Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasının deputatları ilə görüş keçirilib. Görüş çərçivəsində türk dünyasının böyük söz ustadı Əlişir Nəvainin 580 illik yubileyinə həsr olunmuş tədbir və təşkilatın himayəsi ilə çap olunan “Əlişir Nəvai Əsərləri” kitabının təqdimat mərasimi təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, təşkilatın struktur və məqsədlərindən, türk dünyasının zəngin mədəniyyətinin beynəlxalq aləmdə təbliği yönündə genişmiqyaslı fəaliyyətindən bəhs edib. Fondun prezidenti çıxışında Özbəkistanın qədim mədəniyyəti, tarixi, dünya elminə və mədəniyyətinə töhfələr bəxş etmiş dahi şəxsiyyətləri, memarlıq abidələri ilə türk dünyasında xüsusi yerə sahib olduğunu vurğulayıb. Özbəkistan ilə əməkdaşlığın Fond üçün önəmli olduğuna toxunan Günay Əfəndiyeva, münasibətlərin inkişafının türk xalqlarının bir-birinə yaxınlaşmasında önəmli rol oynayacağını bildirərək, Özbəkistanın qədim irsinin tanıdılması istiqamətində müxtəlif layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb: “Bu layihələrdən biri təşkilat tərəfindən türk ədəbiyyatının böyük nümayəndələrindən Əlişir Nəvainin 580 illiyi münasibətilə çap olunan “Əlişir Nəvai Əsərləri” kitabıdır. Kitabı Əlişir Nəvainin şeirləri ilə yanaşı, özbək orta əsrlər incəsənətinin nümunələrindən olan miniatürlər bəzəyir. Şairin şah əsəri sayılan “Xəmsə”ni türk dilində yazması onun türk dünyasına olan sevgisinin, ehtiramının və bağlılığının təzahürüdür”.
G.Əfəndiyeva kitabı çağataycadan Azərbaycan dilinə uyğunlaşdıran filologiya elmləri doktoru Ramiz Əsgərin nəşrin ərsəyə gəlməsində əməyini yüksək dəyərləndirib.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov tədbirin təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinə təşəkkür edib. Səfir bildirib ki, bugünkü tədbir iki qardaş dövlət - Özbəkistan ilə Azərbaycan arasında əməkdaşlığın uğurlu inkişafının daha bir parlaq nümunəsidir. “Mən bu məkanda səslənən səmimi sözləri son illərdə ölkələrimizin rəhbərlərinin səyləri nəticəsində ikitərəfli münasibətlərdə əldə edilmiş yüksək etimad, dostluq və qarşılıqlı anlaşma ilə əlaqələndirirəm. Əvvəl qeyd edildiyi kimi, Nəvai bütün həyatını türk dilinin inkişafına həsr edib və bu işdə böyük nailiyyətlər qazanıb. Türk dilində özünəməxsus yazı üslubu ilə seçilən Əlişir Nəvai, həmçinin öz dövrünün böyük hörmət və ehtiram sahiblərindən olub. Böyük şair poetik və nəsr əsərlərində yüksək ümumbəşəri ideyaları, özbək dilinin misilsiz zənginliyini və sonsuz ifadə imkanlarını nümayiş etdirməklə, milyonlarla oxucu qəlbində layiqli yer tutmuşdur", - deyə səfir qeyd edib.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov tədbirin keçirilməsinin önəmindən bəhs edib: “Bu tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk böyük işi deyil. Fond tərəfindən Türk xalqları ədəbiyyatının, mədəniyyətinin yaxınlaşması, irslərimizə ortaq şəkildə sahib çıxmağımız üçün xeyli işlər görülüb. Əlişir Nəvaiyə bənzəmək orta əsrlərdə ibadət kimi idi. Onun yaradıcılığı türk əbədiyyətinin bənzərsiz nümunələrindəndir”.
Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının deputatı Oydin Abdullayeva Əlişir Nəvainin dünya ədəbiyyatındakı əvəzsiz yerindən bəhs edərək vurğulayıb ki, Asiya intibahının aparıcı mütəfəkkiri sayılan Nəvainin dünya ədəbiyyatına verdiyi töhfələr mədəniyyətlərin qarşılıqlı təsirinin parlaq nümunəsidir. Nəvai bütün həyatını türk dilinin inkişafına həsr edərək, bu işdə böyük uğur qazanıb. Böyük şairin əsərləri fars, italyan, alman, fransız, hind, türk, ingilis, rus, Azərbaycan, türkmən və digər dillərə tərcümə edilərək təkrar-təkrar nəşr olunur. Əlişir Nəvainin əvəzsiz yaradıcılıq və elmi irsi təkcə özbək xalqının deyil, dünya ədəbiyyatı tarixində, milli mədəniyyətimizin və ədəbi-estetik təfəkkürümüzün inkişafında da xüsusi yer tutur.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən önəmli işlər görüldüyünü qeyd edib: “Türk dünyasının gələcəyini təyin edəcək faktorlar ortaq ədəbiyyatımız, tariximiz, mədəniyyətimizdir. Bunların içərisində şübhəsiz Əlişir Nəvai xüsusi yerə malikdir. Nəvai milli kimliyinin fərqində olan dərin düşüncəyə sahib mühafizəkar bir ədib idi”.
Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının deputatı Xurşid Dosmuhamedov bildirib ki, iki qardaş xalq Əmir Teymur, Cəloliddin Mənquberdi, Nizami Gəncəvi, Uluqbəy və Nəsrəddin Tusi, Füzuli kimi böyük tarixi şəxsiyyətləri sayəsində bir-birinə yaxın bağlılığı vardır. “Tək özbəklərin deyil, bütün türk xalqlarının ədəbiyyatının böyük nümayəndəsi, şair, alim Əlişir Nəvai Nizami Gəncəvi ənənələrini davam etdirərək, onu öz müəllimi hesab etmişdir. Ramiz Əsgərin özbək mədəniyyətinin təbliğindəki xidmətləri əvəzsiz və təqdirəlayiqdir”.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid türk məkanı olan Beynəlxalq Türk Mədəniyyəti Fondunda tez-tez türk dünyasının mədəni həyatını əks etdirən tədbirlər keçirildiyini bildirib. R.Məcid Nəvainin türk ədəbiyyatına təsirindən söz açaraq, onu bütün türk dünyasının söz sənətkarı adlandırıb.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Ramiz Əsgər tərtib etdiyi kitab haqqında məlumat verib. "Özbəkistan minillik tarixi, mədəni keçmişə malikdir. Əlişir Nəvai çağatay ədəbiyyatının şahıdır və türk dünyasının ən böyük şairlərindəndir. Puşkinin, Dantenin, Şekspirin dünya ədəbiyyatında yeri nə qədərdirsə, Əlişir Nəvainin də Özbək və türk dünyası ədəbiyyatında yeri ondan da artıq dərəcədədir".
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Xalq artisti Vaqif Əsədovun quruluşunda aktyor və aktrisaların ifalarında şairin şeirləri səsləndirilib və Özbəkistanın milli musiqisi təqdim olunub.
Tədbirin sonunda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən türk dünyası ədəbi irsinin tanıdılmasındakı xidmətlərinə görə Ramiz Əsgərə və türk dünyası sənət irsinin tanıdılmasındakı xidmətlərinə görə Vaqif Əsədova plaket, Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının sədri tərəfindən Ramiz Əsgərə Nəvai yaradıcılığının təbliğində gördüyü işlərə görə ünvanlanan təşəkkür məktubu və digər hədiyyələr təqdim olunub.