilirsiniz? Onlar Rusiyada, Ukraynada bir yerdə yaşayırlar. Onlar dünyanın bir çox digər yerlərində də  bir yerdə yaşayırlar. Dünyadakı vəziyyəti indi müşahidə etsəniz, Qərbdə bəzi ermənipərəst mitinqlərdən başqa ermənilər və azərbaycanlılar arasında vəziyyət sakitdir. Nəyə görə onlar orada yaşaya bilərlər, lakin burada yaşaya bilməzlər?"

***

İkinci Qarabağ mühribəsindən öncə xalq diplomatiyası yolu ilə qarşılıqlı etimadın yaradılmasına cəhdlər dəfələrlə olmuşdu. Ancaq işğal faktının davam etməsi fonunda bu, real görünmürdü və təsadüfi deyildi ki, həmin təşəbbüslər heç bir effektiv nəticəyə gətirib çıxarmadı. Ancaq münaqişənin tarixə qovuşmasından sonra qarşılıqlı səfərlər də, etimad tədbirləri də daha ümidverici görünür.

Baxmayaraq ki, erməni cəmiyyətində ağır məğlubiyyətdən sonra yeni reallıqla barışa bilməyən revanşist və aqressiv kəsim hələ ki, mövcuddur.

***

44 günlük müharibə erməni cəmiyyətində sosial-iqtisadi problemlər üzündən yaranmış apatiyanı ciddi şəkildə dərinləşdirdi. Cəmiyyətinin böyük bir kəsimi müharibənin bitməsindən il yarım keçsə də, psixoloji dramdan çıxa bilmir. Vəziyyətə anlaqlı yanaşanları isə cəmiyyətin radikal hissəsi qəfəsə salınmış meymunlar üzərində aparılan məşhur ekspermentdəki kimi neytrallaşdırırlar.

Azərbaycan Qarabağ ermənilərini də öz vətəndaşları kimi qəbul edir. Beləliklə, reinteqrasiyanın başlanması üçün artıq rəsmi siyasi iradə mövcuddur.

Azərbaycan xalqının tolerantlığı özünü bütün mədəniyyətlərə münasibətdə göstərir. Sumqayıtda Alman qəbiristanlığı da bunun daha bir təzahürüdür. 1941-45-ci illərdə əsri düşmüş və sonradan vəfat etmiş almanlar burada dəfn edilmişdi. Və üstündən 80 ilə yaxın vaxt keçməsinə baxmayaraq bu qəbiristanlıqda bir daş da yerindən tərpədilməyib. Və qəbiristanlığı qorunması üçün hansısa xüsusi mühafizə sistemi tətbiq edilməyib. Yəni yerli camaat qəbirləri qoruyub. Bu fakt özlüyündə əslində, bütün dünyaya çox və olduqca çox şey deyir.

 

“Ədəbiyyat və incəsənət”