Fəaliyyətinə yenidən başlayan “YAY” qalereyasının açılışı oldu Featured

İncəsənət insan hisslərini təsvir edən vasitədir. Bəzən insanlar sözlərlə ifadə edə bilmədikləri hisslərini çox rahatlıqla rəsmdə təsvir edə bilirlər. Sözsüz ki, hər şey incəsənətdir, əsas məsələ isə onu görməkdir.

 

Günümüzdə incəsənətə yeni texnoloji anlam gəlib. Bu müasirlik bizim xeyrimizə olduğu qədər, həm də dövrümüzün yaradıcılığını bizə təqdim edir. Bunu bizə hiss etdirən “YAY” qalereyası böyük məmnuniyyətlə yenidən açılışını elan edir.

Həftəsonu “YAY” qalereyasında “Hər şey yaxşı olacaq: Sabah və ya nə vaxtsa” adlı qrup sərgisinin açılışı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, açılışda iştirak edən “YARAT” Müasir İncəsənət Məkanın təsisçisi, rəssam Aida Mahmudova da qrup sərgisində olan rəssamlardan biridir.

 

Sərginin açılışından əvvəl sərginin kuratoru Zəhra Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, müxtəlif medialarda çalışan və fərqli təcrübələri olan səkkiz rəssam bu sərgidə bir araya gəlib.

Qeyd edilib ki, bu dəfə Rasim Babayev, Elşən Baba, Orxan Hüseynov, Tərlan Qorçu, Aida Mahmudova, Qafar Rzayev, Zamir Süleymanov və CHINGIZ-in əsərlərindən ibarət qrup sərgisi təqdim olunub.

Z.Məmmədova diqqətə çatdırıb ki, sərginin başlıca məqsədi müəyyən “düşüncə toxumlarının” cücərməsinə sövq etmək, insanları çətin dövrlərdə incəsənətin gücünə inanmağa vadar etməkdir.

 

Sərginin açılışında çıxış edən “YARAT” Müasir İncəsənət Məkanının baş kuratoru, sənətşünas Fərəh Ələkbərli başda “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi, rəssam Aida Mahmudova olmaqla, sərgidə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Sərgi ilə tanış olan qonaqlara burada müasir dilemmalardan tutmuş introspektiv səyahətlərə qədər geniş mövzuları araşdırmaq təklif olunur. Rəssamlar zaman və məkan anlayışının mürəkkəblikləri arasında məna axtarmaqla liminal məkanları, həmçinin bizim kim olduğumuzu və əqidəmizi götür-qoy etməyə məcbur edərək, identiklik və kimlik məsələsini araşdırırlar.

 

Ekspozisiya özündə rəssam “gündəliyini” ehtiva edir. Bu gündəlik, bəlkə də, rəssamın şəxsən özü üçün məna kəsb edir, amma, eyni zamanda, tamaşaçı üçün rezonans doğurur və kollektiv təcrübəni əks etdirir.

Sərgi tamaşaçıları incəsənətin dəyişikliklərə səbəb olmaq kimi əzmini və qüdrətini nəzərdən keçirməyə məcbur etməklə, “incəsənət, eyni zamanda, həm güzgü, həm də bir vasitədir” düşüncəsi ilə üz-üzə qoyur.

Əsərlərdə bizim ictimai-siyasi reallığımız ilə dialoq, ruhumuza ünvanlanan və onunla danışan səmimi, açıq bir söhbət var. Burada suallar yaranır, onlar bizi konflikt və xaosu nəzərdən keçirməyə, həmçinin daxili aləmdə gözəllik və məqsəd tapmağa məcbur edir... Hər bir rəssam, özünəməxsus şəkildə öz dövrünün həqiqət carçısı sayıla bilər və bizi öz hekayələrində məna tapmağa dəvət edir.

 

Sənətsevər qonaqların sərgi ilə tanışlığından sonra möhtəşəm konsert proqramı təqdim edilib.

Sərgi dekabrın 8-dək davam edəcək.

Qeyd edək ki, 2012-ci ildə yaradılmış “YAY” qalereyası UNESCO-nun dünya irsi siyahısına daxil olan Bakının qədim İçərişəhərində yerləşir.

Qalereya Azərbaycanda incəsənət infrastrukturunu dəstəkləmək öhdəliyi çərçivəsində qeyri-kommersiya təşkilatı olan “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən təsis edilib.

“YAY” qalereyasının əsas fəaliyyəti Azərbaycan və digər ölkələrdən olan istedadlı və perspektivli gənc rəssamların, tanınmış və təcrübəli sənətçilərin əsərlərindən ibarət sərgi-satış tədbirlərinin keçirilməsinə yönəlib.

Qalereya incəsənət nümunələrinin satışından əldə edilən gəlirləri rəssamlar və “YARAT” təşkilatı arasında bölüşdürür.

“YAY” qalereyasının digər prioritetlərindən biri də fikir və təcrübə mübadiləsi platforması olaraq rəssamlar, həmçinin incəsənət sahəsində çalışan mütəxəssislər tərəfindən aparılan mühazirələr, seminarlar, habelə film nümayişləri və s. təşkil etməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)