Dünya sənin, dünya mənim, dünya heç kimin - İSMAYIL ŞIXLINI ANARKƏN Featured

“Ədəbiyyat və incəsənət” portalı Salatın Əhmədovanın cızdığı Xalq yazıçısı İsmayıl Şıxlının portretini sizlərə təqdim edir.

 

Bəzən fikirləşirəm ki, hər yaradıcı insanın ürəyindən, damarlarından axıb gələn qanı hesabına yazdığı, araya-ərsəyə gətirdiyi əsərlərdə özünün cizgiləri, prototipləri var. İsmayıl Şıxlının əsrələrini də oxuyanda bu hisslər mənə hakim kəsilir. Onun əsərlərində demək olar ki, cılız hisslərə malik adamlar, yüngul, təlxək, nökər xislətli obrazlar yox dərəcəsindədir.

 

İsmayıl Şıxlı kimdir? Hər şeydən öncə o, bir elin, obanın, mahalın, bütöv Azərbaycanın ağsaqqalı idi. Minlərlə tələbələrin müəllimi, yüzlərlə müəllimlərin məsləhət, güvənc yeri idi, səmimi yoldaş, sirdaş idi. Əsərlərinin qəhrəmanları kimi özü də dağdan ağır, sanballı, sözü yerində deyən köhnə, sanballı kişilərdən biri olub. İsmayıl Şıxlı bir an belə unudulmayan, yaddan çıxmayan yazıçılarımızdandır.

Üzdəniraq mənfur erməni qonşularımız Qarabağ müharibəsinə başlayanda Qərb bölgəsinə də həmlələr edir, müxtəlif şaiyələr yayır, yerli əhalini rayondan, doğma kəndlərindən çıxmasına cəhd göstərirdilər. Şaiyələrə görə tezliklə ermənilərin Qazağa gəlməsi, oranı da zəbt etməsi xəbərini eşidən el ağsaqqalı İsmayıl Qəhrəman oğlu Qazağın mərkəzinə gələrək stol qoyub oturmuş, ona qaçıb canını qurtarmağı məsləhət görən yerlilərinə ağır-ağır, qayğılı, güvənli  səsiylə cavab vermişdi: «Siz istəyirsiniz qaçın, hara istəyirsiniz gedin. Mən buralardan, bu ana torpaqdan ayrılıb heç yana gedəsi deyiləm». Dediyini də edir, axşama qədər oturur. Yol tədarükü görüb doğma ellərdən qaçaq düşmək istəyən əhali evlərinə dağılışır və Qazax torpağının camaatı elindən-obasından dağılıb getmir. İsmayıl Şıxlı bu hərəkəti ilə Qazağı mənfur erməni tapdağından, əhalini yersiz şaiyələrdən xilas etmiş olur. Qədirbilən xalqımız vaxtı ilə İ.Şıxlının stol qoyub oturduğu yerdə onun əzəmətli heykəlini qoyur. O, keçmişdə olduğu kimi stolda oturmuş, qayğılı gözlərini bir nöqtəyə zilləmişdi. Onun heykəli də özü kimi sanballı və əzəmətlidir.

İ.Şıxlı ömrünün qürub çağında yazmış olduğu bu əsərləri oxucu böyük maraqla oxuyur, yazıcı ilə bərabər o dövrə-əsrin əvvəlinə qayıdır.

«Namus qaçağı» hekayəsinin süjet xətti qaçaqların həyatından bəhs edir. Əsərin qəhrəmanı Süleyman evindən-ailəsindən didərgin düşüb. Dağda-daşda qaçaqlıq edir. Nədir onun dinc həyatını pozan? Nə idi onu qaçaqlığa məcbur edən? Kim idi onu isti yuvasından perikdirən? Onların nəsli kasıb olsa da heç kimin qabağında əyilməmişlər. Atası həmişə onlara deyərdi ki, kişinin birinci sifəti namusudur. Gərək təkcə öz namusunu yox, el-obanın da namusunu qoruyasan. Kişi olan başqasının qız-gəlninə xain gözlə baxmaz. Öz simsarlarını, öz el-obasının çiçək qızlarını, həyalı gəlinlərini yoldan çıxarıb namusuna toxunmaq olmaz. Bu bağışlanması mümkün olmayan bir günahdır.

Süleymanı kənddə yenicə yaranmış komsomol özəyinə katib seçirlər. Kənddə Əbdülrəhman adında «mənəm-mənəm» deyən bir bəy də var. Əzazilliyi ilə ad çıxartmışdı. Hətta komsomol Süleymanı da hədələmişdi. Günlərin birində bəyi və oğlanlarını tutub sürgün edirlər, evlərini idarəyə çevirirlər, arvad-uşağını evin zirzəmisinə köçürürlər. Bəyin gözəl, bir cüt qızı var imiş. Kəndin keçmiş gədalarından olan, indi isə qırmızı haşiyəli papaq qoymuş Keçəl Xondulu qızlara rahatlıq vermir. Süleymanın qulağında atasının nəsihəti cingildəyir: «Yadında saxla, elin namusu bizim namusumuzdur. Təmiz adımızı ləkələməyin». Süleyman bəyin qızlarının gecənin qaranlığında zəif işıq gələn evlərinə yaxınlaşır.

Qolarını çirməmiş, yarımçılpaq, keçəl Xondulunu görəndə beyni uğuldayır, gözləri qan canağına dönür. Naqanı çıxartmağı ilə Keçəl Xondunun yerə sərilməyi bir olur. Bax bu idi onu dağlara sığınmağa məcbur edən. Elin namusunu öz namusu hesab etdiyi üçün binamusu məhv etmiş, qaçaq düşməyə məcbur olmuşdur.

İsmayıl Şıxlı elin namusunu qorumağı o qədər qabarıq vermişdir ki, əsəri oxuyan bəzi üzdəniraq kişilər yəqin ki, bir az silkələnər, oyanar. Bir az vicdan əzabı çəkər ki, ailəli qadınları yoldan sıxarmaz, qızı-nəvəsi yaşında olan qızları ləkələməyə çalışmaz.

İ.Şıxlı qəhrəmanı Süleyman vasitəsilə binamuslara cəza verir. Tezliklə toyu olacaq İlyasın nişanlısına göz dikən yaşlı Rəşidi layiqli cəzasına çatdırır. Qışın qarlı günündə, buz bağlamış çayda onu çimməyə məcbur edir və deyir ki, əgər cavan qız almaq istəyirsənsə gərək canın da möhkəm olsun. Yaşı ötmüş Rəşidin nəinki canı möhkəmlənir, əksinə bu onun axırıncı cimməyi olur. İlyas qayıdıb öz sevgilisinə qovuşur. Onun toyunda hətta qaçaq Süleyman da iştirak edir.

«Namərd gülləsi» hekayəsi İ.Şıxlının axırıncı qələmə aldığı əsərlərindəndir.

Ədib bu hekayəsində də XX əsrin əvvəllərini göz önündə canlandırır. Sanballı kişilərin sanballı sözlərilə zəmanəsinin təsvirini göz önündə canlandırır.

Kəndin koxası Niftalı kişi namərd gülləsindən ölür. Namərd - bir zamanlar onlara pənah gətirmiş nankor «gəlmə» Mürşid idi. Doqqazlarının ağzında boynunu büküb aclıq­dan, soyuqdan daldanacaq, sığınacaq istəyən Mürşid sonralar evin fərq qoyulmadığı sa­ki­ni­nə çevrilir. Ona ev tikir, mal-qara verib üstəlik qohum qızlardan birini də alıb ev-eşik edir­lər. Diribaş Mürşid əlinə maya salıb Tiflisə, Gəncəyə ayaq açır, dolanmağın çəmini tapır. Bir az varlanan Mürşidin gözü ayağının altını görmür, evdə arvadını incidir, günlərlə evinə gəl­mir. Bundan xəbər tutan Niftalı koxa onu başa salmaq istəyəndə Mürşid onun üzünə qa­yı­dır. Qulaqlarına inana bilməyən Niftalı kişi əlindəki qamçı ilə Mürşidi «budar­layır». Onun əlindən çıxıb qaçan Mürşid koxanı hədələyir və onu öldürəcəyini deyir. Bi­çin­çi­lə­rə baş çək­mə­yə gələn koxa arxın qırağına əyilərək üzünü yumaq istədikdə arxadan onu güllə ilə vu­rur­lar. Geri qanrılan koxa elə bilir ki, dəstənin qabağında duran Qaçaq Kərəmdi onu vu­ran, bir an sevinir. Biləndə ki, düşməni bir vaxt onun qapısında süfrəsinin qırağında otu­ran na­mərd Mürşiddir, ürəyi nisgil içində çırpınır. Kişi inildəyir, onu inildədən yaranın ağrı­sı yox, zən­nində yanılması olur. Koxa Qaçaq Kərəmə yalvarış dolu səslə deyir: Mənim səndən bir diləyim var, çıxar naqanı, mənim alnımdan özün vur. Qoy desinlər Niftalı koxanı gə­da­nın biri yox, Qaçaq Kərəm öldürüb. Kişini kişi öldürər, gədə-güdə yox.

Kərəm onun arzu­su­nu yerinə yetirir və heç nədən çəkinməyərək koxanın meyidini kəndə aparır.

Bu kiçicik bir hekayədir; ancaq böyük əsərdir, böyük ibrət dərsidir    Kişilik dərsi. Kərəm qaçaq olsa da mərddir, əliyalın adama güllə atmır. Mərdi qova-qova namərd etmir. Kişi kimi döyüşür. İ.Şıxlı bu əsərilə sanballı kişilərin sanballı düşmən olduqlarını da bir daha oxuculara  göstərir.

«Ölüləri qəbiristanlıqda basdırın» hekayəsi ədibin axırıncı əsəridir. O, elə bil vəsiyyət edərək bütün arzu və istəklərini bu əsəri vasitəsilə bizə çatdırır.

… Cavanşir kənddə ad çıxarmış, igid, pəhləvan kimi bir olan idi. Günlərin birində kəndin kənarındakı çəmənliyə getmiş, otların, çiçəklərin üstünə uzanmışdı. Birdən cığırda yedəyində yəhərli-yüyənli atla dayanmış gözəl bir qız görür. Bu qız Şəmistan ağanın qızı idi. Gözəllikdə, igidlikdə kəndin cəsur oğlanlarından geri qalmırdı. Cavanşir onların tay­fa­sın­dan çəkinirdi. Eşitmişdi ki, onların qızları da, kişiləri də qan çanağıdır. Onlara ya­xın­la­şan da peşiman olur, uzaqlaşan da. Onu da eşitmişdi ki, bu tayfanın adamlarının gözü bir şe­yi tutdumu, əl çəkən deyillər. Belə bir tayfanın qızı ilə indi qabaq-qənşər gəlmişdi. Şəmistan ağa­nın qızı Həcər xanımın Cavanşirdən xoşu gəlsə də təklikdə görüşməmişdilər. Ona öz di­lə­yi­ni deyir. Bunu eşidən Cavanşir qorxmağı bir tərəfə ataraq qızı qucaqlayıb öpür.

Huşunu itirmiş qız özünə gəldikdə oğlana bir şillə vurur və deyir: behini aldın, elçi­lə­ri­ni göndər. Cavanşir anası ilə danışır, el dağdan arana enəndə qıza elçi göndərir və ni­şan ta­xır­lar. Toy ərəfəsində Cavanşiri Qəza Firqə özəyinə çağırırlar və ikiillik firqə məktəbinə oxu­mağa göndərirlər. İki il Həcər xanım səbirsizliklə nişanlısının yolunu gözləyir. Cavanşir qayıtdıqda onun həm daxili, həm də xarici görkəmi dəyişmişdi, daha da gözəlləşmişdi. O, qarşısına məqsəd qoy­muşdu: qəzada birinci «Kommuna» yaratmaq. Bunun üçünsə birinci növbədə qolço­maq­ları - kəndin varlılarını əzmək lazım idi. Kəndin qolçomağı qaynatası Şəmistan ağa idi. O, ağanı idaryə çağırır. Varını-dövlətini dövlətə - kommunaya təhvil verməsi tələbini eşidən Şəmistan ağa qeyzlənib idarədən çıxır. Başa düşür ki, onu firqəçilər rahat buraxmayacaq, odur ki, Göyxallı atını da minib dağlara - qaçaqların yanına qalxır. Ailəsini, arvad-uşağını isə əl-qolunu bağlayıb qəza mərkəzinə, oradan da sürgünə – gedər-gəlməzə göndərirlər.

Nişanlısı Həcər xanıma belə məhəl qoymayan Cavanşir varlıları sürgün elətdirir, köhnə evləri sökdürüb, çay kənarında cərgə ilə təzə evlər, qonaq evi tikdirir. Qonaq gələndə qohumugildə yox, qonaq evində qalmalı, «kommunanın» bişir­di­yi yeməyi hamılıqla birgə yeyib içməli idi. Onun şöhrəti hər yana yayılır, məşhurlaşır, onu qəza mərkəzinə rəhbər işə gətirirlər. Kənddə başı işinə o qədər qarışır ki, evdə, anasının yanında yox, elə idarədəcə gecələyirdi. Gecənin bir vaxtı şaqqıltı səsinə yuxudan oyanan Cavanşir kəndin yandığını görür. Yanan evlərin içində onun da evi vardı. Evdə isə qoca anası.

Bu hamısı taleyin işi, alın yazısı idi. Onu canından artıq istəyən Həcərə rəhm etmədi. Həcər ona ən səmimi duyğularını, hisslərini vermişdi. El-obanın igidləri içində onu seçib-sevmiş, ona könül vermişdi. Cavanşir neylədi? Bu sevgiyə layiq oldumu? Yox, əksinə, onu qolu bağlı Sibirə sürgünə göndərdi. Şəmistan ağa arvadından soruşanda ki, dul Güləndamın oğlundan kişi çıxarmı? Ağa özü də cavab verib demişdi ki, gədadan bəy olmaz.

Cavanşir anasının qisasını almaq üçün özəkdən atlı dəstəsi götürüb qaçaqların yurd-yuva saldığı dağlara qalxır. Qaçaqları yuxuya verib hamısını güllədən keçirir. Ancaq onun ra­hatlığı pozulmuşdur. Tez-tez yuxusuna anası, nişanlısı, Şəmistan ağa girir, onu mü­ha­ki­mə edir, sorğu-suala tuturdular. Anası gecəli-gündüzlü ondan əl çəkmir, oğlunu məzəmmət edib deyirdi: «Həcər sənin nişanlın idi, istəsəydin o qızı qoymazdın sürgünə getsin, sən düz eləmədin, sözünə dönük çıxdın. Yadında saxla, bala, uzunsaçlının ahı yerdə qalmaz».

Cavanşir Şəmistan ağanı öldürdükdən sonra Göyxallı atı özünə götürmüşdü. At onu yaxına buraxmır, Cavanşiri görəndə yüyəni çeynəyib şahə qalxar, çəçiyi ilə onu tapda­la­ma­ğa çalışardı. Heyvan hiss edirdi ki, Həcərin sürgün olmasına, Şəmistan ağanın ölümünə Cavanşir günahkardır. Dilsiz-ağızsız heyvanın hərəkəti onu sarısıdır. Bu dünyada heyvanlar insanlardan etibarlıdır, onlar dostu da, düşməni də yaxşı tanıyırlar. Cavanşir qəza mərkəzinə böyük vəzifəyə təyin olunanda atı da özü ilə aparır. At onu yaxın qoymasa da onu tövlədə saxlayır, bordayırdı; at Həcərlə olan xatirələrin arasında körpü idi.

İllər ötür, günlərin birində Cavanşir növbəti gərgin iş günündən sonra gecə çarpayısına dö­şənib ağır yuxuya gedir. O, hiss eləmir ki, kimsə onu izləyir, ona yaxınlaşır, mehribanlıqla ona tamaşa edir, əyilmiş başının altına yastıq qoymaq, ayaqqabılarını çıxardıb, ayaqlarını çar­pa­yıya rahat uzatmaq istəyir. Bu qaraltı Həcər idi. O, sürgündən qayıtmış, Cavanşiri axtarıb tap­mış və ondan qisas almağa gəl­miş­di. O Cavanşirdən ki, ona dəlicəsinə vurulmuşdu. Ona ürə­yi­ni vermişdi. İndi isə qisas his­si sevgisinə qalib gəlmişdi. Kişi kimi sevməyi də kişi kimi ba­car­maq lazım imiş. Nifrət bəs­ləmək də xüsusi bacarıq, iradə tələb edirmiş. Bu isə yüksək iradə hesabına olurmuş. Adam sevdiyinə o vaxt nifrət edə bilirmiş ki, qarşısındakını ülvi-məhəbbətlə sevsin. Zərif sev­gilər günəş şüaları görmüş qar kimidir, əriyib suya dönür, heç bir əsər-əlamət qal­mır, heç nifrət də əmələ gəlmir. O böyük məhəbbətdir ki, insanı cani olmağa qədər sü­rük­lə­yir. Böyük məhəbbətdən böyük nifrət yaranır. Və bu məhəbbət Həcəri qatilə çevirir. Səhəri gün şəhərə səs yayılır ki, raykomu güllələyiblər. Onu Şura hökumətinin yolunda canını qur­ban verən bir adam kimi qəbristanlıqda yox, şəhərin mərkəzində - bağda dəfn edirlər.

Bu hadisədən çox sonralar tək qəbir olan bağın yerində restoran tikirlər. Tək qəbir də yoxa çıxır. Restoran sahibi restoranın həyətini dolaşan qarıdan nə axtardığını soruşur. Qarı deyir: «Adam qəbri». Özünü laqeyd göstərən restoran sahibi deyir ki, ölüləri qəbiristanlıqda basdırırlar.

Bu qarı... Həcər idi.

Bununla da hər şeyə son qoyulur. Qarı axtardığını həmişəlik itirdiyini, tapmayacağını dərk edib birdəfəlik o yerlərdən ayrılır. Restoranda isə müğənni oxuyur: «Dünya sənin, dünya mənim, dünya heç kimin».

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)