Bu gün Bakıda Skandinav film günləri başlayır - SEVƏCƏKSİNİZ Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

İsveçi mənə yazıçı Astrid Lindqren öz “Uzuncorab Peppi”si və “Balaca və damda yaşayan Karlsson”u ilə lap uşaqlıqdan sevdirib. Ona görə də bu ölkənin mədəniyyətinə xüsusi sevgi bəsləyirəm. Dünyaşöhrətli ABBA qrupunun mahnıları isə mənimçün bir musiqi zirvəsidir. 

 

Bu gün İsveç Krallığının ölkəmizdəki səfirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə əməkdaşlığı çərçivəsində paytaxtımızda Skandinav film günləri başlayır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının yaydığı məlumat mənə çox cəlbedici göründü, film nümayişləri bu gün, habelə noyabrın 14, 21 və 28-də “Azərbaycan” CinemaPlus-da təşkil olunacaq.

 

İndi isə nümayiş olunacaq filmlərə keçək. 

 

7 NOYABR, “MÜHACİRLƏR”

Festivala Erik Poppenin “Mühacirlər” tammetrajlı bədii filmi ilə start veriləcək. Erik Poppe məşhur Norveç rejissorudur və bu film ona böyük şöhrət gətirib. Film ailəsi ilə birlikdə İsveçdən Amerikaya mühacirət edən Kristina Nilssonun həyatından bəhs edir. Filmin tanıtım posterində “Yenidən başlamaq. Özünü yenidən yaratmaq. Bu mümkündürmü? Biz hansısa yeni ölkəyə köçürük, yoxsa ölkə bizə?” cümlələri həkk edilib. Bu, filmin qəhrəmanı Kristinanın ömrü boyu cavab axtardığı suallardır.

(Qapaq şəklində bu filmdən fraqmenti görürsünüz)

 

14 NOYABR, “CƏNNƏTDƏN GƏLƏN OĞLAN”

İkinci film ərəb əsilli Tarik Salehin “Cənnətdən gələn oğlan” tammetrajlı bədii filmidir. Film Qahirədə Əl-Əzhər Universitetində təhsil alan Adəmin dini və siyasi mübarizənin qurbanına çevrilməsindən bəhs edir.

 

21 NOYABR, “KOMEDİYA KRALİÇASI”

Noyabrın 21-də Sanna Lenkenin “Komediya kraliçası” tammetrajlı bədii filmi nümayiş olunacaq. 13 yaşlı Saşa stendap-komediyaçısı olmaq istəyir. Onun əsas məqsədi, anasının vəfatından sonra üzü gülməyən atasını güldürməkdir.

 

28 NOYABR, “HİLMA”

Sonuncu film noyabrın 28-də Lasse Hallströmün rəssam qadın Hilmanın həyatından bəhs edən “Hilma” tammetrajlı bədii filmi olacaq. Film onun uşaqlıq dövründən başlayır və qəhrəmanın sənəti bütün dinlərə və mədəniyyətlərə mənsub insanlarla əlaqə quranda bitir.

 

Qeyd edim ki, filmlər orijinal dildə Azərbaycan dilindəki altyazılarla nümayiş olunacaq.

Mən məmnuniyyətlə filmləri izləyəcəyəm, sizə də tövsiyyə edirəm. 

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)