“Azərkitab” açılışını Rusiyada yaşayan həmyerlimizin iki kitabının təqdimatı ilə etdi Featured

Bir müddət idi fəaliyyətsiz qalmış  “Azərkitab - kitab təbliğatı mərkəzi” nəhayət ki, dünən yeni ünvanda fəaliyyətini bərpa etdi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Azərkitab”da Rusiyada yaşayan şairə  Solmaz Qəribelin “Qərib küləklər” və “Saçı ağarmış arzular” adlı kitablarının təqdimatı və imza günü keçirilib. 

Kitab təqdimatlarının, ziyalılarla görüşlərin, sərgilərin, müxtəlif ədəbi-kütləvi tədbirlərin keçirilməsi üçün Ukrayna Ticarət Evi-nin inzibati binasında yerləşən "Azərkitab - kitab təbliğatı mərkəzi” qeyd edək ki, müasir formatda üç zalı ilə fəaliyyət göstərməkdədir və bu zallardan biri gül-çiçəyə bürünərək kitab bayramına şahidlik edib.

Tədbiri tanınmış tənqidçi Əsəd Cahangir açıq elan edərək əslən Ağdərədən olan, Rusiyanın Həştərxan vilayətində həkim işləyən Solmaz Qəribeli publikaya yaxından tanıdıb, onun şeirlərinin əsas məziyyətlərimdən bəhs edib. 

Sonra tanınmış şair Balayar Sadiq, Adilə Nəzər, Rəfiqə Qasımqızı və digərləri çıxış ediblər, şairə barədə xoş sözlər söyləyiblər.

Solmaz Qəribel iştirakçılara minnətdarlıq bildirib, öz ürək sözlərini söyləyib. 

Əlbəttə, həvəskar şeiri peşəkar şeirlə eyniləşdirmək olmaz. Amma yaxşı həvəskar şeir də ruh oxşayır, qəlbi riqqətə gətirir. Solmaz xanımın vətən həsrəti bə sevgi şeirləri buna bariz misaldır. 

 

“Azərkitab” bundan sonra müntəzəm olaraq bu sayaq tədbirlər keçirəcək, bunu əməkdaşımıza qurumun rəhbəri Mirisrafil Həsənov söyləyib. 

“Azərkitab”ın yeni ünvanını diqqətinizə çatdırırıq: Nərimanov rayonu, A.Salamzadə küc. 65B(Atatürk prospektində, Gənclik metrosundan Ayna Sultanova abidəsi istiqamətində gedən yolda yerləşən “Zivella” mebel evinin arxası)

Əlaqə: 050 260-90-20, 050 661-11-33