Xalq şairi Hüseyn Arif 98-ci ildönümündə anılıb

 

Ötən gün Xalq şairi Hüseyn Arifin anadan olmasının 98-ci ildönümü tamam olub. “Ədəbiyyat və incəsənət” portalı “Qazax” Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusifə istinadən xəbər verir ki, bu münasibətlə Bakıda və mərhum şairin ana vətəni Ağstafada silsilə tədbirlər keçirilib.

 

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Xalq şairini. Ağstafa şəhər qəbirstanlığında yerləşən məzarı ziyarət edilib. Şairin məzarına əklil, tər qərənfillər qoyulub. Eləcə də Hüseyn Arifin doğmalarının, dünyadan vaxtsız köçmüş oğlu Arifin məzarı üstünə  tər qərənfillər qoyulub.

Anım tədbirində qazilər, veteranlar, ağsaqqallar, Xalq artisti Tariyel Qasımov, BDU-nun Qazax filialının professoru Hüseyn Xəlilov, AYB-nin Qazax Bölməsinin sədri Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, BDU-nun Qazax filialının müəllimi, Professor  Valeh Nəsibli, BDU-nun Qazax filialının müəllimi, şair Mustafa Rasimoğlu, Mediaxeberleri.Az İnformasiya Portalının rəhbəri Ələddin Kəsəmənli, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Ağstafa filialının sədri Ceyhun Əliyev, Ağstafa Gənclər və İdman İdarəsinin baş mütəxəssisi Turan Biləndəroğlu, Ağstafa Rəsm qalareyasının müdiri Gülgün Kərimov, şair Aydın Tağızadə, Əfqanıstan Veteranları İB-nin Ağstafa filialının sədri Mirzahid Hacıyev, AVMVQ İB-nin Ağstafa rayon filialının sədr müavini Ədalət Şükürov iştirak ediblər.

Tədbir iştirakçıları Hüseyn Arifin yaradıcılığından, onun el-obaya, Vətənə olan sevgisindən söz açıblar.

"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov telefonla əlaqə saxlayaraq tədbiri iştirakçılarını salamlayıb, onlara müraciət ünvanlayıb: "Hörmətli ziyalılar, ağsaqqallar, hamınızı salamlayıram. Bu gün tarixi gündür. Həm Azərbaycan xalqının xilaskarı, Ümumilli lider Heydər Əliyevin ikinci dəfə xalqın çağırışı ilə hakimiyyətə gəlməyinin 29-cu ildönümüdür. Həm də Tarixi Qələbəmizdən sonra köksü işğalçılardan təmizlənən Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada Azərbaycan və qardaş ölkə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanmasının ildönümüdür. Biz bu qələbəni Ulu Öndər Heydər Əliyevə borcluyuq. Şuşaya gedən yol Ulu Öndər Heydər Əliyevin müdrik siyasətindən başlayır. Cənab Ali Baş Komandanımız İlham Əliyev Şuşanın işğaldan azad olunması xəbərini xalqa çatdıranda böyük fəxr hissi ilə söylədi: "Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim." Ulu Öndər Heydər Əliyevə, Qarabağın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizə Uca Allahdan rəhmət diləyirik. Qazilərə şəfa arzulayırıq. Allah dövlətimizi, ordumuzu qorusun".

İlham Pirməmmədov Hüseyn Arif haqqında, Hüseyn Arifin qızları Səhər xanım və Zöhrə xanım haqqında xatirələrini danışıb. Hüseyn Arifə olan xalq məhəbbətindən, Hüseyn Arif poeziyasının xalq ruhuna doğmalığından, onun yaradıcılığının bənzərsizliyindən söz açıb.

Xalq şairi Hüseyn Arifə, övladları Arif və Səhərə Allahdan rəhmət diləyib. Hüseyn Arif poeziyasının, Hüseyn Arif insanlığının daim qəlblərdə yaşadığını, dövlətimiz, xalqımız tərəfindən şairin xatirəsinin hər zaman əziz tutulduğunu vurğulayıb.

Əlbəttə ki, hər birimiz inamla Hüseyn Arifin ədəbiyyatda tutduğu yerin necə möhkəm olduğunu söyləyə bilərik. 

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib. Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna qüdrətini bu gün də qoruyub saxlayır. Şairin təbii və canlı dili ilə seçilən əsərlərində həyatın öz nəfəsi duyulur. Təsadüfi deyil ki, Hüseyn Arifin şeirləri çox zaman mahnı mətninə çevrilib. O, Vətən, ana torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri heç kimə bənzəməyən tərzdə ifa edib. 

AZƏRTAC xəbər verir ki, bu gün Dövlət mükafatı laureatı, Xalq şairi , XX yüzil Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arifin anadan olmasının 98-ci ildönümü tamam olur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 2 may tarixli Sərəncamı ilə Hüseyn Arifin 90 illik yubileyi dövlət səviyyəsində təntənəli şəkildə keçirilib.

Hüseyn Hüseynzadə 1924-cü il iyunun 15-də Qazaxın Yenigün kəndində (kənd hazırda Ağstafa rayonunun tərkibindədir) doğulub.

Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayan şairin liberettosu əsasında hazırlanan “Azad” tamaşası 1957-ci ildə Opera və Balet Teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. 1971-ci ildə “Dağ kəndi” poemasına görə “Qızıl oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dilinə çevrilib. Şeirlərinə musiqilər bəstələnib. 1976-cı ildə Sarayevo Beynəlxalq Poeziya Günlərinin, 1979-cu ildə Liviyada “SSRİ Gunləri”nin iştirakçısı olub. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında böyük redaktor, “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri və Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində çalışıb.

Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsinə əsaslanan, epos təfəkkürünü, etnoqrafik yaddaşı geniş əks etdirən zəminində dəyərli əsərlər yazıb. O, təbiət mövzusunda yazdığı əsərləri ilə oxucunu ana təbiəti duymağa, qorumağa, doğma torpağın qədrini bilməyə çağırır. Həmişə xalqın içində olan şairin əsas qayəsi, Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olub. 

Hüseyn Arif o məşhur insanlardandır ki, adı ilə bağlı çoxlu lətifələr, baməzə əhvalatlar dolaşır, hətta belə lətifə və əhvalatların toplandığı kitab nəşr olunub, lakin bütün baməzə düzməcələr və olmuş əhvalatlar onun şair ciddiliyini nəinki zədələmiş, əksinə, onu xalqa daha da yaxınlaşdırır, olduğu səmimiyyətlə ona xalq sevgisi qazandırır.

1992-ci il sentyabrın 14-də Bakıda vəfat edən Xalq şairi, doğulduğu kənddə nakam oğlunun yanında dəfn olunub.

Şairin vaxtı ilə Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Xırdalan şəhərindəki, Ağstafadakı küçələrdən biri, habelə Ağstafa şəhərindəki Uşaq Musiqi Məktəbi Hüseyn Arifin adını daşyır. 2010-cu ildə “Mən Hüseyn Arifəm...” adlı film çəkilib. Adına çoxlu şeirlər, şeirlərinə nəzirələr yazılıb, yaradıcılığı ədəbi-elmi yazıların, tədqiqat əsərlərinin mövzusu olub.

Onun yaradıcılığı bugün də gənc nəslin tərbiyəsində öz önəmini qoruyub saxlayır, xalqımız, dilimiz yaşadıqca Hüseyn Arif poeziyası da yaşayacaq, seviləcək, öyrəniləcəkdir.

Ruhu şad olsun!