Ramiz Qusarçaylının doğma kənd məktəbində görüşü olub

 

Doğulub boya-başa çatdığı doğma Çartəpə kənd tam opta məktəbində ustad şair Ramiz Qusarçaylının görüşü olub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı kəndin unudulmaz və qəhrəman şəhidləri,- birinci Qarabağ müharibəsində şəhid olmuş Maisin qardaşı və ikinci Qarabağ müharibəsində şəhid olmuş Ürfanın atası Çingiz Məmmədov, zabit Altay Məmmədovun və əsgər Ehtiram İsmayılovun yaxınları, qazi Turan Quliyev, müharibə iştirakçısı Rəvan Baxışov da iştirak ediblər. 

Görüşü giriş sözü ilə məktəbin direktoru Bəhruz Bəybalayev açıq elan edib.

Dövlət himni oxunub, uca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Məktəbin müəllim və şagirdlərinin ifasında şairin şeirləri səslənib, onun “Vətən" poemasının və digər əsərlərinin yaranma tarixi, yaradıcılıq planları barədə suallar cavablandırılıb. Şair “Azərbaycan bayrağı" və  digər şeirlərindən nümunələr oxuyub.

Doğma məktəbinə və şagirdlərə şair kitablarından da hədiyyə edib. 

Sonda direktor Bəhruz Bəybalayev tərəfindən Ramiz Qusarçaylı məktəbin "Fəxri fərman"ı ilə təltif olunub. 

Xəbərə əlavə olaraq şairin doğma kəndinə həsr etdiyi şeiri təqdim edirik. 

 

Çartəpə kəndi

 

Nə çardı, nə çahar,

Car sədasıdı,

Qədimdən qədimdi Çartəpə kəndi.

Dağların qoynunda gül adasıdı

Gül-gül salamlayır hər təpə kəndi.

 

“Qızıl qaya”sı var,

“Dərin dərə”si,

Coşur Qusarçayın bəndi, bərəsi,

Aylı axşamları ruh mənzərəsi

Möcüzə məskəni,

sirr təpə kəndi.

 

Çox düşüb tufana, selə təpədə,

Sərib sinəsini yelə təpədə,

Döyüşüb Şuşada, Lələtəpədə

Ərən təpə kəndi,

ər təpə kəndi.

 

Nurundan göy gülüb,

yer qitələnib,

Tanrının əliylə xəritələnib,

Övliya-övliya əhatələnib

Ocaq təpə kəndi,

Pir təpə kəndi.

 

Nə çardı, nə çahar,

Car sədasıdı,

Haraydı, nərədi Çartəpə kəndi.

Dağların qoynunda gül adasıdı

Gül-gül salamlayır hər təpə kəndi.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)