Kərimli Kurqanları - HÖKMDAR MƏZARLIĞI Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi.

 

 

Zəngin təbiəti ilə hər bir azərbaycanlının və eləcə də turistlərin diqqətini çəkən Oğuz rayonu həm də tarixi abidələr diyarı kimi tanınır.  

Oğuz elinin əski mədəniyyət mərkəzlərindən biri kimi tanınan bu rayonda eradan əvvələ aid olan tarixi abidələr buranın qədim yaşayış məskəni olduğunu bir daha təsdiq edir. 

Belə qədim yaşayış məskənlərindən biri də turistlərin xüsusi diqqətini cəlb edən Yaqublu kəndi yaxınlığındakı Kərimli kənd bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən qədim kurqanlardır. Məlumat üçün onu da qeyd edək ki, ,,kurqanlar çölü” və  “hökmdar məzarlığı” adlandırılan bu ərazidə vaxtilə mövcud olmuş 9 kurqandan 5-i öz ilkin formasını saxlamış, 4-nün isə yerüstü hissəsi təsərrüfat işləri aparılarkən dağıdılmışdır.

Xüsusi olaraq qeyd edək ki, tarixi terminologiyada kurqan torpaq təpə deməkdir, yəni sosial bərabərsizliyin mövcud olduğu dövrdə tayfa başçılarının hakimiyyətinin qüdrətini ifadə edən sərdabə tipli qəbirdir. Kurqanlar, məqbərələr bütün dövrlərdə varlı, mənsəb sahibi olan insanlara, hökmdarlara, xaqanlara məxsus olub. O da maraqlıdır ki, tarix boyunca, kurqanlar ancaq türk xalqlarına aid olub. 

Bu günə kimi ərazidə yerləşən 9 kurqandan ancaq bir neçəsində arxeoloji qazıntılar aparılıb. Arxeoloji qazıntılar Kərimli  kurqanlarının eramızdan əvvəl (e.ə. 14-16-cı əsrlərə) aid olduğunu göstərir. Burada tədqiqat işləri aparmış, Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun əməkdaşı mərhum, Nəsib Muxtarov (Qaznıtı aparılan kurqanın bir addımlığındakı Yaqublu kəndində yaşadığıma görə tez-tez ora gedər, tapılan eksponatlara maraqla baxar, Nəsib müəllimin izahlarını acgözlüklə dinləyərdim. Onu da deyim ki, rəhmətlik burada yeraltı muzey yaratmaq istəyirdi) qeyd edirdi ki, bu kurqanlar son tunc dövrünə aiddir və onlardan ən balacasının diametri 70 metrdir. Kurqanın quruluşu Azərbaycanın orta tunc dövrünə aid torpaq kurqanlarla oxşar olsa da, səciyyəvi cəhətlərə malikdir. Bu abidələrin bir xüsusiyyəti də var ki, onların əksəriyyətinin həndəsi düzülüşü aypara şəklindədir. 

Kurqandan eramızdan 1500 il bundan əvvələ aid çoxlu qədim əşyalar tapılıb. Belə bir kurqanın tapılması  II minilliyin ortalarında Azərbaycanda  çox güclü bir dövlətin olmasından xəbər verir.  O dövrdə dövlət birləşməsi və təşəkkülü o səviyyəyə çatıb ki, hakimiyyətdə təmsil olunan sülalər üçün  hətta kurqan da düzəldiblər.  

Kərimli kurqanları yerli əhalinin iqtisadiyyatı, ticarəti və mənəvi dünyası haqda hərtərəfli araşdırmalara imkan verir, yaşanmış tərəqqini izah edir. Zəngin mifologiya, yüksək sənətkarlıq, siyasi və ticarət əlaqələri bu tapıntılarla təsdiq edilir.

Nəsib müəllim deyirdi ki, kurqan  iki qatlıdır. Belə ki, burada ilk dədə  bir hökmdar basdırılıb. Bir neçə əsr keçəndən sonra, həmin kurqanın üstündə yenə də digər  bir kurqan tikərək, digər hökmdarı dəfn ediblər.

Kurqan  bir neçə dəfə talanıb. Çünki qazıntılar zamanı  dəmir bir nizə tapılıb. Belə ehtimal olunur ki, tunc dövrünə aid olan bir yerdə birdən- birə dəmir nizənin tapılması ondan xəbər verir ki, kurqanı bir neçə əsr sonra talayan adamlar,  buranı qazarkən  aləti unudub gediblər.  

Burada aşkar edilmiş insan və at skeletləri, qab-qacaq və alətlər əcdadlarımızın qədim dəfn, yaşayış, inanc və digər adət-ənənələrini, məişətini aydın şəkildə əks etdirir. Dəfn kamerasında (11 m. x 4 m. x3 m.) aşkar edilən dəfn adəti xüsusi maraq doğurmuşdur. Dəfn adəti səciyyəvi cəhətlərə malikdir, xüsusi diqqət çəkir. Adətən belə kurqanlar dövrün mənsəb sahiblərinə aid olurdu və onların uyuduqları yerdə  sağlıqlarında işlətdikləri əmək alətləri, məişət alətləri, qab-qacaqları, bəzək düzəkləri ilə yanaşı, o biri dünyada yeyib –içəcəkləri azuqələri, nemətləri , onların sevdikləri atları və itlərini də də özləri ilə birlikdə dəfn edirdilər. Həmin qabların, alətlərin  üzərindəki işləmələr isə  təkcə naxış deyil, onlar həm də danışan petroqlif yazılarıdır, rəmzləridir. Bunların hər biri İslamaqədərki abidələrdir.

Beş metr dərinlikdəki kameradakı qu quşu, göyərçin, bülbül, qaz, ördək, ilan fiqurları öz orijinallığı ilə fərqlənir. Nəsib müəllimin köməkçisi İ.Bədəlova söyləyirdi ki, ola bilsin belə ilan və quş fiqurları  totemlər olub, həmin dövrün insanlarınıninançlarını, tamğalarını, mənsubiyyətini və hakimiyyətlərin simgələrini göstərir. Bir də ki, bizim arealın insanları hər zaman ilana hörmətlə yanaşıblar. Qədimdə hər evin bir ilanı olardı. O ilanlar insanların həyətinə gələndə ev yiyəsi onun üçün bir qabda su və ya süd qoyardı. Əgər bir ilan evi tərk edərdisə, deyərdilər ki, həmin evin bərəkəti getdi. Bir də ki, bu ilan fiqurları  qədim türk torpaqlarında Mar tayfalarının yaşamasına da bir işarə ola bilər.

  Həmin ərazidən, gildən eramızdan əvvəlki minilliklərə aid 100-ə qədər qab, mis, tunc, sümükdən hazırlanmış ox ucları, tunc və misdən hazırlanmış əşyalar, anqob naxışlı qablar, metal məmulatı da aşkarlanıb. 

Diqqəti cəlb edən ən maraqlı eksponatlardam biriisə, bu gün dünyada ən çox geyilən və istifadə olunan “adidas” ayaq  geyiminin üzərindəki naxışa bənzər işləmələri olan saxsıdan düzəldilmiş ayaqqabı fiquru oldu. Düzdür, dünyanın bir çox yerlərində müxtəlif tarixi dövrlərə aid ayaqqabı modelləri tapılıb. Kurqanlarda tapılan ayaqqabılar daha çox dini əhəmiyyət daşıyırdılar. Bu kurqanda tapılan ayaqqabı modelinin yaşı isə 3500 ildir.  Bəlkə də yarandığı dövrdə başqa bir funksiyası da olub.  Ya da ki, ancaq dini ritual mərasimlərdə işlədilib. Ancaq belə bir ayaqqabı modelinin tapılması ondan xəbər verir ki, həmin dövrün adamları da nəfis işlənmiş, yüksək sənətkarlıqla hazırlanmış ayaq geyimlərindən istifadə ediblər.  İslama qədərki insanlarımız oda və Tanrıya sitayiş ediblər. Bəlkə də  adidas ayaqqabısına bənzəyən bu fiqur müqəddəs odu saxlamaq məqsədi ilə  çıraq kimi istifadə edilib.  

Burdan həmçinin lap alt qatdakı olan kurqanda  59 qramlıq, 99 əyyarlı   qızıldan hazırlanmış öküz başı eksponatı tapılmışdır.  Qızıldan öküz başı olan yerdə həm də qızıl qolbağın bir hissəsi, qızıl üzük və sırğalar da tapılıb.  Bu tapıntıların hər biri öz dövrləri haqqında xalqımıza yazılan məktublardır. Öküz başı fiqurları vaxtı ilə  Şumerdən, Misirdən də tapılıb. Bu dünyada tapılan 5 və ya 6-cı öküz başı fiqurudur. Lakin Kərimli kurqanından tapılan öküz başı fiquruŞumer və Misirdən tapılan öküz başlarından fərqlənir. Həm də bu  öküz başı özlüyündə çox orijinaldır. Bu tapıntı tədqiqatçılara böyük və qədim bir tarixin açarını vermişdir.

Kurqandan yüzdən çox muncuq aşkar edilmişdir.  Bu cür zinət əşyalarına, metal və qeyri-metal muncuqlara, sinə bəzəklərinə Azərbaycandan kənarda - Anadolu, Mesopotamiya, Şimali Qafqaz, Çin, Hindistan, Əfqanıstan, İran ərzilərindəki abidələrdə də rast gəlinib.  Bu muncuqlar bizi aparıb Şumer muncuqları, Misir muncuqları ilə bağlayır. 

Burada tapılan əşyalar onu deməyə əsas verir ki, həmin dövrün də öz texnologiyasına və sivilizasiyasına görə bir tərəfdən Sarı dəniz, bir tərəfdən Atlantik okeanı bir-biri ilə həmişə təmasda olub. Azərbaycanın bu ərazisi   Şimaldan Cənuba, Cənubdan Şimala körpü rolunu  oynayıb. Gəlib gedən sivilizasiyaları həm qəbul edib mənimsəmişik, həm də  ötürmüşük. Kərimli kurqanlar və buradan tapılanların hamısı onu deməyə əsas verir ki, biz yaranan bütün sivilizasiyalarda iştirak etmişik. Əcadadlarımızın yaradıcı olması da bu maddi mədəniyyət abidələrinin  yaranıb- yaşamasına səbəb olub.  

        Təəssüf ki, digər kurqanların tədqiqi məlum olmayan səbəblərlə dayandırılmışdır. Halbuki burda qazıntıların davam etdirilməsi tək Azərbaycanın deyil, həm də regionun tarixinin öyrənilməsi üçün əlavə maraqlı, nadir arxeoloji materiallar üzə çıxarar, yerli əhalinin iqtisadiyyatı, ticarəti və mənəvi dünyası haqda hərtərəfli araşdırmalara təkan verər,yaxın kurqanların tunellərlə birləşdirilməsi ilə yaradılan yeraltı muzey isə unikal bir məkan olmaqla turizmin inkişafına güçlü təsir edərdi. 

Deyəsən, Kərimli kurqanları barədə söhbəti çox uzatdıq. Ta Sizləri yormayaq. Ən yaxşısı gəlib öz gözlərinizlə görün!

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2024)