Musiqili Teatr mövsümə yekun vurdu

Müvafiq həyat reallıqlarına uyğun olaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 111-ci mövsümə Zoom platforması üzərində yekun vurdu, il ərzində yaradıcılıq uğurları ilə seçilən əməkdaşlarını təltif etdi.
“Ədəbiyyat və incəsənət” portalı teatrın mətbuat xidmətinə istinadən bildirir ki, tədbirdə Vətən müharibəsində canlarını fəda etmiş qəhrəmanları, o cümlədən teatrın işıqçısı, şəhid Əliağa Məmmədovun əziz xatirəsi ehtiramla yad olundu.
Tədbirin aparıcıları – Əməkdar artist, Prezident mükafatçısı Əkbər Əlizadə və istedadlı aktrisa Mehriban Zaliyeva teatr kollektivinin İkinci Qarabağ müharibəsinə şəhid verməklə yanaşı, arxa cəbhədə yorulmaz fəaliyyətindən, yaradıcılıq əzmindən də söz açdılar. Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev yekun tədbirinin ilk dəfə onlayn formatda təqdim olunmasına diqqət çəkərək ötən bir il ərzində yaradıcı insanların qarşılaşdığı bütün maneələrdən, eləcə də çətinliklərin fonunda qazanılan uğurlardan danışdı. O dedi: “Mövcud pandemiya teatrların düzəninə olduqca mənfi təsir etdi. Amma buna baxmayaraq kollektivimiz ən sərt karantin dönəmində, eyni zamanda 44 günlük Vətən müharibəsi günlərində belə yorulmadan, əzmlə çalışdı və fəaliyyətimizlə Ali Baş Komandanın ətrafında həmrəyliyimizi bir daha göstərdik. Biz bu tarixi dönəmdə bir daha əmin olduq ki, birliyimizlə daha çox nailiyyətlər əldə edə bilərik. Bu tədbirdə də əsas məqsədimiz teatrda çalışan gənclərin gələcək fəaliyyətlərinə stimul verməkdir”.
Mükafatlandırılan əməkfaşlar bunlardır: Teatrın quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Əsgər Əsgərov və Samir Qulamov; aktyorlar – Emil Heydərov, Nicat Əli, Zaur Əliyev; bədii quruluş hissə müdiri Qabil Gözəlov; quruluşçu operator və montajçı Hikmət Şahverdizadə; teatrın mətbuat katibi Fəridə Aslanova; orkestr artisti Firuzə Nəcəfli.
Mərasimdə həmçinin Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi “Büllur alma” mükafatı da təqdim olundu. “Mövsümün ən işgüzar rejissoru”  nominasiyasında teatrın quruluşçu rejissoru Samir Qulamov və “Vətən müharibəsində göstərdiyi şücaətə görə” nominasiyasında balet artisti Murad Ağayev “Büllür alma”nın sahibi oldular.  Sonda teatrın gənc solistləri – Hidayət Əliyev və Nigar Qarayeva vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı yeni uğurlu mövsüm sorağı ilə beləcə yay tətilinə yollandı.