Yeni ilin ilk sərgisi keçə sənətinə aid olacaq

Bu sahə barədə bilgiləriniz varmı? Ta qədimdən keçə adlı parçanın əkiz tayı məişətimizdə yer tutub. Yanvarın 14-də “NUR Art House” qalereyasında “Arts Council Azerbaijan” və “World Crafts Council Europe” təşkilatlarının birgə dəstəyi ilə modelyer-rəssam Nailə Kərimovanın "Keçə sənəti: Zamanın və məkanın vəhdəti" adlı ilk fərdi sərgisi açılacaq.

 

Qalereyanın mətbuat xidmətinin məlumata görə, keçə ustası Nailə Kərimovanın yaratdığı əsərlər müxtəlif mövzuları əhatə edir. Onun xalq tətbiqi sənətinə marağı uşaqlıqdan yaranıb. O, Azərbaycan Milli İncəsənət Muzeyində işlədiyi müddətdə incəsənət sahəsini dərindən öyrənməyə başlayıb və uşaqlıq marağı sənətə çevrilib. Daha sonra modelyer-rəssam kimi təhsil alıb və ciddi şəkildə tətbiqi sənətdə yenilik yaratmaq arzusu onu keçə sənətinə gətirib.

N.Kərimova Azərbaycan mədəniyyəti üçün çox nadir və unikal olan bu sənətin unudulmasını istəmədiyinə görə, ona müraciət edib. Ölkəmizin isti iqlim şəraitini nəzərə alaraq keçəni müxtəlif materiallarla kombinə edərək, yalnız dekor üçün deyil, həmçinin geyimdə və aksesuarlarda da keçə sənətindən istifadə edir. 

Qeyd edək ki, modelyer-rəssam Nailə Kərimovanın dizayner kimi axtarışlarında əsas məqsəd keçə sənətinin müasir ifadə vasitələri və imkanlarını tam olaraq sənətsevərlərə təqdim etməkdir. 

Çətin, məsuliyyətli, ancaq maraqlı sahədir.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)