“Kür” Ədəbi Məclisi Rəşad Məcidlə görüş keçirib

Rate this item
(0 votes)

Tanınmış yazarlarımızın bölgələrə hər gəlişləri bir bayram əhval-ruhiyəsi gətirir. Paytaxt həyatının dinamikasının bir hissəsinin bölgələrə transferi təəssüratı yaradır. Cümə günü Beyləqan bax bu təəssürata bürünmüşdü.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin verdiyi məlumata görə Beyləqan rayon Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru şair-publisist Rəşad Məcidlə görüş keçirilib. Görüşdə Rəşad Məcid Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə yaranan “Kür” ədəbi məclisinin üzvlərinin şeirlərini dinləyib, mədəniyyət işçilərinin, oxucuların suallarını cavablandırıb. Rəşad Məcid regionda yaşayan gənc yazarlara öz ədəbiyyat yolundan söhbət açaraq yaradıcılıqda istedadla yanaşı zəhmətin, mütaliənin rolunu vurğulayıb. O, gənc yazarların gələcək ədəbi istiqamətlərinə dair tövsiyələrini bölüşüb. Həmçinin müəllif oxuculara və kitabxanaya müxtəlif kitablar hədiyyə edib.
Maraqlı keçən görüşün təəssüratları yəqin ki, hələ uzun müddət gənc ədəbi məclis üzvlərini tərk etməyəcək!