Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Azərbaycanlı şairə Təranə Turan Rəhimli İtaliyada Taggia Kommunasında "Ossi Di Seppia" Beynəlxalq Poeziya Müsabiqəsində B Seksiyası üzrə birinci yerin qalibi olub.
Avropanın ən böyük və nüfuzlu şeir müsabiqələrindən olan "Ossi di Seppia" 30 ildir ki, İtaliyada keçirilir. Bu ədəbi müsabiqə rəsmi olaraq Liguriyada dünyaya göz açan, 1975-ci ilin Nobel mükafatçısı, görkəmli şair Eugenio Montalenin adı ilə bağlı olub, onun 1925-ci ildə nəşr edilən ilk kitabı, inqilabi məzmunlu fundamental əsər "OSSI DI SEPPIA"-nın (italyancadan tərcümədə "Mürəkkəb balığının skeleti") adını daşıyır. Təranə Turan Rəhimli Avropanın belə bir mötəbər şeir müsabiqəsində birinci olmağın, Azərbaycanı bu şəkildə təmsil etməyin qürurunu yaşadığını bildirir. O, müsabiqənin təşkilat komitəsinə, Mükafat Komissiyasının prezidenti, Taggia Kommunası Mədəniyyət Müşaviri Kyara Cerri xanıma, Mükafat Komissiyasının katibi cənab Lamberto Qarsiaya, müxtəlif qitələrdən müsabiqəyə ünvanlanan şeirlər içərisində onun şeirlərini birinci yerə layiq görən münsiflər heyətinə dərin təşəkkürünü ifadə edir. Ənənəvi olaraq qaliblərin şeirlərinin nəşr olunduğu antologiyanın və 1-ci yer diplomunun ona göndərildiyini vurğulayır. Antologiyada müsabiqənin A və B seksiyaları üzrə müxtəlif nominasiyalar üzrə 8 yerin qalibi olan şairlərin şeirləri nəşr edilmişdir. Həmin şairlər Azərbaycandan Təranə Turan Rəhimli, Hindistandan Neelam Saxena Çandra, ABŞ-ın Kaliforniya ştatından Neal Vhitman, Çindən Ceyms Tian, Mavrikiy Respublikasından Sveeki Anoauçeka Gangabissoon, Cənubi Koreyadan Kyunq Ku Moon, Yeni Zellandiyadan Yuhang Liu, Gürcüstandan Tetri Kalmıs Anonimuridir.
Avropada ən mötəbər Poeziya Müsabiqələrindən biri sayılan, İtaliyada 2024-cü ildə sayca 30-cusu keçirilən bu mötəbər müsabiqədə bütün qitələrdən beynəlxalq ədəbi mühitdə tanınan şairlər iştirak etmişdir. Hər bir şair müsabiqəyə üç şeirlə qatılmışdır. Azərbaycanlı şairi müsabiqə qalibi edən şeirləri görkəmli hind şairi və bir çox dillərdə bədii tərcüməyə hakim olan Anit Roy ingilis dilinə tərcümə etmişdir. Həmin şeirlər bunlardır: "Arzular ölə bilmir", "Ad günü bir addım daha ölümə yaxınlaşmaqdır", "Məktub yazmısan".
Qeyd edək ki, Təranə Turan Rəhimli 2020-ci ildə də bu müsabiqəyə qatılmış, "Ossi Di Seppia"nın A Seksiyası üzrə " Ən yaxşı əcnəbi şair" nominasiyasında "Xüsusi rəğbət mükafatı"na (Premie Menzioni Speciali) layiq görülmüşdür. Həmin müsabiqə "Ossi Di Seppia"nın sayca 26-cısı idi.
Təranə Turan Rəhimli 17 fevral 2024-cü ildə Taggia Kommunasında keçiriləcək təntənəli mükafatlandırma törəninə dəvət alıb.
Ümumiyyətlə, azərbaycanlı şairənin İtaliya ilə ədəbi əlaqələri 2016-cı ildə İtaliyanın Puliya kommunasında qatıldığı beynəlxalq ədəbiyyat festivalından sonra daha da genişlənmiş, bir çox italyan şairlərini - Mariya Miraqlia, Klaudia Piççinno, Lidia Çiarelli, Emmanuella Rozzo və başqalarını Azərbaycanda tanıtmaqla, eləcə də Təranə Turan Rəhimlini əsərlərinin müntəzəm olaraq italyanca dövrü mətbuatda yayımlanması, haqqında italyan tənqidçilərinin məqalələr yazması və italyanca şeir kitabının nəşri ilə nəticələnmişdir.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)