Görəsən, 60-da ülviləşən sevgilər çoxmudur? Featured

Şəhərin mədəni həyatına canlanma gətirən bir tədbir barədə qeydlər

 

 

“Ədəbiyyat və incəsənət”in əməkdaşı Kənan Məmmədlinin şair İbrahim İlyaslının Sumqayıt Dövlət Dram Teatrında keçirilən 60 illik yubileyi barədə qeydlərini təqdim edirik. 

 

 

Yubiley bitəndən və tamaşaçılar Sumqayıt Dövlət Dram Teatrının gözəl və rahat zalını  tərk edəndən sonra hələ uzun müddət orada saz-söz cingiltisi duyuldu, insanların xoş təəssüratlarının əksi dövran etdi. 

Bəli, Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Milli Məclisin Mədəniyyət Komitəsinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə AYB Poeziya seksiyasının rəhbəri, Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru şair İbrahim İlyaslının 60 illik yubileyinə həsr olunan tədbir uzun müddət yaddaşlarda qalacaq. 

Tədbirdə MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Millət vəkili Müşviq Məmmədli, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, xarici ölkələrdən gələn qonaqlar, şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri və oxucular iştirak edirdilər. Tədbirin aparıcısı isə MM Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı idi. Səhnədə qoyulmuş kreslolarda iki şair, iki türkçü və iki dost - İbrahim İlyaslı və Əkbər Qoşalı qoşa əyləşmişdilər. 

Öncə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov yubilyarı, qonaqları və tədbir iştirakçılarını şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun adından salamlayaraq İbrahim İlyaslının şəhərin mədəni həyatında fəal iştirakından danışdı, onun bu günlərdə icra başçısı tərəfindən qəbul edilərək Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırıldığını qeyd etdi. Teymur Səmədovun gözəl intonasiya ilə şairin “Necəsən” şeirini söyləməsi isə tədbirin lap başlanğıcında bir kulminasiya oldu. Və hətta tədbirə dəvət ediımiş qiraətçilər belə etiraf etdilər ki, onlar bu şeiri bu qədər gözəl deyə bilməzdilər. 

Yubiley gecəsinin ilk musiqi töhfəsi - “Sumqayıt” Milli Kamera ansanblının ifasında şairin “Sumqayıt” şeirinə bəstəkar Zərif Kərimovanın bəstələdiyi mahnı oldu, mahnı ansanblın bədii rəhbəri Şərqiyyə Mustafayevanın dirijorluğu ilə səhnədə yer aldı və alqışlarla qarşılandı. 
Daha sonra Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva çıxış etdi, poeziyanın gözəl bilicisi olan Qənirə xanım şairin yaradıcılığına rakurs etdi və komitə adından ona at rəsmli tablo hədiyyə etdi. At murazdır, bu rəmzi məna poeziyamızda iz qoymağı özünə amal götürmüş şairə bir çağırış oldu həm də. 

Milli Məclisin Sumqayıtdan seçilmiş depuatatı Müşviq Məmmədli də şairi 60 illik yubileyi münasibəti ilə təbrik etdi, şəhərin mədəni həyatında onun rolunu dilə gətirdi.
Hər iki millət vəkili İbrahim İlyaslının həyat və yaradıcılığından ətraflı söz açaraq onu çağdaş poeziyamızın öndə gedən nümayəndələrindən biri, uzun zamandır ki, ümumtürk ədəbiyyatına öz töhfələrini verən bir tərcüməçi olaraq dəyərləndirdilər.
Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli AYB “Fəxri Diplom”unu yubilyara təqdim etdi və onun AYB Poeziya seksiyasının rəhbəri olaraq səmərəli fəaliyyətindən söz açdı. 
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev 60 illik yubileyi münasibəti ilə İbrahim İlyaslının adına yazılan ünvanı tədbir iştirakçılarının diqqətinə çatdırdı, onu idarənin Fəxri Fərmanı ilə təltif etdi.

Aparıcı Əkbər Qoşalı tədbirə qatıla bilməmələri səbəbindən yubilyarı təbrik teleqramı ilə yada salan ağsaqqal xalq şairimiz Nəriman Həsənzadə və Sumqayıtın eks icra hakimiyyəti başçısı, ədəbiyyatın böyük dostu Şakir Abuşev barədə bilgi verdi. 
Daha sonra səhnəyə başında yaşıl fəs olan qonaq təşrif buyurdu. Tatarıstan Yazıçılar Birliyinin sədri, Tatarıstan Dövlət Sovetinin deputatı Rıkail Zəydullin çıxış edərək, İbrahim İlyaslının Azərbaycanla Tatarıstan arasında ədəbi əlaqələrin inkişafındakı xidmətindən danışdı və ona “Təşəkkür Məktubu” təqdim etdi.
Çuvaşıstan Respublikası Peşəkar Yazıçılar İttifaqının sədr müavini, gözəl şairə Marina Karyagina özünün Azərbaycan sevdasından danışdı və burada ədəbiyyatın rolunu yüksək dəyərləndirdi, İbrahim İlyaslını yubileyi münasibəti ilə ürəkdən təbrik edərək, ona Çuvaşıstan Yazıçılar İttifaqının mükafatını təqdim etdi. 

Tədbirin növbəti kulminasiyası şairin qardaşı, müasir Azərbaycan aşıq sənətinin ən zirvələrində qərarlaşmış İlham Aslanbəylidən gəldi. O sazı necə dilə gətirdisə qardaşının poeziyası telli sazın sayəsində coşdu, kükrədi, ürəkləri riqqətə gətirdi. 
Rusiya Federasiyasının Arxangelsk vilayətində Azərbaycan diasporunna rəhbərlik edən Tərlan Qasımov da çıxış edərək, yubilyarı təbrik etdi və ona xatirə hədiyyəsi təqdim elədi.

Qeyd edək ki, şairimiz əslən Qazax rayonunjn Aslanbəyli kəndindəndir, gənc yaşlarından Sumqayıta gələrək ali təhsil alaraq bu şəhərin Alüminium zavodunda əmək fəaliyyətinə başlayıb. 

Bu səbəbdən də “Qazax” Xeyriyyə İctimai Birliyinin təbriki gözlənilən idi. Birliyin sədri, çox hörmətli professor İlham Pirməmmədov çıxış etdi, şairin yaradıcılığından və ictimai fəaliyyətindən söz açdı və İbrahim İlyaslını Birliyin təsis etdiyi “Səməd Vurğun” diplomu ilə təltif etdi. Və daha bir kulminasiya: Diplomu yubilyara Səməd Vurğunun nəticəsi, Səməd Vurğunun Ev muzeyinin yeni təyin ediımiş direktoru, tanınmış gənc musiqiçi Vurğun Vəkilov təqdim etdi. 

Tanınmış qiraətçi Xəzər Süleymanlının şairin şeirini səsləndirməsi də onsuz da xoş olan ovqata bir qədər də müsbət aura əlavə etdi. 
Prezidentin fərdi təqaüdçüsü, əməkdar müəllim, şairə Ofelya Babayeva İbrahim İlyaslının Sumqayıtda ədəbi mühitin formalaşmasındakı və inkişafındakı xidmətlərindən söz açdı, onun “Dəniz” ədəbi birliyi, Poeziya evi vasitəsilə ədəbi gəncliyin inkişafına təkan verdoyini vurğuladı, yubileyi münasibəti şəhərin ədəbi ictimaiyyəti adından onu təbrik etdi.
Yubiley gecəsində filologiya üzrə fəlsəfə doktoru, şairə Adilə Nəzər də şairin yaradıcılığı barədə geniş məruzə ilə çıxış etdi. 
Sonra Dünya Gənc Türk Yazarları Birliyinin başqanı, şair İntiqam Yaşar təbrik nitqi ilə çıxış edərək İbrahim İlyaslını DGTYB-nin 25 illik Yubiley Medalı ilə təltif etdi. 
Tədbirin sonunda çıxış edən yubilyar tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə dərin təşəkkür və minnətdarlığını bildirdi və “Zəfər Marşı” şeirini səsləndirdi. 

Və mən bu yazını hələ də İbrahim İlyaslının haqqında bol-bol tərif dediyimiz “Necəsən” şeirini oxumayanlar üçün şeiri təqdim etməklə yekunlaşdırır, sevimli şairimizə isə “Həmişə yaxşı olasan” mesajını çatdırıram. 

 

 

NECƏSƏN

 

Mənim səndən uzaqlarda

Yamandı halım, necəsən?

Özgəsinə qismət olan

Cahı-cəlalım, necəsən?

 

Yalana döndü gerçəyim,

Ay gözəlim, ay göyçəyim.

Çəmənim, çölüm, çiçəyim,

Pətəyim, balım, necəsən?

 

Daşam yolun üstə bitən,

Nə sirdi anlamaz yetən.

Gözü, könlü dil-dil ötən,

Dilləri lalım, necəsən?

 

Zər-zibam, ləlim, gövhərim,

Yaqut-yəmən, simu-zərim,

Barmaqları bəxtəvərim,

Başı bəlalım, necəsən?

 

Üzün dönməz mənə sarı,

Yarı öz ömründən, yarı.

İbrahimin sitəmkarı,

Necəsən, zalım, necəsən?

 

Fotolar sumqayıtlı fotoqraf Şakir Rəhmanındır.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.