Erməni cinayətlərinin mühakiməsinə dair elektron kitab dərc olunub

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzi tərəfindən həyata keçirilən erməni cinayətlərinin beynəlxalq və milli mühakiməsi ilə bağlı elektron maarifləndirmə və təbliğat işlərinin aparılmasına dair layihənin icrası başa çatıb. Bu barədə Avropaya İnteqrasiya Mərkəzinin mətbuat xidməti “Ədəbiyyat və incəsənət” portalına məlumat verib. 

 

Layihə çərçivəsində “Erməni cinayətləri beynəlxalq və milli məhkəmələr kontekstində (2020-ci il müharibəsindən sonrakı mühakimə məsələləri) adlı elektron kitab dərc edilib.

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidovun müəllifi oldugu elektron kitabda erməni cinayətlərinin beynəlxalq və milli məhkəmələrdə mühakimə imkanları, habelə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, soyqırımı, müharibə və insanlıq əleyhinə cinayətlərlə mübarizə, hüquqi məsuliyyət məsələləri nəzəri və normativ aspektdən təhlil edilərək araşdırılıb. Həmçinin, vəsaitdə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın diskriminasiya və etnik təmizləmə siyasəti ilə bağlı hüquqazidd hərəkətləri, ad hoc və hibrid məhkəmə təcrübəsinin erməni cinayətlərinin mühakiməsi üzrə tətbiqi və digər beynəlxalq və milli məhkəmə instansiyalarında mühakimə məsələləri də öz əksini tapıb.

Erməni cinayətlərinin beynəlxalq və milli mühakimə məsələləri ilə bağlı elektron maarifləndirməyə xidmət edən və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabın elektron versiyasını http://aggression.az saytının “E-kitablar” bölməsindən əldə etmək olar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.