Boluda Koroğlunun abidəsi – TÜRKSOY-un böyük töhfəsi Featured

“Ədəbiyyat və incəsənət” portalı Türk dövlətləri mədəniyyətinin təbliğinin vahid mərkəzi olan TÜRKSOY-un fəaliyyət xronikasında ən əhəmiyyətli səhifələri təqdim etməkdə davam edir.  Bu gün sizlərə Türkiyənin Bolu şəhərində Koroğlu abidəsinin açılışını işıqlandıracağıq...

Rubrikanı Habil Yaşar aparır

 

Türkiyənin Bolu şəhərindəki Koroğlu parkında xalq qəhrəmanının nəhəng abidəsi 2019-cu ilin Martın 19-da ucaldılıb. Həmin gün Bolu bələdiyyəsi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə təşkilatçılığı ilə Novruz şənliyi və abidənin təntənəli açılış mərasimi keçirilib.

Tədbirdə Türkiyədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, rəsmilər, türkdilli ölkələrdən gələn qonaqlar, Boluda təhsil alan xarici tələbələr, yerli ictimaiyyətin nümayəndələri və mətbuat təmsilçiləri iştirak ediblər.

Rəsmi hissədə Bolu bələdiyyə başqanı Ələddin Yılmaz, Bolu valisi Əhməd Ümid, TÜRKSOY-un ovaxtkı baş katibi Düsen Kaseinov, Qazaxıstan Rəssamlıq Akademiyasının prezidenti Amandos Akanayev və Koroğlu abidəsinin müəllifi, Qazaxıstanın tanınmış heykəltəraşı Murad Mansurovun çıxışları dinlənilib.

Açılış nitqi ilə çıxış edən Düsen Kaseinov bildirib ki, türksoylu xalqların ortaq milli dəyəri olan Koroğlunun Boluda möhtəşəm abidəsinin ucaldılması ümumiləşdirilmiş şəkildə xalq qəhrəmanlarımıza ehtiramın göstəricisidir: “Koroğlu türksoylu xalqlarda nəsillərin formalaşmasına böyük təsir göstərən əbədi qəhrəmandır. Xalqlarımız bundan sonra da Koroğlunun qəhrəmanlıq obrazından iftixar duyacaqlar. Buraya gələn qonaqlar bu abidəni seyr etməkdən zövq alacaqlar”.

Bələdiyyə başqanı Ələddin Yılmaz bildirib ki, Koroğlu deyəndə Bolu, Bolu deyəndə Koroğlu yada düşür: “Arzu edirik ki, Koroğlunu xalq qəhrəmanı kimi sevən bütün insanlar, o cümlədən, azərbaycanlılar şəhərimizə gəlib burada ucaldılan möhtəşəm abidəni görsünlər. Bu abidənin ucaldılması tarixi hadisədir. Əminəm ki, Türk dünyasının ayrı-ayrı məkanlarından, eləcə də Azərbaycandan gətirilən əsərlər Boludakı Koroğlu muzeyini daha da zənginləşdirəcək”.

Abidənin müəllifi Murad Mansurov TÜRKSOY-un təşəbbüsü ilə həyata keçirilən layihənin tarixi əhəmiyyətini vurğulayaraq qurumun rəhbərliyinə və münsiflər heyətinə minnətdarlığını bildirib: “Koroğlu türksoylu xalqları birləşdirən, haqqında iftixarla danışdığımız ortaq bir el qəhrəmanıdır. Bu möhtəşəm abidənin müəllifi olmaq mənim üçün sevindirici və qürurvericidir”.

Sonra mərasim geniş bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, Koroğlu abidəsinin ucaldılması TÜRKSOY-un təşəbbüsü ilə 2016-cı ildə elan edilən müsabiqə əsasında həyata keçirilib. TÜRKSOY-da təşəbbüs isə məhz qurumun Azərbaycan təmsilçisi Elçin Qafarlıya məxsus olub.

Müsabiqədə 11 layihə iştirak edib. Münsiflər tərəfindən qazaxıstanlı heykəltəraş Murad Mansurovun layihəsi qalib seçilib.

Abidənin yerləşdiyi Koroğlu parkının ərazisi 100 min kvadratmetrə (10 hektar) yaxındır. Abidə Qazaxıstanda düzəldilib və hissələrlə Boluya gətirilərək quraşdırılıb. Abidə kompleksinin altında Koroğlu muzeyi və sərgi salonu yaradılmalıdır. Muzeydə türkdilli ölkələrdə Koroğlu ilə bağlı yaradılan ən dəyərli əsərlərin sərgilənəcəyi elan edilib. Amma təəssüf ki, bu öhtəliyi götürən Bolu Bələdiyyəsi hələ də sözünə əməl etmir.

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2023)