İjevskə olan unudulmaz səfərim və “SONUNCU HƏRBİ ƏMR” Featured

Şahnaz Kamal, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Mayın 24-də məşhur bəstəkar P. İ. Çaykovskinin vətəni Udmurtiya Respublikasında keçirilən 5-ci Ədəbiyyat Festivalına yolla düşdüm. Səfər Udmurtiya Respublikası Mədəniyyət Nazirliyi və Udmurtiya Milli Kitabxanasının dəvəti, Azərbaycan diasporunun İjevsk şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin dəstəyi ilə baş tutdu. 

 

Səfərimin səbəbi festival çərçivəsində Udmurtiya Xalq yazıçısı Vyaçeslav Ar- Serginin Azərbaycanda nəşr edilmiş “Sonuncu hərbi əmr” hekayələr kitabının təqdimatında iştirak etmək idi. Bu tədbirdə Ar-Serginin hekayələrindən birinin azərbaycancaya tərcüməçisi və Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü olaraq iştirak edirdim.

DGTYB ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ortaq işi olan “Sonuncu hərbi əmr”in layihə rəhbəri Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı, məsləhətçiləri – Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, Tatarıstanda yaşayan soydaşımız, tanınmış ictimai xadim İsmət Orucəliyev, rəyçiləri isə BAMF prezidenti Umud Rəhimoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, DGTYB başqanı İntiqam Yaşardır.

Udmurt yazıçısının hekayələrini ruscadan Azərbaycan dilinə DGTYB Məsləhət Şurasının üzvləri olan ədiblər – Ruhəngiz Əliyeva, Rəsmiyyə Sabir, Həyat Şəmi, Şahnaz Kamal, Talehə Əliyeva, İbrahim İlyaslı, Şəfəq Sahibli, Şahməmməd Dağlaroğlu çevirib. Kitabın redaktorları Əkbər Qoşalı və DGTYB üzvləri Xəyalə Zərrabqızı, Xəyalə Sevildir.

Qeyd edim ki, “Sonuncu hərbi əmr” udmurt ədəbiyyatının Azərbaycanda, o cümlədən Qafqazda işıq üzü görən ilk nümunəsidir.

Təqdimat mərasimi saat 17:00-da Udmurtiya Milli kitabxanasında olacaqdı. Elə həmin gün “Dostluq” cəmiyyətinin təşkil etdiyi, Azərbaycan Respublikasının yaranmasının 106-cı ildönümünə və Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş mahnı müsabiqəsi də oldu. Artıq dördüncü il keçirilən bu müsabiqə İjevsk şəhərindəki “Kosmonavtlar parkı”nda keçirilirdi.  “Xalqlar Dostluğu Evi” də həmin parkda yerləşir. “Dostluq” cəmiyyətinin sədri Zülfüqar Mirzəyev məni tədbirdə iştirak etmək üçün gələn Udmurtiya Respublikasının Milli Siyasət naziri Eduard Petrov və “Xalqlar Dostluğu Evi”nin direktoru Yuliya Şaxtina ilə tanış etdi. Biz Azərbaycan və Udmurtiya arasında mədəni əlaqələrdən danışdıq, xatirə şəkli çəkdirdik. Daha sonra Zülfüqar müəllim tədbir iştirakçılarını “Kosmonavtlar parkı”nda olan Azərbaycan guşəsi ilə tanış etdi. Görülən işlər çox xoşuma gəldi. Bağda həm ağaclar, güllər əkilmiş, həm də üzərində Azərbaycanın xəritəsi, Qobustan qayalarının, butanın təsviri olan daş abidələr qoyulmuşdu.

Fürsətdən istifadə edib çay süfrəsi ətrafında İjevskdə yaşayan həmvətənlərimizlə də tanış olub fikir mübadiləsi apardıq. Esfira xanım, Fəxriyyə xanım, Təranə xanım, Təhminə xanım, Şəhla müəllimlə tanış oldum.

Bu tədbirdən sonra Milli Kitabxanaya, Ar-Serginin kitabının təqdimatında iştirak etməyə getdik. Bizi kitabxananın direktoru Tatyana Tensina və xalq yazıçısı Vyaçeslav Ar-Sergi qarşıladı. 
Tədbirdə Udmurtiya Respublikası Mədəniyyət naziri Vladimir Solovyov, Udmurtiya Milli Kitabxanasının direktoru Tatyana Tensina, Udmurtiya "Dostluq" Azərbaycan Cəmiyyətinin sədri Zülfüqar  Mirzəyev, ədəbiyyatşünas, filologiya elmləri doktoru Tatyana Zaytseva, şair Sergey Jilin, tənqidçi Aleksandr Shklyaev, "Kenesh" jurnalının baş redaktoru Anastasiya Şumilova, Kazandan gəmiş İsmət Orucəliyev, Gülnarə Cabbarova və digər qonaqlar iştirak edirdilər.
Təqdimat mərasimini Udmurtiya folklor mahnı və rəqs teatrının "Ayqay" ansambılı konsert performansı ilə başladı və Udmurt-Azərbaycan dostluğuna və ədəbi əlaqələrə həsr olunmuş tədbirə udmurt rəngi qatdı.

Daha sonra qonaqların çıxışları oldu. Udmurtiya Xalq Yazıçısı Vyacheslav Ar-Sergi Azərbaycana olan unudulmaz səyahətləri, məşhur Azərbaycan yazıçıları ilə görüşləri haqqında dinləyicilərə danışdı. 
Kitabın Azərbaycan türkcəsinə tərcüməsi ideyasının müəllifi Əkbər Qoşalının video-təbriki dinlənildi. Çıxış həm qonaqların, həm kitabxana rəhbərliyinin çox xoşuna gəldi və kitabxananın direktoru Tatyana Tensina bu video-təbriki kitabxana fondunda saxlamağı təklif etdi.
Vyaçeslav Ar-Sergi Əkbər Qoşalının udmurtcaya çevirdiyi şeirini də səsləndirdi.

Verilən fürsətdən istifadə edərək mən də Ar-Serginin yaradıcılığından, azərbaycancaya çevirdiyim “Padış itib” hekayəsindən danışdım. Kitabxanaya bir neçə kitab hədiyyə etdim. Tatyana Tensina hədiyyələrə çox şad oldu, ələxsus da Sankt-Peterburqda nəşr olunmuş həmmüəllifi olduğum “Uşaqlar üçün Azərbaycan dili, 6-7 yaş” kitabına. 
Mədəniyyət naziri V. Solovyov çıxışında tədbirin yüksək səviyyədə keçirildiyini vurğuladı və bir udmurt yazıçısının kitabının azərbaycanca nəşrinin iki xalq arasında körpü olacağı fikrini qeyd etdi.

Tədbirdə rus, udmurt və Azərbaycan dillində şeirlər və mahnılar səsləndirildi. Azərbaycanlı müğənni Parviz Mahmudovun tədbirin sonunda udmurd dilində oxuduğu udmurt mahnısı "Oy, ti, çeber nilyos!" ("Ax, siz qızlar – gözəllər...") bu tədbirə gözəl bir nida qoydu.

Udmurtuyaya səfərimin ikinci günü Mədəniyyət naziri V. Solovyovun dəvəti ilə məşhur bəstəkar P. İ. Çaykovskinin Votkin şəhərində yerləşən ev muzeyinə getdik. Muzeydə bələdçi bizə Çaykovskinin Votkindəki həyatı barədə geniş məlumat verdi.

Udmurtiyaya ilk və unudulmaz səfərimdə orada yaşayan soydaşlarımız tərəfindən böyük sayğı gördüm. Səfərin təşkilatçısı, “Dostluq” cəmiyyətinin sədri Zülfüqar Mirzəyevə, Udmurtiya Milli kitabxanasının işçisi Gülcan Seyidovaya, Fəxriyyə xanıma, İlqar müəllimə, Şahin müəllimə dərin minnətdarlığımı bildirirəm.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.