Nüfuzlu mükafat başqırd yazıçısına qismət oldu Featured

Rate this item
(2 votes)

Rusiyanın paytaxtında – Dövlət Dumasının binasında ədəbiyyat üzrə 5-ci Ümumrusiya LiFFt festivallar festivalının törən mərasimi keçirildi. “Ədəbiyyat və incəsənət” portalı festivalın Təşkilat Komitəsinə istinadən məlumat verir ki, törəndə fərqlənənlərə mükafatları Rusiya Bələdiyyə Akademiyasının prezidenti Aleksandr Ayqistov, Rusiya Millətlər Assambleyasının sədr müavini Nazirjon Abdulqaniev, LiFFt fondunun prezidenti Marqarita Al, “Çingiz Aytmatov adına İssık-Kul Forumunun” icraçı direktoru Assol Moldokmatova təqdim etdilər. Mərasimdə festivalın qızıl medalının Başqırdıstanın xalq yazıçısı Marsel Salimova (Mir Salim) verilməsi böyük çoşqu ilə qarşılandı. Belə ki, hazırda Rusiya satira və yumorunda bu şəxs rəqabətsiz olaraq bir nömrədir. Marsel Salimov estafeti məşhur şair-müğənni, “Əsrarəngiz Moskva gecələri” şlyageri ilə şöhrətlənmiş Viktor Pelyaneqredən qəbul etdi. Daha qiymətlisi isə odur ki, başqırd xalqı türk kökənlidir.

Mərasimə Başqırdıstanın “Samrau” rəqs ansamblının çıxışı xüsusi rəng qatdı, qızıl laureat özü isə ənənəsinə uyğun olaraq bu cür ciddi mərasimdə də yumor ovqatı yaratdı. Qaydalara görə növbəti, 6-cı festival Marselin yaşadığı Ufa şəhərində keçiriləcək, Marsel hamını Ufaya dəvət edib söylədi ki, “Kim bizə sevgi ilə gələrsə super sevgi ilə geri dönəcək. Qaraqabaqlar, yumor hissi olmayanlar isə Ufaya buraxılmayacaq.”

Xatırladaq ki, Birləşmiş Millətlər Təkilatının patronajlığı altında keçirilən, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının layihəsi olan LiFFt festivalı ildə iki dəfə - Ümumrusiya və Ümumavrasiya formatında keçirilir. Materik qalibiyyətini öncəki illərdə rus şairi, Nobel mükafatı nominantı Konstantin Kedrov-Çelışev, dünyaşöhrətli qazax yazıçısı Oljas Süleymenov, azərbaycanlı yazıçı Varis Yolçiyev, habelə məşhur türk şairi Tuğrul Tanyol əldə etmişlər.

Bu ilin oktyabr ayında Avrasiya festivalı Türkiyədə keçiriləcəkdir.