“Necip Fazıl” mükafatı Elçinə təqdim olunub Featured

 

Budur, yazıçı Elçinin bir müddət öncə layiq görüldüyü Necip Fazıl mükafatı ona təqdim edilib. 

 

İstanbulda IX “Necip Fazıl” mükafatlarının təqdimetmə mərasimi Türkiyənin “Star” qəzeti tərəfindən keçirilir, mərasim bu il “Yük kimin çiynində” mövzusu ilə baş tutub. 

Bu il bi nüfuzlu mükafata layiq görülənlər arasında Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin olması qürurvericidir. 

“Beynəlxalq mədəni-sənət” nominasiyası üzrə mükafatlandırılan yazıçımıza mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib. 

Türkiyə Prezidenti çıxışında Elçin Əfəndiyevin müxtəlif dillərə tərcümə edilən əsərləri ilə qəlbləri fəth etdiyini deyib. Bildirib ki, Türkiyə-Azərbaycan dostluğunun səmimiyyətinin, həmrəyliyinin dünyada nümunə kimi göstərildiyi bir dövrdə verdiyimiz bu mükafat xüsusi məna daşıyır. 

Ümumilikdə altı nominasiya üzrə təqdim edilən mükafata “Şeir” nominasiyası üzrə şair Mehmet Can Doğan, “Hekayə-roman” nominasiyası üzrə Ayşegül Genç, “Fikir-araşdırma” nominasiyası üzrə Mustafa Özel, “İlk əsərlər” nominasiyası üzrə Elif Genç, “İlk əsərlər” nominasiyası üzrə Can Acer və “Hörmət” nominasiyası üzrə İlhami Atalay layiq görülüb. 

Mükafata layiq görülən Elçin Əfəndiyev AzərTAC-a açıqlamasında deyib:

“Necip Fazıl” mükafatına layiq görülmək mənim üçün böyük şərəfdir. Onun yaradıcılığının, şəxsiyyətinin miqyası o qədər genişdir ki, bu məndə mükafatın ümumən Türkiyə tərəfindən verilməsi hissini oyadır. 

“Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın bir-birinə “Əziz Qardaşım” - deyə müraciəti əslində elə ölkələrimiz arasındakı qardaşlığın, doğmalığın ifadəsidir. Yaxın keçmişə baxdığımızda, Azərbaycan ərazi bütövlüyünü bərpa edərkən, şanlı Zəfərimizə gedən 44 günlük Vətən müharibəsində Türkiyə hər zaman Azərbaycan xalqının yanında oldu. Türkiyə Prezidenti hər zaman dövlətimizin başçısının, vətəndaşlarımızın yanında oldu. Bu da çox böyük yaxınlıq və doğmalıqdan xəbər verir”.

 

“Ədəbiyyat və incəsənət” (03.12.2022)