“ŞUŞA – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” kitabının təqdimatı keçirilib

Noyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “ŞUŞA – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” kitabının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, Şuşa Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Vətən müharibəsində canlarından keçən şəhidlərimizin ruhuna ithaf olunmuş videoçarx nümayiş olunub.
Təqdimat mərasimində Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Şuşanın tarixinə, mədəniyyətinə həsr olunan kitabın nəşrini təqdirəlayiq hal kimi dəyərləndirib. Otuz il yaxın bir müddət ərzində düşmən tapdağında olan torpaqlarımızda ermənilər tərəfindən həyata keçirilən vandalizm aktlarının dünyaya çatdırılmasında müəllifin fəaliyyətini, xidmətlərini yüksək qiymətləndirərək ona uğurlar arzulayıb.
Kitabın xalqın yaddaşında, tarixində daim yaşayacaq və gələcək nəsillərə çatdırılacaq bir məxəz, mənbə olduğunu qeyd edən Xalq yazıçısı Çingiz Abdullayev deyib: "Ermənilər uzun müddət idi torpaqlarımızı işğal etmişdilər, özləri də başa düşürdülər ki, bu torpaqlar onların deyil. Buna görə də məktəbləri, xəstəxanaları, hər yeri dağıtmışdılar. İnanırdıq ki, biz qayıdacağıq və Ali Baş Komandanın rəhbərliyi ilə qayıtdıq da. Ötən ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsində dünyaya sübut etdik ki, biz qəhrəman, döyüşkən xalqıq. Müəllifin Vətən müharibəsində tarixi qələbəmizi şərtləndirən amillərdən bəhs edən kitabının nəşrini uğurlu addım kimi qiymətləndirirəm"
Tədbirdə professor Vilayət Quliyev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və başqaları çıxış edərək kitab haqqında öz fikirlərini bölüşüblər.
Çıxışlarda qeyd edilib ki, kitabda Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi qələbəsini şərtləndirən amillər, xüsusilə hərbi-diplomatik və informasiya məkanındakı uğurları geniş təhlil olunub. Xüsusilə, Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərməklə, Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi dəyərləndirilir. Bundan başqa, Azərbaycanın tarixi mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın qədim tarixi, mədəni və strateji əhəmiyyəti tədqiq edilir. Kitabda Qarabağ xanlığının paytaxtı - Şuşa qalasının və şəhərin qədim məhəllələrinin salnaməsi açıqlanır. Ümummilli lider Heydər Əliyevin ermənilərin əsassız iddialarına qarşı mübarizəsi və Şuşaya zəngin tarixi abidə kimi qayğısı vurğulanır. Bununla yanaşı, ötən il noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də 2021-ci ildə şəhərin əsl tarixi siması, ənənələri və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlər geniş tətbiq edilir.
Təqdimat mərasimində Elçin Əhmədov bildirib ki, 2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsi Azərbaycanın Qarabağda başladığı və 44 gün ərzində aparılan Vətən müharibəsindəki uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə qədim Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı. Dövlət başçısı İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi.
Kitab haqqında məlumat verən müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.