Yeni il bələdçisi: İçərişəhərdə “Sehirli Qala” və “Qurama Art” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hər yeni ildə Fəvvarələr meydanında “Soyuq əllər, isti ürəklər” xeyriyyə yarmarkasının keçirilməsinə alışmışıq. İşərişəhər də bu estafetə qoşularaq bayram günlərinə özəl tədbirlər təklif edir. 

 

Şəhərimizin bayram əhvalına öz töhfəsini vermək, eləcə də Yeni il yarmarkası ənənəsini dəstəkləmək məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Sehrli Qala” günləri keçirilir.

Və həftəsonu ziyarətçilərə bayram sevinci bəxş etmək üçün uşaq rəqs kollektivlərinin çıxışları, musiqili əyləncə saatları, müxtəlif interaktiv oyunların təşkili nəzərdə tutulub.

Tədbir 2024-cü il yanvarın 7-dək davam edəcək. 

İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində isə II Milli Qurama Festivalı çərçivəsində “Qurama Art” sərgisi açılıb. Sərgidə milli qurama, tikmə sənətinin müasir incəsənətə inteqrasiyası mövzusunu əks etdirən 17 rəssamın əsərləri nümayiş olunur.

Milli tikmə növü olan qurama insan ruhunu xarakterizə edən və rəngarəng formalara əsaslanan, təbiətdən ilhamlanan mozaika növlü yaradıcılıq işi olaraq bütün dünyada maraqla qarşılanır.

“Qurama Art” sərgisində nümayiş olunan sənət əsərləri müasir rəngkarlıq, heykəltaraşlıq, miniatür, xəttatlıq, kompüter qrafikası və rəqəmsal texnologiyaların köməyi ilə hazırlanıb.

Sərgidə Vüqar Əli, Mehriban Şəmsəddinskaya, Vüsalə Ağarazıyeva, Məmməd Rəşidov, Orxan Qarayev, Pərinisə Əsgərova, Aytən Abdullayeva, Günel Ravilova, Rəna Tağıyeva, Elçin Yəhyazadə, Ceyhun Coşqun, Gül Bəktəmirov, Sadat Bəkirova, Şəlalə Salamzadə, Ağaməli Əliyev, Tamira İbrahimova, Nərgiz Əsgərovanın əsərləri nümayiş olunur.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan sərgi Bakı Fotoqrafiya Evində gələn il yanvarın 9-dək davam edəcək.

Buyurun, əziz bakılılar və şəhərin qonaqları, xoş və mənalı saatlar keçirməklə yeni il ovqatınızı şən edin.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.