Siz hələ də Uğan mağarasını görməmisiniz? Featured

İmran Verdiyev, “Ədəbiyyat və incəsənət”, Oğuz təmsilçisi

 

Oğuz rayonu Azərbaycanın ən nadir bölgələrindən biridir. Rayon ərazisi turizm məqsədləri üçün geniş istifadə imkanlarına malikdir. Tarixi-mədəni və təbii abidələrlə çox zəngindir. 

Rayon ərazisində bu günə kimi 40-dan artıq tarixi abidə məlumdur. Bu daşınmaz tarix və mədəniyyət abidələrindən 32-si dövlət mühafizəsinə götürülmüşdür. Həmin abidələrdən 17-si ölkə əhəmiyyətli (15-i arxeoloji, memarlıq abidəsi), 15-i yerli əhəmiyyətli (13-ü memarlıq, 2-si arxeoloji abidə) abidələrdir. 

Rayon ərazisindəki aparılmış qazıntılar buranın qədimdən başlayaraq insan məskənləri olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı Oğuzun cənubunda aşkar edilmiş Kurqan neolit dövrünə aiddir ki, bu da 7 min il bundan əvvəlki tarixə uyğun gəlir. Xalxal, Sincan, Padar, Dəymədərə və Tərkeş kəndləri ərazisində aparılan qazıntılar zamanı tapılmış əşyalar isə tarixin dəmir əsrinə aiddir. 

IX əsrdə Muxas kəndində tikilmiş bürcdən XIV əsrə qədər istifadə edilib. Kərimli kəndindəki türbə qalığı XV əsrə aiddir. Xaçmaz kəndi yaxınlığındakı Gavur qalası VII əsrdə tikilib. Calud kəndindəki ibadətgah XVI əsrin yadigarıdır. Filfilli kəndi yaxınlığındakı Surxay xan qalası XVIII əsrdən xəbər verir. Oğuz şəhərinin şimalında yerləşən digər bir qalanın min illik tarixi var.  

Kərimli yaxınlığındakı arxeoloji abidələr kompleksi, əsasən, e.ə. IX-VI əsrlərə aid edilir. Qəbirlərin birindən Kür-Araz mədəniyyəti üçün səciyyəvi olan və e.ə. III minilliyə aid edilən gil qablar tapılıb. 2500 il bundan əvvəl salınmış Qəbələ şəhərinin xarabalıqları rayonun qonşuluğundadır.  

Rayonun Filfilli və Baş Daşağıl kəndlərinin şimalında yaşı bilinməyən, tədqiq olunmamış qəbirlərdən öz uzunluğu ilə fərqlənən, qədim Oğuz tayfalarının "Kitabi Dədə Qorqud" dastanındakı boylarla səsləşən Oğuz qəbirləri bu gün də qalmaqdadır, 2010-cu ildə Oğuz rayonu ərazisində aparılmış arxeoloji qazıntılar zamanı üzündə qızıldan öküz maskası taxılmış bir skelet də tapılmışdır.

Rayon ərazisi həm də təbii abidələrlə də zəngindir.  Rayon uca dağları, dərin dərələri, sıx meşələri, təbii qoruq və kolluqları, şirin sulu çayları, şəlalələri, qayaları, zəngin bitki örtüyünə malik subalp və alp çəmənləri, təbii mağara və kahaları ilə də turistləri cəlb edir. 

Belə təbii mağaralardan biri də Baş Daşağıl kəndinin girişində, Uluçayın qərb tərəfində, nəhəng qayaların altında yaranmış təbii Uğan mağarasıdır. Uğan mağarası ibtidai insanların ilk sığınacaq yerlərindən sayılır.  

“Uğan” toponiminin mənası haqqında maraqlı fikirlər vardır. Xalq etomologiyasına və bəzi tədqiqatçıların fikrinə görə "Uğ" və ya "ağ" Günəşi simvolizə edir.  Digər ehtimala görə isə "uğultu”, qulağa gələn sürəkli səs mənasındadır. Bəzi türk dilli xalqlarda "uğan-oğan" sülh tanrısının adıdır.

Tədqiqatçıların çoxu isə “uğan” sözünü “Tanrı” kimi izah edirlər. Rus tədqiqatçısıA.K.Borovkov XV əsrdə yaşamış Tali İmaninin əsərindəki "uğan" sözünü "tanrı" kimi tərcümə etmişdir. Tədqiqatçı Pava -de-Kurteyl 1870-ci ildə Parisdə çap olunan əsərində, Fətəli şah Qacar "Kitabi-lüğəti-ətrakiyə" əsərində "uğan" ifadəsini "tanrı" kimi mənalandırmışlar. Qədim türk dilli abidələrin görkəmli tədqiqatçısı Radlov "uğan" sözünün uyğur və cağatay mənşəli olub "tanrı” anlamında işləndiyini qeyd etmişdir. Mirəli Seyidov XI əsrdə yaşamış Yusif Balasaqunlunun "Kutadqu bilik", XIII-XIV əsrlərdə yaşamış Əl- Xarəzminin "Məhəbbətnamə" və Abdullah-əl Qütbinin "Xosrov və Şirin" əsərlərində "uğan" ifadəsinin "tanrı" mənasında işlənildiyini bildirir. Türkoloq A.Zayonçikovski də Abdullah əl-Qütbinin adı çəkilən əsərindəki sözlərin lüğətini hazırlayarkən "uğan" sözünü "tanrı” kimi tərcümə etmişdir. P.M. Melioranski 1900-cü ildə Peterburqda nəşr etdirdiyi "Arabskiy filoloq o turetskom yazıke" əsərində XIV əsr müəllifi ibn Mühənnanın əsərlərində rast gəlinən "uğan" sözünün də "tanrı" mənasında işlənildiyi göstərilmişdir.  

Lakin sonralar türk dillərində "uğan" sözü əvvəlki mənasını itirmiş və tədricən tanrının sifətlərindən, keyfiyyətlərindən birinə çevrilmişdir.  

 Dilçi-alim, filologiya elmləri doktoru İ.Cəfərsoy “Türk dillərində teonim və etnonimlər” (2010) adlı əsərində  yazır: “Uğan Xəzər nəsillərindən biridir. Xəzər xaqanı Yusif Kür Tuba (Kordova) xəlifəsinin vəziri milliyyətcə yevrey olan Xasday ibn-Şafruta məktubunda yazır ki, Uğan Xəzər nəslidir. Onların qalası, silahlı qüvvələri var. Qədim mənbələrdə Ukan adlandırılan uğanlar Troya dövründə Anadoluda yaşayırdılar. Bu barədə er.əv.18-ci əsrə aid Xett mixiyazılı mətnlərində bilgilər vardır. Həmin mətnlər Türkiyənin Boğaz köy muzeyində saxlanır. Uğanlar xettlərlə, daha sonra yunanlarla vuruşa-vuruşa Anadoludan Albaniyaya köçdülər. Albaniya tarixinin anti-türk tərcüməçiləri Uğan etnonimini Oqen kimi oxuyurlar. Onlardan fərqlı olaraq akademik Meşşanınov yazır ki, o xalqın adı Ukan olmuşdur. Ərəblər Albaniyanı tutanda uğanlar onlara tabe olmadılar, Qafqaz dağlarının o üzünə köçüb özlərilə eyni kökdən olan Xəzər xaqanlarına qoşuldular. Uğan teonim mənşəli etnonimdir, yəni o, əvvəlcə tanrı adı olmuş, sonra etnik ada çevrilmişdir. Mahmud Kaşğari yazır ki, türklər qadir allah nidasının sinonimi kimi Ukan Tenqri ifadəsini işlədirlər. Uğan kəndləri, qalaları dağılıb yer üzündən silinmiş, yalnız Oğuz bölgəsində Uğan mağarası qalmışdır”.

Bir sıra tədqiqatçılar "onqon" (totem) sözünü də "uğan"la (Allahla) əlaqələndirirlər. Mirəli Seyidov, İ.N.Berezin, D.K.Zelenin, İ.Əbdülqadir onqonla "uğan" ifadələrinin eyni kökdən olduğunu qeyd edirlər. Həmin mağara ilə bağlı görkəmli folklorşünas Sədnik Paşayev tərəfindən qeydə alınmış əfsanə yuxarıda irəli sürülən mülahizələrin inandırıcı olmasını daha da gücləndirir. Həmin əfsanəyə görə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında yerləşən dağdakı mağarada nəhəng bir çöl atı yaşayırmış. Kəhərsiz yaşayan bu at mağaranın qabağındakı qara qayaya sürtünər, yeddi ildən sonra biri gecə, biri də gündüz rəngində bir cüt qulun doğarmış. Mirəli Seyidovun fikrincə, bu əfsanə başdan-başa mifik təsəvvürlərlə, əski inamla bağlıdır. Mifik təsəvvürlərə görə daş bala verir, dölləndirirdi. Qədim zamanlarda türk xalqlarında atın önəmli olduğunu nəzərə alsaq, yol tanrısının nəhəng çöl atı şəklində onqon kimi qəbul edilməsi heç də təəccüblü olmamalıdır. 

Həmçinin əfsanəvi atın dağdakı mağarada yaşaması dağa inamla səsləşir. “Türk xaqlarında belə bir inam varmış ki, qəhrəmanların atları Günəşdən gəlir. Onda bu nəhəng, əfsanəvi çöl atı da Günəşlə bağlı ola bilər. Çöl atının qara qayadan dölləşməsi daşa inamla səsləşir. Əski təsəvvürdə belə bir inam varmış ki, daş uşaq verir, dölləndirir. Nəhayət, əfsanədə Günəşlə bağlı atın gündüz və gecə rəngində qulun doğması məsələsinə qalanda göstərildi ki, at Günəşdən gəlib. Elə bu inama görə də at gecə və gündüz rəngində bala verirmiş. Sözsüz ki, balaların gecə (qara), gündüz (ağ) rəngində olması ilə xalq günəşin gecə-gündüz yaratmasını göz qarşısına gətirmiş və beləliklə də əksliklər, dual təşkilat quruluşu qanunlarını da vermişdir. Bəllidir ki, gecə-gündüz, qara-ağ dual təşkilat və əksliklər anlayışı ilə sıx bağlıdır”. 

Ümumiyyətlə, Uğan mağarası turistlərin ən çox maraq göstərdiyi məkanlardan biridir. 

Bu mağara barədə daha geniş yazmaq olardı. Amma min dəfə eşitməkdənsə, oxumaqdansa, bir dəfə görmək yaxşıdır. Sizi Oğuza turist səfərinə dəvət edirik. Gəlin, öz gözlərinizlə görün!

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2024)