“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinə Türkiyənin Marmaris şəhərində start verilib Featured

 

 

Türkiyədəki Azərbaycan Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari ilin 29 avqust tarixində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinə Marmaris şəhərində başlanılıb.

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, tarixi turizm şəhəri olan Marmarisdə açıq havada qədim amfiteatr səhnəsində keçirilən “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı təqdim olunub. 

Çoxsaylı marmarislərin və şəhərin turistlərinin də iştirak etdiyi konsert proqramında Azərbaycan mədəniyyəti, tarixi, sənəti, turizminə dair videomaterial nümayiş etdirilib. 

Tədbirdə təbrik çıxışı ilə Marmaris şəhər valisi 

Nurullah KAYA, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək, mədəniyyət və sənətin bayramına çevrilmiş məşhur musiqi layihəsi “Elvedasız şarkılar” proqramı haqqında danışaraq,  bu layihə çərçivəsində Azərbaycan musiqi sənəti ilə tanış olmaq fürsətinin əhəmiyyətini qeyd ediblər. 

Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlığı, mədəni əlaqələrimiz, mədəniyyətimiz, zəngin musiqi  sənətimiz, keçirilən “Azərbaycan mədənuyyəti və sənəti günü” haqqında məlumat verilib. 

Daha sonra məşhur sənətçi Bora Gencerin layihəsi ilə keçirilən “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı təqdim olunub. 

İlk öncə Türkiyənin məşhur müğənniləri ilə Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova  milli musiqilərimizi ifa etmişlər. 

Azərbaycan musiqiləri  ifa edildikcə Azərbaycanın zəngin mədəniyyəti, tarixi və turizm gözəlliklərinə dair video materiallar nümayiş olunub.

Gənc azərbaycanlı müğənni Aynur İsgəndərlinin “Çırpınırdı Qara dəniz” adlı əsərin ifası tamaşaçıların alqışları ilə qarşılanıb. Türk dünyası arasında həmrəylik, Vətən, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş musiqilər maraqla qarşılanıb. 

Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblı milli rəqslərimiz – “Azərbaycan suitası”, “Cəngi”  və s. Send a text rəqslərimiz təqdim olunub. 

Tədbirdə “Elvedasız şarkılar” musiqi layihəsinin müəllifi, müğənni Bora Gencer musiqilər ifa edib. Tədbirin qonaqları olaraq konsert proqramında Türkiyə tərəfindən məşhur müğənnilər Murat Kekilli, Fatih Erkoç, Yeşim Salkım, Nühket Duru, Ozan Orhon və b. müğənnilər  çıxış edərək gözəl musiqilər səsləndiriblər. 

Tədbir çoxsaylı iştirakçılar tərəfindən maraqla qarşılanıb, tamaşaçıların alqışları ilə müşaiyət olunub. 

Qeyd edək ki, “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri cari ilin 31 avqust tarixində Antalya şəhərində davam edəcək. Antalyada Nazim Hikmət Konqre Mərkəzində “Azərbaycan gözəl sənətləri” adlı sərgi təqdim olunacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.