Xəyal idi, gerçək oldu– ORTAQ TÜRK ƏLİFBASI Featured

“Ədəbiyyat və incəsənət” portalı yanınmış publisist, hazırda Türkiyədə yaşayan İbrahim Nəbioğlunun günümüzün əsas hadisələrindən biri olan ortaq türk əlifbasının qəbul edilməsi mnasibətilə yazdığı məqaləsini təqdim edir. 

 

Beynəlxalq Türk Akademiyası ilə Türk Dil Qurumunun 9-11 sentyabr 2024 tarixlərində Bakıda keçirilən “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın iclası bitməmiş kimi yer yerindən oynadı. 

İşin məğzini, tarixi önəmini anlamayan bəzi insanlar “Yeni əlifbaya keçirirk” deyə postlar paylaşmağa başladılar. Bu paylaşımları oxuyanlar isə “Axı niyə?” deyə suallar yönəldəndə “hərşeyşünaslar” bu səfər tutarlı cavab verə bilmədilər. 

Bir çoxumuz isə həyəcanla tablodakı 34 hərfi incələməyə başladıq. 

Kimi əlifbada “Gg” hərfini axtarır, kimi də çaşqınlıq içində “Üü” hərfinin nə üçün iki şəkildə – üstü iki nöqtəli və üstü “papaqlı” olduğunu sorur, bəziləri də içi mən qarışıq “Ww” hərfinə etiraz edirdilər…

 

*

İclasın ikinci günündə monitordan çəkilən fotonu icazəsiz sosial şəbəkədə paylaşanlar həm Türk, həm də Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratdılar. İclasın Qazax, Qırğız və Özbək iştirakçıları üçün hazırlanmış o cədvəldə hərflərin önünə mötərizə içində onların Kirildəki qarşılığı qoyulmuşdu. Bu cədvəl nə mətbuat üçündü, nə də yekun sənəd idi. 

Sensasiya naminə paylaşılan o cədvəl sadəcə olaraq bir işçi variantı, “qaralama” idi.

İclas zalından onu yayanlar öz “professionallıqlarını” göstərmiş oldular. 

Bu yazını yazmağa da məni onların bu qeyri-peşəkarlığı vadar etdi…

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Shahin Mustafayevə yazdım, bu böyük hadisə ilə bağlı təbrik etdim. 

Bu gün isə telefonda danışdıq əziz dostumla, may ayında İstanbuldakı görüşümüzü, 1926-da Bakıda saçılan qığılcımdan 1991-dəki Ortaq Əlifba simpoziumuna, oradan da günümüzə qədər olan dolanbaclı yollar haqdakı söhbətimizi xatırladıq. 

Layihə haqda çoxlu suallar verdim.

Öyrənmək istəyirdim hər detalı.

Şahin Mustafayev da təsdiq etdi ki, paylaşılan Əlifba işçi variantdır və Ortaq Türk Əlifbasının son halı deyil.

Maneələr, əngəllər, qazanılan uğurun sadəcə elmi tərəfinin deyil, diplomatik qanadından danışdıq.

Bildiklərim haqda ətraflı yazma zamanının hələ gəlmədiyini düşünürəm.  

Ortaq Əlifbanın hazırlanmasında üzərində israrla durulan üç başlıca prinsipi xatırlatmaq istəyirəm:

 

1.Bir fonem (səs) bir hərflə ifadə edilməlidir;

2.Eyni fonemlər eyni hərflə ifadə edilməlidir;

3.Müxtəlif türk dillərindəki səs zənginliyi mümkün olduğu qədər qorunmalı və əlifbada öz əksini tapmalıdır.

 

Şahin Mustafayev xeyli əvvəl qəbul edilmiş Özbək əlifbasının bəzi natamamlığına işarə edərək 1-ci prinsiplə bağlı “ç”, “ş” kimi səslərin ancaq bir hərflə ifadəsinin vacibliyində israr etdiyini deyir. Bu problem haqda o, hələ keçən may ayında İstanbula səfəri zamanı mənə necə çətinliklə qarşılaşdıqlarını demişdi. Türklərlə birgə bizim alimlər “ç” səsinin “ch”, “ş”nin isə “sh” kimi ifadə edilməsinə kəskin şəkildə etiraz ediblər;

“Ä” hərfi ətrafındakı müzakirələr də qazaxlar köhnə əlifbalarında (Kiril) “Ə” hərfinin olmasına baxmayaraq üstü iki nöqtəli “Ä” hərfini istəyiblər;

“V” hərfinin olmasına baxmayaraq “W” də təklif olunsa da bu “qanadlı dabl yu” da əlifbadan çıxarılır;

“Ü” hərfi olmasına rəğmən qazaxların istəyi ilə üstündə tilda işarəsi (~) olan “u” hərfi əlifbada yer alıb…

Göründüyü kimi hər ölkə öz səs zənginliyini, kaloritini qorumaq, müdafiə etmək üçün ciddi müzakirələr aparıb. Ancaq ortaq məxrəcə də gəlmək asan olmayıb. 

Biz türklərdə isə bu ‘’ortaq məxrəc’’ necə çətin məsələdir, bilirsiz. 

Bu da Ortaq Əlifbanın ərsəyə gəlməsinin qiymətini, önəmini qat-qat artırır.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan və Türk əlifbaları olduğu kimi qalacaq;

Ortaq Türk Əlifbası Kiril əlifbasından Latın əlifbasına keçəcək Qazaxıstan, Özbəkistan, Qırğızısatan, habelə tatarlar, başqırdlar, qaraqalpaklar, balkarlar və onlarla digər türk xalqları üçün əsas olacaqdır… 

 

*

Beləliklə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyəni təmsil edən alim və mütəxəssislərdən ibarət Komissiya üzvləri ümumi razılığa gələrək 34 hərfdən ibarət Ortaq Əlifba layihəsini Bakıda yekdilliklə təsdiq etdilər. Növbəti mərhələdə layihənin qəbul olunması üçün Türk Dövlətlər Təşkilatı vasitəsi ilə Dövlət Başçılarına və üzv dövlətlərin əlaqədar qurumlarına göndəriləcək.

Bütün daxili və xarici təzyiqlərə, maneələrə rəğmən tarixi bir uğurdur bu Əlifba. 

Əsası 33 il əvvəl – 18-20 noyabr 1991-də İstanbulda keçirilən “Çağdaş Türk Alfabesi Sempozyumunda” hazırlanan layihə son şəkli ilə Türk Dünyası tarixində cahanşümul bir hadisəyə çevrildi. 

 

*

Bu gün məşhur türk televizyoncusu Ali Doğana zəng vurdum Ankaraya.

Türklük sevdalısı əziz dostumla 33 il əvvəl o layihə üzərində çalışan görkəmli alimləri andıq.

O heyətdən şəxsən tanıdığım 2 görkəmli alimin adını – görkəmli türkoloq, Türk Dil Qurumu əski Başqanı, Azərbaycanın böyük dostu professor Ahmet Bican Ercilasun və həmyerlimiz, türkoloq, şərqşünas, poliqlot, mərhum professor Vaqif Aslanovun adını çəkmək istəyirəm.

Əminəm ki, 81 yaşında olan Ahmet Bican Ercilasun Hocanı gələcək nəsillər bu gün bizim İsmayıl Bəy Qaspıralını, Əhməd Bəy Ağaoğlunu, Əli Bəy Hüseynzadəni ehtiramla andığımız kimi anacaqlar. O böyük babalarımızın yaydıqları milli birlik ideyası, “Dilde, Fikirde ve İştə birlik” fəlsəfəsi indi daha gur alovlarla yanmağa başlamışdır.

 

"Əgər biz belə getsək, Rusiyadakı türklərin gələcəyi qaranlıqdır" demişdi İsmayıl Bəy Qaspıralı 19-cu əsrin sonlarında. Başda Mirzə Fətəli Axundzadə, İsmayıl Bəy Qaspıralı olmaqla Türk Dünyasının bütün nəhəng düşüncə adamlarının, aydın və bu yolda qirban getmiş, Sibirdə çürüdülmüş millətimizin qaymaqlarının ruhları şad olsun!

Türk Dünyasının Gözü Aydın!

Türklərin Ortaq Əlifbası Qutlu Olsun!

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2024)