Qırğızıstanın Xalq yazıçısı Sultan Rayevin azərbaycanca ilk kitabının təqdimatı oldu Featured

Kənan Mənmədli, “Ədəbiyyat və incəsənət”

 

Mayın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Qırğızıstan Xalq yazıçısı Sultan Rayevin “XAN Nəşriyyatı”nda çap olunmuş “Dəlixana” romanının təqdimat mərasimi keçirildi. Hazırda TÜRKSOY prezidenti vəzifəsini daşıyan Sultan Rayev təqdimatda şəxsən iştirak edirdi.

 

Qeyd edək ki, sözügedən roman Azərbaycan Ədəbiyyat Fondu və “Hədəf” Şirkətlər Qrupunun birgə layihəsi olan “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır. Layihə rəhbərləri Azərbaycan Ədəbiyyat Fondunun və eləcə də “Hədəf” Şirkətlər Qrupunun baş direktorları Varis və Şəmil Sadiqdir. 

Tədbirdə AYB rəhbərliyi, tanınmış ədəbiyyat və incəsənət nümayəndələri, jurnalistlər iştirak edirdilər. 

 

Təqdimatı giriş sözü ilə açan AYB-nin sədri, Xalq yazıçısı Anar Sultan Rayevi Azərbaycanda, rəhbəri olduğu ədəbiyyat ocağında salamlamaqdan məmnunluğunu ifadə etdi. “Dəlixana” əsərinin müəllifin Azərbaycan dilində ilk çap olunan əsəri olduğunu deyən Anar Türk dünyasının böyük yazıçısının azərbaycanlı oxucular tərəfindən də seviləcəyinə və bu layihənin davamlı olacağına inandığını bildirdi. 

 

Ədəbiyyat Fondunun baş direktoru Varis romanın magik-realizm janrının ən əhəmiyyətli nümunələrindən olduğunu, ingilis, rus, türk, macar dillərində dərc edilərək geniş oxucu kütləsi topladığını vurğuladı, qeyd etdi ki, azərbaycanca nəşr daha mükəmməl, orijinala tam yaxın alınıb. 

Varis həmçinin romanın əsas mesajını xatırlatdı: dünyada heç nə izsiz ötüşmür, bütün pisliklər bumeranq kimi geri qayıdır. 

 

“Hədəf” Şirkətlər qrupunun baş direktoru, 

Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həmtəsisçisi və direktoru Şəmil Sadiq əsərin özəlliklərindən danışdı. Bildirdi ki, kitabın tərcüməçisi Aysel Oğuz, redaktorları Yunus Oğuz və Cavid Qədirdir. 

Ş.Sadiq dedi ki, romanda yüzlərlə il əvvəl ölmüş tarixi şəxsiyyətlərin ruhunu daşıyan yeddi nəfərin başına gələnlər təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları şəxslərin yol verdiyi günahların cəzasını çəkirlər.

Əsərin qəhrəmanları özlərindən də, cəzadan da qaçmaq üçün çöllərə düşür, Müqəddəs torpağın axtarışına çıxır, Musa peyğəmbərin ardıcılları kimi səhrada dolaşmağa başlayırlar…

Bəşər övladının ruhu da, əzabı da əbədidir. Bədən dünyanı tərk etsə də, ruh cəzasını başqa bədənlərdə çəkməyə davam edir.

 

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışında ortaq türk ədəbiyyatının və mədəniyyətinin inkişafı üçün bu cür əsərlərin tərcüməsinin önəmindən danışdı. Bu layihənin davamlı olacağına inandığını deyən akademik Sultan Rayevin digər əsərlərinin də Azərbaycan dilinə tərcümə olunmasının önəmini vurğuladı. 

 

Nəşrin redaktoru olan tarixi romanlar müəllifi Yunus Oğuz tərcümə və redaktə prosesinin özəlliklərindən danışdı, kitabın oxucular tərəfindən maraqla qarşılanacağına inamını ifadə etdi. 

 

Tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayev Sultan Rayevin “Daşqın” romanını oxuduğunu bildirdi, o, romanı son illərdə oxuduğu ən mükəmməl roman adlandırdı, “Dəlixana”nın da yüksək nəsr nümunəsi olduğuna inamını ifadə etdi.

 

Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı çıxış edərək Sultan Rayevin başçılığı altında TÜRKSOY-un keçirtdiyi önəmli layihələrdən danışdı və bu günlərdə Azərbaycanın həmin önəmli layihələrdən birinə ev sahibliyi etdiyini dedi. 20-22 may tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ev sahibliyi ilə keçirilən “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalından danışan E.Qafarlı bu kimi layihələrin gənc sənətçilərin inkişafında mühüm rol oynadığını bildirdi. S.Rayevin Azərbaycanda ilk dəfə çap olunan əsərinin geniş oxucu kütləsi qazanacağına inandığını deyən natiq layihədə zəhməti keçən hər kəsə uğurlar arzu etdi. 

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova müəllifi və layihədə iştirak edən hər kəsi təbrik etdi. Belə əsərlərin tərcüməsinin teatr sənəti və kino sənəti ixtisaslarında təhsil alan tələbələr üçün çox önəmli olduğunu deyən rektor tələbələrin səhnələşdirməkləri üçün dram əsərlərinin də tərcümə olunmasının vacibliyini vurğuladı. 

 

Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli türk dünyası ədəbiyyatının özəlliklərinə toxundu, böyük ədibləri ehtiramla andı, Sultan Rayevi də bu pleadanın davamçısı saydı. 

 

Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair Əkbər Qoşalı, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, kitabın redaktoru Cavid Qədir və başqaları çıxış edərək Sultan Rayevin yaradıcılığından danışdılar, əsər münasibəti ilə onu təbrik etdilər. 

Çıxış edən Sultan Rayev hər kəsə minnətdarlığını bildirdi, Azərbaycanda ilk dəfə kitabının çap olunmasından sevincini ifadə etdi.

Tədbirin sonunda müəllif iştirakçılar üçün kitabını imzaladı.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.