Avqustun 13-də “Davam” Gənclər Hərəkatının təşəbbüsü ilə yazar, ədəbiyyatşünas Ramil Əhmədin təqdimatında “Yaradıcı yazarlıq təlimi: Nəzəriyyə və Praktika” adlı təlim baş tutdu.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təlimdə yaradıcı yazarlıq (creative writing) təhsilinin inkişaf dinamikası, pedaqoji əsasları, yazarlığın öyrənilməsinin mümkün olub olmaması kimi məsələlərdən söhbət açıldı. Bildirildi ki, bu təhsil modeli XX əsrin əvvəllərində Amerikada yaranıb və dünyada geniş yayılmağa başlayıb. Harvard, Yale, Ayova, Stanford, Kornel, Oxford və digər nüfuzlu universitetlərdə Yaradıcı Yazarlıq fakültələri fəaliyyət göstərir.
Qeyd edək ki, Ramil Əhməd Yaradıcı Yazarlıq təhsili ilə bağlı Türkiyə və Azərbaycan doktorluq dissertasiyası yazan yeganə müəllifdir. Həmçinin o, ədəbiyyat sahəsindəki uğurlarına görə 2021-ci ildə Prezident Mükafatına layiq görülüb, 2023-cü ildə TÜRKSOY və Macarıstanın təşkilatçılığı keçirilən Beynəlxalq Şeir Tərcümə Müsabiqəsinin Azərbaycan üzrə birincisi olub. Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədr müavinidir.
“Ədəbiyyat və incəsənət”
(14.08.2023)