Dillər Universitetinin Kitab Klubu ilk tədbirini keçirib Featured

Gənclərin kitablarla dostluğu sevindiricidir. Xüsusən ali təhsil ocaqlarında son illər yaradılmağa başlayan Kitab Klubları bu missiyada əvəzsiz rol oynayırlar. Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində də belə bir klub yaradılıb - “Readers" adında. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Readers” klubu tələbələrin mütaliəyə, bədii qiraətə marağının təmin edilməsində bilavasitə rol oynamağı hədəfləyib. Klubda müxtəlif layihələrin həyata keçirilməsi, tələbə gənclərin vaxtının səmərəli keçməsinə göstərilən xidmət universitet daxilində rəğbətlə qarşılanır. "Readers" klubunun idarə heyəti sədr Oruc Ələsgərov, Təşkilati İşlər üzrə sədr müavini Nəzrin Hüseynova, ümumi işlər üzrə müavin Lamiyə Hüseynova, koordinatorlar Minayə Mikayılova, Leyla Nağıyeva, Xədicə Əsədzadə, Həsən Əliyev və İlkanə Qasımova olmaqla səkkiz nəfərdən təşkil olunub.

Və həftəsonu klub tanınmış ədiblərlə görüşlərin təşkili yönündə ilk görüşünü keçirib. Qonaq Azərbaycan Ədəbiyyat Fondunun Baş Direktoru, Əməkdar jurnalist, yazıçı Varis olub. 

Yazıçı "Uğura gedən yol" mövzusunda təlim keçdikdən sonra tələbələrin müxtəlif mövzularda suallarını cavablandırıb. Yazıçının yeni vəzifəyə təyin olunması münasibətilə "Readers" klubu adından ona hədiyyə də təqdim olunub: üzərinə adı yazılmış qələm. 

Yazıçı isə öz növbəsində təlimin ən fəal üzvlərinə öz kitablarını hədiyyə edib. 

Sonda isə xatirə şəkilləri çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)