“Türk dünyasından hekayələr” kitabı təqdim edildi Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Qonaqlı-qaralı Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bu dəfə kitab təqdimatı baş tutdu. Biz də sevə-sevə bu gözəl anları qələmə aldıq.

 

Azərbaycan Respublikası Gənclər fondunun dəstəyi ilə nəşr olunan “Türk dünyasından hekayələr” kitabının oxuculara təqdim edilməsi bir ayrı zövq idi.

 İlk olaraq, BDU-nun doktorantı və müəllimi, layihə rəhbəri Məleykə Mirzəli qonaqları salamlayaraq giriş nitqi söylədi. O, “Türk dünyası hekayələrdə” layihəsinin icra məqsədi, gedişatı və nəşrə hazırlanan kitabın əhəmiyyəti haqqında məlumat verdi. Qeyd etdi ki, bu kitab əsas olaraq gənclərdə türk dünyasına, fərqli türk xalqlarına, onların çağdaş ədəbiyyatına, ümumən, mütaliə mədəniyyətinə maraq yaratmaq məqsədi daşıyır.

Sonra çıxış üçün söz Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərova verildi. O, çıxışında qeyd etdi ki, qədim tarixə malik, dünya mədəniyyətinə misilsiz töhfələr verən türk xalqlarının ədəbiyyatının tanıdılması və gənclər arasında təbliğatı baxımından bu nəşr təqdirəlayiq hadisə hesab oluna bilər.

Təqdimatın davamında Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, türk dünyası ədəbi mühitində kifayət qədər tanınan şair-publisist Əkbər Qoşalı çıxış etdi. O, əhatəli və məzmunlu nitqində Sibirdən tutmuş Avropaya qədər uzanan coğrafiyaya yayılmış türk xalqlarının hazırkı ədəbiyyatının təbliğ edilməsinin əlamətdar hadisə olduğunu vurğuladı. Çıxışında bildirdi ki, gənc tədqiqatçı olan layihə rəhbərinin daha öncə də bu kimi fəaliyyətləri olub və bundan sonra da davamlı olması arzuolunandır.

Hansı kitab təqdimatı peşəkar ədəbiyyatşünas, tənqidçi olmadan keçinə bilər ki? Sonra BDU-nun Ədəbiyyat tarixi kafedrasının dosenti Məti Osmanoğlu və həmin kafedranın professoru Yeganə İsmayılova məruzə edərək bu layihənin önəmindən bəhs etdilər. Qeyd etdilər ki, antologiya səciyyəli hekayələr kitabından tədris zamanı tələbələr də yararlana bilər. Həmçinin onu da bildirdilər ki, kitabdan ölkəmizdə türkoloji tədqiqatlarda da faydalı vəsait kimi istifadə olunacaqdır.

Təqdimatda daha sonra Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar gənclərin fərdi layihələrinin qrant müsabiqəsi içində bu layihənin fərqlənərək qalib gəlməsi amilini vurğuladı. Çıxışında bildirdi ki, layihə rəhbəri qarşısına qoyduğu məqsədə bu kitabla nail ola bilib.

Kitabda hekayəsi yer alan yazar Ümid Nəccari və kitabın redaktoru İlahə Ümidli də kitabın mütaliəsi ilə əldə olunacaq fikirlərin gənclər üçün əvəzsiz rola malik olacağını qeyd etdilər.

Tədbirin davamında  gənc ədəbiyyatçı-tədqiqatçılar kitabda yer alan hekayələrin bir qismini təhlil etdilər. AMEA-nın Ədəbiyyat İnstitutunun dissertantı, baş mütəxəssisi Büllur Əlizadə; Ədəbiyyat İnstitutunun doktorantı İlknur Əsgərova; BDU-nun doktorantı və müəllimi Səmra Həsənzadə; gənc tədqiqatçı Bəsti Qurbanova - hər biri fərqli aspektlərdən yanaşaraq etnoloji, kultoroloji, mifoloji baxımdan postmodernist düşüncə ilə hekayələri təhlil etdilər.

Sonda layihənin həyata keçirilməsinə dəstək göstərənlər və fəal iştirakı ilə seçilənlər təltif edildilər.

Qızıl almaya doğru gedən türk xalqlarının mədəniyyət yönündəki hər bir layihəsi diqqət çəkir. Uğurlar, hər bir təəssübkeşə.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.