“İnsan heç vaxt bu qədər ucuz olmayıb” – Əkrəm Əylisli Milli Kitab Sərgisində belə dedi Featured

Bakı İdman Sarayında davam edən 4-cü Milli Kitab Sərgisində bu gün – sentyabrın 29-da, saat 12-də yazıçı Əkrəm Əylisli ilə görüş keçirildi. Görüşə oxucularla yanaşı şair və yazıçılar da qatılmışdı.

 

“Daş yuxular” romanı ilə bütün nüfuzu və titulları əlindən alınmış yazıçı ilə görüşmək həqiqətən də görüşə qatılanlar üçün maraqlı idi. Əkrəm Əylisli bir qədər özü danışdı, sonra sualları cavablandırdı. Qələm əhlindən – Rasim Qaracadan, Əlibala Məhərrəmzadədən, Mübariz Örəndən, Şərif Ağayardan,  tədbirin təşkilatçısı Şahbaz Xuduoğlundan suallar gəldi. Əkrəm Əylisli təmkinlə bu sullara cavab verdi. Biz də cavablardan seçdiyimiz bəzi cümlələri ilə yazıçının bugünkü ovqatını və düşündüklərini oxucularımıza çatdırmaq qərarına gəldik.

 

80 yaşdan sonra bir qədər tələskənlik duyur, yalnız məzar görürsən.

 

Təskinliyimiz yazılarımızdır.

 

Mən özümdən əsla razı deyiləm.

 

Heç vaxt ürəyimə xəyanət etməmişəm.

 

Müdhiş bir zamana düşmüşük, mənəviyyat çox ucuzlaşıb.

 

İnsan heç vaxt bu qədər ucuz olmayıb.

 

Allah qaçdı bizdən, allahsız olduq.

 

Hardansa güc tapmışam və bütün bu zillətlərə dözmüşəm.

 

Nobel mükafatını Orxan Pamuka verdilər, anladım ki, hər bir ortabab yazara onu vermək olar.

 

Nobel əvvəlki Nobel deyil.

 

Mən Azərbaycanda yeganə yazıçıyam ki, Nobelə namizədliyim verilib.

 

Niyə yazıçı oldum? Orta məktəbdə bir qızı sevirdim. Düşündüm ki, necə edim ki, hamıdan fərqlənim, qız da məni sevsin. Ağaca dırmaşdım, xeyri olmadı,  hündürlüklərdən aşağı hoppandım, xeyri olmadı. Onda dedim, bəlkə yazım, fərqlənim, beləcə şeir yazmağa başladım.

 

Mən ədəbiyyata “Kirpi” jurnalında şeirlərimin dərci ilə başlamışam.

 

Mənim uşaqlıqla bağlı detalı, fraqmanı olmayan bircə əsərim də yoxdur.

 

Yeni nəsil yazarları, elə bil, qəsdən çalışırlar ki, qəliz yazsınlar. Bilmirlər ki, dahilik sadəlikdir.

 

Ədəbiyyat informasiyadır. İnsan informasiyanı internetdən deyil, özündən gətirməlidir.

 

Cümlə ağlına gəldi, dərhal yazmaq olmaz, onu işləmək lazımdır. Roman ayrıca cümlə-cümlə işləməklə ərsəyə gəlir.

 

Niyə müsahibə vermirəm? Gərək adamı dindirələr ki, o da dinə. Desəm öldürərlər, deməsəm ölləm.

 

Yazıçı insanın var olduğu yerdən çıxır.

 

“Azərbaycan” jurnalında işləyəndə elə nikbim idim, içəri hər bir yeni yazar əsər gətirib gələndə ümidlənirdim, elə bilirdim, bir Sabir, bir Mirzə Cəlil içəri girir.

 

“Ədəbiyyat və incəsənət”