40 ildən sonra, İkinci Şıxlıda! Featured

Valeh Musayev adına Qazax rayon İkinci Şıxlı kənd tam orta məktəbinin məzunları 40 ildən sonra görüşdülər

 

Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti, Konqresin Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvü və ən nəhayət, “Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Şahin Şıxlinskinin təşəbbüsü ilə maraqlı bir tədbir ərsəyə gəlib: Valeh Musayev adına Qazax rayon İkinci Şıxlı kənd tam orta məktəbinin 1973-1983 tədris ili məzunlarının 40 illik yubiley görüşü keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Şahin Şıxlinskidən tədbir barədə fikirlərini alıb. 40 ildən sonra bir araya gələn məzunlar ilk olaraq, İkinci Şıxlı kəndində yerləşən 1-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş Memorial Abidə Kompleksini, Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarlarınıa əklil və gül dəstələri qoyulub, onların ruhuna dualar oxunub. 

Sonra məzunlar onlara dərs deyən, elm öyrədən,  dünyasını dəyişmiş müəllimlərinin, həmçinin dünyasını dəyişən sinif yoldaşlarının qəbirlərini ziyarət ediblər.

40 ildən sonra doğma məktəbin həyətinə qədəm qoyan məzunları 1-ci  və 11-ci sinifin şagirdləri gül dəstələri ilə qarşılayıblar.

Daha sonra məzunlar təhsil aldıqları sinfə daxil olublar. Parta arxasında əyləşən məzunlar ötən illərin xatirələrini bir daha yad ediblər. 

Məktəb illəri. Onlardan şirin, onlardan unudulmaz daha nə ola bilər axı! 

Sinif otağına 40 il bundan öncə olduğu kimi rus dili müəlliməsi Esmiral Şıxlinskaya daxil olub. Məzunlar müəllimlərini alqışlarla qarşılayaraq, ona gül dəstəsi təqdim ediblər. Esmiral müəllimə şagirdlərinə tədris etdiyi rus dili fənnindən dərs keçərək onları bir neçə dəqiqəlik də olsa uşaqlıq illərinə qaytarıb. Hamı kövrəlib. Esmiral müəllimə sevimli şagirdlərinə bu görüşü təşkil etdiklərinə görə öz minnətdarlığını bildirib.

 Görüşün rəsmi hissəsi məktəbin həyətində baş tutub. Tədbiri giriş sözü ilə "Patriot tvaz" kanalının baş redaktoru Ceyhun Əliyev açıb. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış üçün ilk söz məktəbin direktoru Rauf Kazımova verilib. O, məzunları və qonaqları salamlayaraq onlara bu görüşün təşkilinə görə məktəb kollektivi adından minnətdarlığını bildirib. Tədbir iştirakçılarına Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbinin yaranma tarixi haqqında ətraflı məlumat verən direktor sözü digər natiqlərə verib. Daha sonra veteran müəllim Qəhrəman Binnətov, məktəbin müəllimlərindən Tünzalə Əfəndiyeva, Gülarə Qurbanova, Binnət Binnətov, Ənvərpaşa Osmanov,  fəxri qonaqlardan "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri tanınmış filoloq, dilçi Mehdi Şıxlinski, BDU-nun Qazax filialının professoru Valeh Nəsibli, BDU-nun Qazax filialının baş müəllimi, müharibə veteranı Mustafa Rasimoğlu, Xalq artisti Tariyel Qasımov, Gəncə şəhər Kardioloji xəstəxanasının həkimi, kardioloq, şair Rizvan Ələkbərov, İkinci Şıxlı kənd icra nümayəndəsi Natiq Qədimov, kəndin bələdiyyə sədri Fikrət Talıbov çıxış edərək öz ürək sözlərini bölüşüblər.

"Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü professor Valeh Nəsibli çıxış edərək tədbirə uğurlar arzulayıb və deyib: “Hörmətli tədbir iştirakçıları, əziz məzunlar, hər birinizi "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədovun, İctimai Birliyin üzvlərinin adından salamlayır və 40 illik görüş münasibətilə sizləri təbrik edirəm. Bu gün bu möhtəşəm görüşdə bizimlə birlikdə İctimai Birliyin üzvləri Xalq artisti Tariyel Qasımov, şair, müharibə veteranı Mustafa Rasimoğlu, birinci Qarabağ savaşında qəhrəmanlıqlar göstərən veteranlar Topçu Ərəstun, Namiq Əliyev, Vətən Müharibəsində Şəhidlik xəbəri yayılan, möcüzə sayəsində həyata qayıdan Qazi mayor Xəyyam Əliyev, İctimai Birliyin Qazax və Ağstafa rayonları üzrə nümayəndəsi Ələddin Qarayev, "ƏSƏDOĞLU" marketlər şəbəkəsinin yaradıcısı Vüqar Kərimov da iştirak edir. Mən həmin qonaqların da adından sizləri salamlayır və təbrik edirəm. Qazax Azərbaycanın elm məbədidir. Qazaxda elm adamlarını, ziyalıları, şairləri, aşıqları saymaqla bitib-tükənməz. Onlarla bərabər Qazaxın xeyriyyəçi, səxavətli oğulları da az deyil. O insanlardan biri də "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, hamımızın fəxrimiz, bu məktəbin məzunu, Şıxlı kəndinin əziz oğlu Şahin Şıxlinskidir. Onun həm Azərbaycanda, həm də Azərbaycanın hüdudlarından kənarda gördüyü xeyriyyə işləri, Azərbaycanla bağlı keçirdiyi uğurlu  tədbirlərin sədası hər birimizi sevindirir və biz ziyalılar Şahin Şıxlinski kimi səxavətli və dövlətinə, xalqına sədaqətli oğullarla daim fəxr edirik. Bu gün ömrünüzə - ömrümüzə yazılan unudulmaz günlərdəndir. Məktəbli oğlan və qızlar 40 ildən sonra müdrik insan kimi görüşür. Bu da xoşbəxtlikdir. Görüşün təşkilində əməyi keçən hər kəsə təşəkkür edirəm. Vətənimizə, mahalımıza hər zaman belə görüşlər qismət olsun. Hər birinizə uzun ömür, can sağlığı, tədbirə uğurlar arzulayıram".

Daha sonra məzunlardan Bəhlul Ömərov, Billur Salehova, Faiq Yusifov çıxış edərək məzunları və qonaqları salamlayıblar. Məzunlara bu tədbiri təşkil etdiklərinə görə təşəkkürlərini bildiriblər.

Məktəbin direktor müavini Ağca İsmayılova çıxış edərək uzun illər keçməsinə baxmayaraq məktəbi, müəllimləri unutmadıqları üçün məzunlara minnətdarlığını bildirib. Ağca İsmayılova Xalq şairi Bəxtiyar Vahabzadənin "Parta yoldaşı" şeirini söyləməklə məzunları xəyalən də olsa yenidən məktəb illərinə qaytarıb.

Daha sonra söz məzunlardan Şahin Şıxlinskiyə verilib. Şahin Şıxlinski tədbir iştirakçılarını salamlayaraq, məktəbin rəhbərliyinə, onlara dərs deyən müəllimlərə , qonaqlara öz dərin minnətdarlığını bildirib. Dünyasını dəyişən müəllimlərini, sinif yoldaşları Gülnarə Xancalıyevanı unutmadıqlarını, onların xatirəsini daim əziz tutduqlarını söyləyib, onlara Allahdan rəhmət diləyib.

O, çıxışına Ümumilli Lider Heydər Əliyevin müəllimlər haqqında dediyi "Mən müəllim adından yüksək ad tanımıram" kəlamı ilə davam edib. Ulu Öndər Heydər Əliyevin Qazaxa və Qazaxlılara verdiyi qiyməti də böyük qürur hissi ilə xatırladıb: "Ulu Öndər Heydər Əliyev Qazaxa və Qazaxlılara yüksək qiymət verib: "Qazax Azərbaycanın mədəniyyət mərkəzidir. Qazax şairlər, mütəfəkkirlər yurdudur. Siz əziz Qazaxlıla, burada - sərhəddə həm öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız!" 

Şahin Şıxlinski öz çıxışını bu sözlərlə tamamlayıb: “Hörmətli tədbir iştirakçıları, biz xoşbəxtik ki, belə bir yurdun övladlarıyıq. Və biz də hər zaman öz işimizlə, fəaliyyətimizlə çalışmışıq ki, doğma Qazağımıza verilən qiyməti doğruldaq. Azərbaycanın adının ən yüksək tribunalarda səslənməsi üçün bir vətəndaş kimi üzərimizə düşən məsuliyyəti yerinə yetirmək üçün çalışırıq". 

Doğma vətənimiz Azərbaycan naminə diaspora fəaliyyəti yönündə yorulmaq bilmədən çalışan Şahin Şıxlinski bu gün də yüksək əzmlə, məmnunluq hissi ilə işlərini davam etdirir. Həmyerlimiz Şahin Şıxlınski hər zaman qeyd edir: "Hər bir azərbaycanlı öz ölkəsinin kiçik səfiri olmalıdır. Hər yerdə o vətəninin mənafeyini qorumalı, onun inkişafına dəstək olmalıdır. Bunun üçün hər kəsin dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və tariximiz haqqında geniş və əsaslı bilgilərə malik olması vacibdir".

Şahin Şıxlinski öz çıxışında bütün qazaxlıların sevincinə səbəb olacaq bir xəbəri də tədbir iştirakçılarının nəzərinə çatdırıb: "Mən bir neçə gün öncə Qazax RİH-nin başçısı cənab Rəcəb Babaşovla görüşdüm. Qazaxa gəlişimin məqsədini bildirdim. Rəcəb müəllim məni hörmətlə qarşıladı. Mən Rəcəb müəllimə yeni bir layihə haqqında ətraflı məlumat verdim. Tarixi min illiklərə söykənən Şıxlı kəndində dünyaya göz açan dahi şəxsiyyətlərin büstündə ibarət həm Azərbaycana giriş hissədə (Gürcüstan Respublikasından), həm də Birinci Şıxlı və İkinci Şıxlı kəndlərinin kəsişməsində Abidə Kompleksinin ucaldılması təklifini irəli sürdüm. Sağ olsun, cənab Rəcəb Babaşov məni dinləyərək nəzərdə tutulan kompleksin inşa ediıməsinə razılıq verdi".

Şahin Şıxlinski çıxışının sonunda məzunlar adından məktəbin şagirdlərinə printer, kserokopiya , skaner, A4 kağızları,  futbol və voleybol meydançaları üçün lazım olan idman avadanlıqları, veteran müəllimlərə və məktəbin kollektivinin üzvlərinə qiymətli hədiyyələr təqdim edib.

Şahin Şıxlinski eyni zamanda məktəb binasının təmirini də unutmayıb. Onun təşəbbüsü ilə məzunlar tərəfindən məktəbin qapı və pəncərələri dəyişdirilib yenisi ilə əvəzlənib. Məktəbin döşəməsi yenidən təmir olunaraq şagirdlərin istifadəsinə verilib. Məzunlar həmçinin sinif otaqlarına, eyni zamanda müəllimlər otağına yeni stol və stullar hədiyyə ediblər.

Məzunlar məktəbin həyətində ağac əkmə aksiyası da təşkil ediblər. Aksiya zamanı məktəbin həyətində hər bir  məzunun adından ümumilikdə 30 ədəd olmaqla küknar və "Gəncə çinarı" ağacları əkilib.

Tədbir Gəncə “Göygöl” Dövlət Mahnı və rəqs ansamblının izdihamlı izləyici ordusuna hesablanmış konserti ilə davam etdirilib.

Ansamblın solistləri Leyla Mehdiyeva, Şirxan Cahangirov və "Xəmsə" rəqs qrupu öz çıxışları ilə  tədbir iştirakçılarına və kənd camaatına gözəl anlar bəxş ediblər. Tədbirin rəsmi hissəsinin sonunda xatirə şəkli çəkdirilib. 

Məzunlar tədbir iştirakçılarını Ehram çayının Kür  çayı ilə qovuşduğu məkanda "Sınıq körpü" istirahət və restoran kompleksində ziyafət süfrəsinə dəvət ediblər.

Bununla da Valeh Musayev adına Qazax rayon İkinci Şıxlı kənd  tam orta məktəbinin 1973-1983-cü il buraxılışının məzunlarının 40 illiyinə həsr olunmuş yubiley görüşü başa çatıb.

Amma bu görüşün xatirələri yəqin ki, uzun müddət yaddaşlardan silinməyəcək.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)