Poeziyanın yorulmaz əsgəri ELDAR ƏHƏDOV Featured

 Bu gün Rusiyada yaşayıb yaradan həmyerlimiz, şair Eldar Əhədovun doğum günüdür. “Ədəbiyyat və incəsənət” portalının kollektivi bu münasibətlə Azərbaycan Ədəbiyyat Fondunun səmimi təbriklərini Eldar Əhədova çatıdrır, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır.

Oxucularımıza şairin şeirlərindən bir çələng təqdim edirik. Tərcümə Elviz Əliyevindir.

 

Eldar Əhədov Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Rusiya Yazıçılar Birliyinin, Cənubi Rusiya Yazıçılar Birliyinin üzvü, Beynəlxalq PEN Klubun və Rusiya Coğrafiya Cəmiyyətinin üzvüdür. Azərbaycan, ingilis, ispan, italyan, çin, rus və serb dillərində 80 şeir və nəsr kitabının müəllifidir. Rusiya, İtaliya, Almaniya, İspaniya, Venesuela, Serbiya, Monteneqro və digər ölkələrin ədəbi mükafatları laureatıdır.

 

 “Eldar Əhədov rus dilində yazan görkəmli Azərbaycan şairidir. Çoxşaxəli şəxsiyyət, eyni zamanda dağ-mədən mühəndisi, şaxtaçı, Arktika fəzalarını, yerin içini və insan şüurunun dərinliklərini araşdıran tədqiqatçı, dilçi alimdir və bir tənqidçi, bir müəllimdir. O, ətrafımızda və içimizdə olan fiziki kainatı tərənnüm edir və eyni zamanda varlığımızın bizə verdiyi sirli metafizik suallarla məşğul olur... Onun ruhu ehtiraslı intellektual axtarışı empatiya və alicənablıqla birləşdirir. Onun şeirləri oxunur, iztirab və sevinclə nəfəs alır, amma hər şeydən əvvəl ümid saçır”.

(Richard Berenqarten Kembric, Böyük Britaniya)

 

AĞAC

 

Gurlayır fokstrot, hayqırır toplar,

Kəndlər və yazılar alışır oddan,

Bir ağac gözləyir yalnız, intizar,

Sən öz pəncərəndən baxarsan haçan.

 

Buz sınır, idraklar işığa möhtac,

Çıxan Ay alova bürünmüş bu an,

Yenə də gözləyir o tənha ağac,

Sən öz pəncərəndən baxarsan haçan.

 

Gün boyu fikirlər səni izləyir,

Önündə də divar, divar arxadan,

Yalnız o ağacdı durub, gözləyir,

Sən öz pəncərəndən baxarsan haçan.

 

Әks-səda yayılıb, boğulur suda,

Sanki yoxa çıxdı, dağıldı zaman,

Ağac nigarandı, gözləyir o da,

Sən öz pəncərəndən baxarsan haçan.

 

Sən not pıçıltısı kimi yağan qar,

Qarışdin gecənin xışıltısına,

Yenə də o ağac qalıb intizar...

O, sənə bənzəyir, sən isə ona.

 

 

O YERLƏRDƏ

 

O yerlərdə zərif quşlar oxuyur,

gətirib zümrüd tək nəğmələr dilə,

Orda minarələr yüksəkliyindən

səma pərvazlanır cingilti ilə.

Ay qalxır devrilmiş ənginliklərə,

nur saçır üzünə geniş cahanın,

Al-əlvan bir gözəl şanapipik də

 səhərlər yanından ötür insanın...

Orda qayaların ağuşlarında

dağın əks-sədası hey avazlanır,

Dəniz sahilində əsən küləkdən

ağac yarpaqları sanki nazlanır.

Orda məhəbbətdir yuxunu pozan,

sevincdən, gülüşdən olar gözdə nəm,

Bir də o yerlərə qayıdaram mən,

 o yerdə qalaram, heç vaxt ölmərəm.       

 

 

XOŞ SÖZ

 

Dünya bir Xoş sözdən almış təməlin,

Təəccüblü nə var? Düşünək gəlin.

Bir xoş sözlə dinək nurlu səhərdə,

Dünəndən inciklik hökm edən yerdə,

İnciyib, küsübsə quda qudayla,

Qardaş dalaşıbsa harayla, hayla...

Bəs belə davranış gələrmi saya,

Əgər əl qaldırsa oğul anaya?!

Dayanın, dayanın!

Dinləyin təzdən.

Bu dünya yaranıb axı xoş sözdən,

Bircə gülər üzdən, bir xoş baxışdan,

Təbii səhərdən, müqəddəs anddan!

Sülh ilə yaşasın dost, qonşu, kim var,

Şahinlər, balıqlar, hətta ayılar,

Sülh olsun meşədə, çəməndə, düzdə,

Sülh olsun yad eldə, sülh olsun bizdə.

Bu gün doğulanlar daim var olsun,

Onlara məhəbbət, tale yar olsun!

Kimlər ki, dünyaya gəlib bir kərə

Xoşbəxtlik dilərəm mən min illərə..

Azdımı? Qəlbimin verilsin təbi

Xoş günləri olsun daim, əbədi!

Xoş sözümüz olsun su, od və hava,

Sülh olsun həmişə, gərəkmi dava?

Hamı sağlam olsun, olsun xoş büsat,

Çünki xoş söz ilə başlayır həyat!

 

 

MƏNİ TƏRK ELƏMƏ

 

Ey xilaskar mələyim, mən sənə layiq deyiləm,

Gecə, gündüz nə qədər güc etsəm də qələmə,

Nə ilə fəxr eləyirdim boşa çıxdı, budu qəm,

Amma, bu günümdə məni sən tərk eləmə!,,,

 

Altıncı hiss özüdür duyğular içində önəm,

Necə leysan tökülə, yandıran odlar ələnə,

Ey xilaskar  mələyim, mən sənə layiq deyiləm,

Amma, bu günümdə məni sən tərk eləmə!...

 

Heç ölüm gözləməsin qarşısında mən əyiləm,

Baxmadım lovğalanıb mən bu ömür silsiləmə,

Ey xilaskar mələyim, mən sənə layiq deyiləm,

Amma, bu günümdə məni sən tərk eləmə!...

 

 

SƏNDƏN SAVAYI

 

Bütün şəkillərini

Bir-bir cırıb tulladım,

Bu olmadı imdadım,

Səni unudammadım.

 

Eldən, obadan qaçdım,

Bir də geri dönmədən

Neçə bələnlər aşdım,

Bu olmadı imdadım,

Səni unudammadım.

 

Məni sevənlər oldu,

Qədrim bilənlər oldu,

Kədərimi bölüşüb,

Mənlə gülənlər oldu, 

Bu olmadı imdadım,

Səni unudammadım.

 

Acı meydən, şətabdan

İçdim içənə kimi,

Huşum itənə kimi,

Bir sonsuz yoxluq kimi,

Sonuncu məxluq kimi,

Küçədə sərxoş yatan

Yazıq pinəçi kimi,

Nə bilim nəçi kimi,

Nə bilim nçi kimi,

Bu olmadı imdadım

Səni unudammadım.

 

Evləndim, həyatıma

Ailə, uşaq doldu,

Evim-eşiyim oldu,

Bu olmadı imdadım,

Səni unudammadım.

 

İndi mən qocalıram,

Can atsam da havayı

Hər şey yadımdan çıxır,

Hər şey, səndən savayı.

 

İŞIĞIN KÖLGƏSİ YOXDUR

 

İşığın kölgəsi yoxdur.

Kölgənin kütləsi yoxdur.

Kütlənin işığı yoxdur.

İşığın yoxluğu qaranlıqdır.

İşığın əks olunması - kütlədən kölgə.

Məkan olmadan vaxt da yoxdur.

Zaman olmasa, işıq da olmaz.

Və işığın kölgəsi yoxdur.

 

 

KAĞIZDAN ATA

 

Rəfdə nə papaq var, nə də ki, əlcək,

Çoxdandı yanmayır buxarı ocaq.

"Ay ana, bəs atam nə vaxt gələcək?"

Soruşur anadan bu körpə uşaq.

 

Bayırda payızın nəfəsi gəlir,

Gecələr şaxtalar andırır qışı,

Nə desin?...Ananın qəlbi kövrəlir,

Boğur qəhər ilə onu göz yaşı...

 

Sükutu uşağın təkidi pozur:

"Gəl mənə kağızdan ata düzəldək,

(Ananın halını o, özü yozur)

Amma bunu heç kim bilməsin gərək.

 

Hər yerdə özümlə gəzdirəcəyəm,

Onu gəzdirmək də çünki asandır.

Nə olsun, kağızdan olanda, bəyəm?

O ki, həm cəsurdur, həm pəhləvandır."

 

 

ANLARSAN

 

Bir gün anlayarsan, həqiqətən də

Haqqı, ədaləti çox olar danan.

Kövrək bir könül var güclü bədəndə,

Incidərlər, sındırarlar nagahan.

 

Keçmişlə gələcək arasında sən

Boşluqlar görsən də, tanrı pənahdı.

Çalış ki, uzaq ol qəmdən, qüssədən,

Boş şeyin dərdini çəkmə, günahdı.

 

Dünyanın sehrini duy, sevinc ilə,

Aləm bizimlədir, bizimlə inan.

Keçək gülə-gülə, verib əl-ələ,

Zamanın bu eniş, yoxuşlarından...

 

 

HƏKİM ÇAĞIRMAQ

 

Həkim çağırmaq olar,

Təcili yardım gələr.

Qulluqçu çağırarsan,

Köməyin ola bilər.

Duyelə çağırarsan

Qəzəblənib kimsəni...

Taksi çağırsan əgər,

Gəlib aparar səni.

Yağış da çağırarsan,

Təbiətə can verər,

Polis də çağırarsan,

Qoymaz çəkəsən zərər.

Istədiklərin olar,

Çağırmağına baxır,

Gülüş, qəzəb, ya qorxu,

Nə istəyirsən çağır.

Nə desən çağırarsan,

Sən belə vərdiş ilə,

Bir Tanrı, bir məhəbbət,

Gəlməz sifariş ilə!

 

 

GƏNCLİK VƏ QOCALIQ

 

Çılğın gəncliyimi salıram yada.

Göy səma altında, bu gen dünyada,

Necə də qayğısız bir cavan idim,

Aləmə, dünyaya mən heyran idim.

Həzin bir ahəngi vardı zamanın,

Qədrini bilməzdim onda hər anın.

Qorxmadan heç nədən, sanki, nə dərdim?

Göz yaşı tökmədən köçüb gedərdim...

Indi əldən salıb qocalıq məni,

Düşünüb, anıram olub, kecəni.

Həyatın mənası nə dərin imiş,

O, keçən illərim nə şirin imiş.

Hər baxış, hər bir an mənə təsəlli,

Tuturam həyatdan indi cüt əlli.

 

Növbəti gün sizə Eldar Əhədovun “Xarı bulbul” poemasını təqdim edəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2024)