Poetik ruhu olan şəhər

Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri, “Ədəbiyyat və incəsənət” üçün

 

 İnsanların kimlikləri onların göstəricilərini özündə əks etdirir, şəhərlərin kimlikləri isə onu qurub-yaradan insanları, tarixi şəxsiyyətləri, siyasi xadimləri, elm adamları, onun tarixini, ədəbiyyatını və sənətini əsərlərində əbədiyyətə qovuşduran insanları ilə bəllənir.

 

Sumqayıtın yaranması, adı, yeri və tarixi haqqında o qədər əfsanələr dolaşmaqdadır ki... Amma bunlar təkcə əfsanə olaraq yaranmayıb. Bu əfsanələr şəhərin yaranması haqqında bəzi həqiqətləri də özündə ehtifa edir. Tarix çox vaxt əfsanələr yaratsa da, özü də bəzən əfsanələrdən yaranır.

75 yaşlı Sumqayıt tarixin xeyli sınaqlarından çıxıb, böhtanla-şərlə üzləşib, azadlığın, müstəqilliyin yolu da ilk dəfə bu şəhərdən keçib. Bu şəhər çox nəsnələrə şahidlik edib. Azərbaycanın azadlığı, torpaqlarının bütövlüyü uğrunda yüzlərlə şəhid verib.Amma öz ruhunu, qürurunu həmişə qoruyub, diri saxlayıb. Elindən-obasından qovulan yurddaşlarına qucaq açıb, onların ağrılarına təsəlli, yaralarına məlhəm olmağa çalışıb.

Sovet hökumətinin zəiflədiyi, ermənilərin yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış elədiyi bir vaxtda, 1988-ci ildə başlanan Qarabağ savaşının ilk zərbəsi də elə Sumqayıta dəydi. Bu şəhərdə çoxsaylı, çoxmillətli insanların yaşadığını bilən, bundan öz çirkin niyyətlərini həyata keçirmək üçün ustalıqla istifadə edən erməni terroristləri təxribat törətməklə Sumqayıtı və sumqayıtlıları dünyaya vəhşi kimi tanıtmaq missiyasını qarşılarına məqsəd qoyaraq, onu məhz Sumqayıtda həyata keçirməyi pıanlaşdırdılar. Bir müddət törətdikləri cinayəti sumqayıtlıların ünvanına yazaraq, dünyaya bəyan etsələr də, bu şəhərin ayıq-sayıq insanlarının, qələm adamlarının səyi nəticəsində əsl həqiqətlər araşdırılıb üzə çıxarıldı və şəhərimizə vurulan ləkə onun üzərindən təmizləndi. Hadisələrlə bağlı faktların araşdırılıb ortaya çıxarılmasında, onların qələmə alınmasında və sənədli filmlərin çəkilib nümayiş etdirilməsində yazıçı-publisist, Əməkdar jurnalist, Eyruz Məmmədovun əməyi danılmazdır.

Sumqayıt öz ənənəsi olan şəhərdir. Burada Azərbaycanın o kəndi, qəsəbəsi, rayonu yoxdur ki, oradan insanlar Sumqayıta üz tutub bu şəhərdə məskunlaşıb, özünə yurd – yuva qurmasın.

Vaxtilə gənclik şəhəri idi Sumqayıt. Axın-axın gənclər orta məktəbi bitirib buraya işləməyə, təhsil almağa gəlirdilər. Üç il, beş il qalıb işləyib, təhsil alıb öz doğma elinə, obasına qayıtmaq ümidilə gələn o qədər gəncləri bu şəhər öz qoynuna çəkib, arzularına qovuşdurub, ev-eşik sahibi edib, çoxlarını adlı-sanlı əmək qəhrəmanı, elm xadimi, siyasi xadim, mühəndis, alim, şair, yazıçı kimi yetişdirib.

Vaxt var idi Sumqayıt az sayda məhəllə və mikrorayonlardan ibarət idi. Bu gün isə şəhərimizartıq öz geniş inkişafı və abadlıq-quruculuq işləri ilə paytaxt Bakıyla yanaşı addımlayır.

Şəhərimiz təkcə elm adamları, tarixi şəxsiyyətləri, siyasi xadimləri, əmək qəhrəmanları ilə deyil, həm də ədəbiyyatı, mədəniyyəti, təhsili, idmanı, sənəti və sənətkarları ilə seçilir.

Uzun müddət respublika ədəbi mühitinə rəhbərlik etmiş Vaqif İbrahimin Sumqayıtda yaşaması, yazıb-yaratması, orijinal şair Əli Kərimin bu şəhərə bağlılığı, Xalq şairi Rəsul Rzanın xüsusi diqqəti burada güclü ədəbi potensialın olduğundan xəbər verirdi.

Ədəbi mühitin yaranmasında, formalaşmasında və inkişafında bir neçə qələm adamının böyük zəhməti və mühüm rolu vardır. İlk olaraq bu ənənənin yaradıcısı mərhum şairimiz Xasay Cahangirov olsa da, sonradan Vaqif İbrahim, Əşrəf Veysəlli və Feyzi Mustafayevin də əvəzsiz xidmətləri olmuşdur. Bu gün imzası Azərbaycanda tanınan Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Ofelya Babayeva, Rafiq Yusifoğlu, Feyzi Mustafayev, Məmməd Aslan, Ağəddin Mansurzadə, Zirəddin Qafarlı, Sabir Sarvan, şeirləri dərsliklərə salınmış Məmməd Namaz, Mir Sabir, Tofiq Məmməd və başqaları məhz bu şəhərdən ilhamlanaraq yazıb-yaratmışlar.

Sumqayıtda ölkə səviyyəsində tanınan çoxsaylı imzaların olması və müəlliflərin bu şəhərdə yaşaması,yaradıcılıqla məşğul olması burada Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin yaranması zərurətini ortaya qoyurdu. Buna dəfələrlə cəhdlər edilsə də qurumun burada yaratmaq cəhdi elə cəhd olaraq da qalırdı.

1996-cı ildə dövrümüzün qaranquşu sayılan "Gənclik" jurnalında uzun müddət müxtəlif vəzifələrdə çalışmış istedadlı şair Sabir Sarvanın təşəbbüsü və səyi nəticəsində Sumqayıtda AYB-nin şöbəsi yaradıldı. Həmin vaxt bölmənin cəmi səkkiz üzvü olsa da, bu gün artıq doxsana yaxın üzvü vardır.

Bu şəhər həmişə adlı-sanlı sənətkarları, qələm adamlarını öz qoynuna çəkib. Burada onların görüşləri təşkil olunub və bu görüşlər şəhərin tarixi yaddaşına həkk olunub. Sumqayıtı, zəhmətkeş adamlarını vəsf edən o qədər şairlər olub ki, şəhər zaman-zaman onların ruhunda şeirləşib, nəğməyə çevrilib.

Bir zamanlar sənaye, kimyaçılar şəhəri kimi tanınan Sumqayıt bu gün artıq öz ənənəsi, sənətkarları ilə yanaşı, göylərə meydan oxuyan göydələnləri, parkları, yaraşıqlı bulvarı ilə öyünür. Sumqayıta uzaq kənd və rayonlardan axın- axın gələn insanlar zaman-zaman bir-birilə burada qohumlaşıb, qaynayıb- qarışıb, qardaşlaşıblar. Bu gün isə bu şəhərdə yaşayan hər kəs özünü Sumqayıtlı sayır, bu şəhərin təəssübünü çəkir, inkişafı üçün əlindən gələn töhfəni verməyə çalışır və bu şəhərin sakini olması ilə qürur duyur.

Burada qələm adamlarına istər dövlət səviyyəsində, istərsə də şəhər səviyyəsində həmişə yüksək diqqət və qayğı göstərilib. 2016-cı ildə şəhərdə gedən irimiqyaslı abadlıq-quruculuq işlərinin getdiyi bir vaxtda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qələm adamları ilə görüşü, Poeziya Evinin onların ixtiyarına verilməsi, şəhərin 70 illik yubileyi münasibətilə bu şəhərdə yazıb-yaratmış insanların bir qrupuna müxtəlif fəxri ad və mükafatların təqdim olunması bunun bariz nümunəsidir.

Bu il Sumqayıtın 75 yaşı tamam olur. Bu münasibətlə şəhərdəki müəssisə və təşkilatlarda davamlı olaraq müxtəlif yüksək səviyyəli tədbirlər keçirilir. Şəhərimizin inkişafında xidmətləri olan insanlar xatırlanır, yad edilir və onların həyat yolu, təcrübəsi gənclərə örnək olaraq göstərilir. Biz də, AYB Sumqayıt bölməsi olaraq, ədəbiyyatımızda imzası, sözü və yeri olan şair və yazıçılarımızıxatırlatmaq missiyasını həyata keçirmək üçün bir sıra layihələr planlaşdırmışıq.

Bölmə yaranandan şəhərdəki müxtəlif təşkilatlarla işbirliyi qurulmuş və bir sıra tədbirlər həyata keçirilmişdir. Təhsil şöbəsində Aşıq Ələsgərin yubileyi təşkil olunmuş, sumqayıtlı məktəblilər arasında M.Müşfiqin, R.Rzanın, Ə.Kərimin şeirləri əsasında bədii - qiraət müsabiqəsi keçirilmişdir. Bundan başqa, dərslik müəlliflərindən T.Hacıyevin, N.Cəfərovun, Z.Əsgərlinin iştirak etdikləri “Müasir ədəbiyyat və onun tədrisi problemləri" mövzusunda söhbət -diskussiya olmuşdur, Xalq yazıçıları Anar, Ç.Abdullayev, Xalq şairləri F.Qoca, V.Əziz tanınmış şairlərdən M.Araz, C.Novruz, F.Sadıq, Q.İsabəyli, P.Qəlbinur, M.Aslan, F.Məmmədli, R.Məcid, S.Aruz, Ə.Cahangir, "Abbasqulu bəy Şadlinski" kitabının müəllifi Əziz Ələkbərli, alman şairi E.Kirxhofla, "Ədəbiyyat" qəzetinin əməkdaşları və digərləri ilə çoxsaylı görüşlər olub.

Bundan əlavə, bir sıra tədbirlərimiz telelayihələr şəklində də reallaşdırılmışdır. Belə ki, ictimai televiziya ilə yayımlanan "Öncə Vətən", yerli Dünya TV ilə S.Vurğunun və S.Rüstəmin 100 illik yubileyləri ilə bağlı dörd ay davam edən  bədii-qiraət müsabiqələri buna misaldır. Sumqayıt Dövlət Universitetində, kitabxanalarda, elm və təhsil ocaqlarında, digər yerli yazarlarla görüşlər, onların kitablarının təqdimatı keçirilmiş və bu ənənə mütəmadi olaraq davam etdirilir.

Bölmə "Deməyə sözü olanlar", "Gəlin, şeirdən danışaq", "Yad et məni", "Xəzərdən Kəpəzə", "Ver sözə ehya ki", "Sumqayıtın söz adamları", "Xatırlasaz, xatırlansam" adlı maraqlı layihələr də gerçəkləşmişdir.

Bütün bunlar ədəbiyyatımızın inkişafına, dövlətçilik ideyalarının, respublikanın söz adamlarının, onların əsərlərinin təbliğinə, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsinə yönəlmişdir.

Eyni zamanda, AYB Sumqayıt bölməsi respublikanın, Sumqayıtın qələm adamlarını, onların əsərlərini ölkəmizdən kənarda tanıtmaq məqsədilə də xeyli iş görmüşdür. "Sözün gücü" (Türkiyənin Mersin şəkərindəki "Kanal 2000" televiziya kanalının "Damla- damla şiir" proqramı ilə), "Şeir rüzgarları" (Kayseri şəhərinin "Kaysedar" ədəbi mühiti ilə), "İki könül bir olsa" (Türkiyənin Mersin şəhəhərinin Mersin şairlər, yazarlar dərnəyi ilə ortaq layihə), "Tanıyaq, tanıdaq" (TVA - Türkiyə-Azərbaycan Sanatçılar Platformu ilə), "Hər şey Vətən üçün" (Türkiyənin Mersin şəhərində  çıxan "Anamur Sedr" dərgisi ilə) ortaq layihələr bu qəbildəndir.

Şəhərimizdə AYB Sumqayıt bölməsi ilə yanaşı, Poeziya Evi də ədəbi əlaqələrin qurulmasında və möhkəmlənməsində xeyli səmərəli işlər görmüş və  ölkələrarası ədəbi əlaqələrə söykənən bir sıra ədəbi-mədəni tədbirlərə ev sahibliyi etmişdir. Dünya şöhrətli qazax şairi və alimi Oljas Süleymanov, Tatarıstanın xalq şairi Razil Valiyev, Türk Ədəbiyyatı Vaqfının başqanı şair Serhat Kabaklı, Tatarıstanın sabiq Yazıçılar Birliyinin sədri və yazıçı-dramaturuq Salixov Danil Xabibraxmanoviç, Özbəkistanın millət vəkili şair Gülbahar Sayidqani, Başqırdıstanın millət vəkili və Yazıçılar Birliyinin sədri Aygiz Baymuxammedov və başqa tanınmış ədəbiyyat nümayəndələri ilə görüşləri qeyd etmək olar.

Bölmə həmçinin şəhərin əsas mətbu orqanı sayılan “Sumqayıt” qəzeti ilə də sıx əməkdaşlıq edir. Redaksiya heyəti AYB-nin Sumqayıtda yaşayan üzvlərinə qəzetin səhifələrində daim geniş yer verir, onların yaradıcılığına istinad edir.

Bəli, AYB-nin Sumqayıt bölməsi bu gün də milli-mənəvi dəyərlərimizi, şəhərimizin poetik ruhunu, gənclik şövqünü qoruyub saxlamağa, yaxşı nə varsa, gələcək nəsillərə ötürməyə çalışır.

Sonda vətənpərvər şair, Sumqayıtı canı qədər əziz bilən mərhum Sabir Sarvanın misralarına istinad edərək fikrimi tamamlayıram:

 

Sumqayıt! Əbədi yaşa,

Ay ömrü mənalı şəhər.

Yaranandan tikən-quran,

Bənnalı-binalı şəhər.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)