Bunlar Muğam Mərkəzində, onlar Xalça Muzeyində…

 

Bakımıza gəlmiş xaricilərin iki mədəniyyət ünvanına səfərlərindən reportaj

 

Ölkəmizin paytaxtına gələn xarici qonaqlar onun gözəlliyindən vəcdə gəlirlər. Yaraşıqlı binalar, küçə və prospektlərin gözəlliyi göz oxşayır. Bu öz yerində. Amma Heydər Əliyev Mərkəzi, Muğam Mərkəzi, Xalça Muzeyi və digər muzeylər - ümumən mədəniyyət ocaqlarına baş çəkmək isə onlarda bir ayrı təəssürat yaradır.

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşının diqqətini iki belə missiya çəkib. 

Birinin qəhrəmanları Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdə olan dövlət və hökumət başçılarının həyat yoldaşlarıdır. Digərininki isə Meksika Parlamentinin Deputatlar Palatasının Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri və üzvləridir. Təfsilatını təqdim edirik.

 

Muğam Mərkəzində

 

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdə olan dövlət və hökumət başçılarının həyat yoldaşları Beynəlxalq Muğam Mərkəzini ziyafət ediblər. Mərkəzin rəhbərliyi öncə qonaqlara  mərkəz haqqında ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu Mərkəz Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib.

Qeyd olunub ki, Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. 2008-ci ilin dekabrın 27-də istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası var.

Diqqətə çatdırılıb ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Mərkəzlə yaxından tanış olan qonaqlar burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxıblar. Və təbii ki, adlar onların hafizələrinə həkk edilib.

Sonra onlar xüsusi olaraq gənc muğam ifaçılarının ifasında xalq və bəstəkar mahnılarından ibarət konsert verilib. 

Azərbaycan muğamlarından xüsusi zövq alan qonaqlar ifaçılarla görüşüb, onlara uğurlar arzulayıb və xatirə şəkli çəkdiriblər.

Bir sözlə, əsl həzz alıblar. Və aldıqları təəssürat uzun illər unudulmayacaq, qəlblərində Azərbaycan muğanına sonsuz sevgi daşınacaq.

 

Xalça Museyində

 

Meksika Parlamentinin Deputatlar Palatasının Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqas, meksikalı parlamentarilər Xavyer Kasike Zarate, Elva Aqustina Vigil Ernandez, Navor Alberto Rohas Mansera Azərbaycan Milli Xalça Muzeyində olublar. 

Qonaqlar ekspozisiya ilə yaxından tanış olublar, muzeyin rəhbərliyi onlara muzeyin tarixi, fəaliyyəti, kolleksiyaları barədə ətraflı məlumat verib. 

İlk öncə qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında danışılıb. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Meksikalı qonaqlar agah olublar ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.

Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaradıb. Bu təəsüratı da onlar təbii ki, Meksikada bölüşəcək, belə zəngin mədəniyyəti olan Azərbaycan xalqı barədə ağızdolusu danışacaqlar.

Bax belə. Biz sizə iki xarici nümayəndə heyətinin iki mədəniyyət ocağına baş çəkməsindən və necə gözəl təəssürat  almalarından danışdıq. Qarşıda isə Bakımızı daha təmtəraqlı tədbirlər və qonaqlar, onlardan gələn daha müsbət emosiyalar pozitivliyi gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)