Həm döyüş, həm rəqs - yapon gözəlliyi elementləri Featured

Həftəsonu diqqətimizi çəkən mədəniyyət hadisələlərindən biri də Heydər Əliyev Mərkəzində baş tutdu. Söhbət “TATE-Hatoryu” qrupunun ifasında “Ənənəvi Yapon Qılınc Döyüş Sənəti üzrə Səhnə Performansı”ndan gedir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşa edənlər o qədər bol təəssürat aldılar ki, sözlə ifadə etmək mümkünsüzdür. 

 

Biz qılıncı döyüş aləti sanırıq, bizimçün qılınc - qılınclamaq, öldürmək üçündür. Deməzsənmiş, qılıncın plastikası var imiş, zərifliyi, gözəlliyi var imiş. 

Tədbir öncəsi Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi TATE incəsənət növü haqqında məlumat verdi, bu sənətin özündə qədim samuray döyüş növü, rəqs və Kabuki elementlərini birləşdirən unikal bir səhnə performansı olduğunu bildirdi. Dedi ki, Nyu-York daxil olmaqla, ABŞ-ın müxtəlif ştatları və Yaponiyada çoxsaylı səhnə performansları ilə çıxış edən “TATE Hatoryu” qrupu TATE incəsənət növünü təbliğ edir, eyni zamanda, bir çox hadisə və döyüş filmləri üçün səhnələrin çəkilişində dəstək göstərir. 

İki ölkənin coğrafi olaraq bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Yaponiya ilə Azərbaycan arasında bu cür mehriban münasibətlərin, qarşılıqlı hörmət və etimadın qurulmasının təqdirəlayiq olduğunu bildirən səfir, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğuladı, eyni zamanda, Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, humanitar sahələrdə birgə layihələrin həyata keçirildiyini məmnunluqla qeyd etdi. Və hamını əmin etdi ki, bu gün görəcəkləri onlarda Yaponiyaya sevgini daha da artıracaq. 

TATE performansı qaranlıqda göydən düşən işıq zolağı içində - sanki ay işığında hərəkət edərək əlindəki qılıncı sağa-sola yelləyən ağ kimanolu yaponun performansıydı. Sonra qılınc hərəkətləri ilə kollektiv çıxışlar nümayiş olunub. 

Mütləq qeyd edək ki, tədbir Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, “ITOCHU, JTI Azərbaycan” və “ISR Auto, Landmark Bakı”nın dəstəyi ilə təşkil olunmuşdu. 

O da var ki, fevral-mart aylarında Yaponiya səfirliyi Azərbaycanda “Yapon küləyi” adlı silsilə tədbirlər keçirərək azərbaycanlılarda Yaponiyaya sevgi elementlərini artıracaqlar. 

Və sonda: yaponlar bu döyüş-mədəniyyət sənətini Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində də sərgilədilər, tələbələrə həm sənət nümayiş olundu, həm master-klass keçildi.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)