Bakı Kitab Mərkəzində “Məhşər divanı: Yalanın 17 anı” kitabı təqdim olunub

 

Martın 31-də Bakı Kitab Mərkəzində fəlsəfə üzrə fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin “Məhşər divanı: Yalanın 17 anı” sənədli romanının təqdimat mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” pprtalı xəbər verir ki, təqdimat mərasimində tanınmış şəxslər - dövlət qurumları təmsilçiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sənədli romanın rəyçiləri filologiya elmləri doktoru, professor Nizami Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov və jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Qafar Çaxmaqlıdır. Eləcə də beynəlxalq rəyçiləri İSESCO-nun sabiq baş direktoru, professor Əbdüləziz bin Osman əl-Tüveycri (Səudiyyə Ərəbistanı), tarixçi, professor Kamal Çiçək (Türkiyə) və Vadim Mixaylovdur (Rusiya).

Öncə tədbirin aparıcısı Qulu Məhərrəmli kitabın ümumi süjeti və mahiyyətindən bəhs edib. Bu sayaq kitabların faydasından danışıb.

Daha sonra o, çıxış üçün sözü qonaqlara verib.

İlk çıxışçı Xalq yazıçısı Çingiz Abdullayev olub, o, kitabda adları çəkilən erməni qəsbkarlarının vəhşiliyi məsələsinə toxunub, deyib ki, mən bu siyahıya Sarkisyanı, Koçaryanı, Seyran Akoryanı da əlavə edərdim. Çünki adlarını çəkdiklərim özləri etiraf ediblər: “Biz Xocalıda sübut etdik ki, dinc əhalini də öldürə bilərik”.

Millət vəkili Fazil Mustafa bu tip kitabların dünyada tanıdılmasının vacibliyini qeyd edib: “Bu cür kitablarla mübarizə ənənəsi artıq dünya dillərində də nəşr olunmalı, tanıdılmalıdır. Yəni auditoriyanı böyütmək lazımdır. Hansı ki sözügedən kitabın digər dillərə tərcüməsi də nəzərdə tutulub”.

Deputat, akademik Ziyad Səmədzadə bu gün üçün informasiya müharibəsi anlayışının aktual olmasından danışıb, bu kitabın da informasiya vasitəsi kimi yaxşı vəsait olduğunu vurğulayıb: “Kotab bizim hamımızı informasiya müharibəsinə səfərbər edən əsas amillərdən biridir. Kitabda o qədər zəngin faktlar var ki, bütün bunlar erməni vəhşiliyini göstərir”.

Dünyada artıq soyqırımı hadisələrinin xüsusi araşdırma istiqamətinin formalaşdığını deyən A.A. Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix elmləri üzrə elmlər doktoru, professor Kərim Şükürov bu hadisənin əhəmiyyətinə toxunub: “Genosidologiya adlı elmi istiqamət formalaşır. Bu baxımdan, Azərbaycan tarixi boyunca başına gətirilən faciələri daha geniş auditoriyaya çatdırmalıdır ki, dünyada fikir formalaşdıra bilsin”.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə bu tip kitabların davamının olacağını qeyd edib: “Azərbaycan Dünya Təşkilatını formalaşdırırıq. Orada dövlətə, Azərbaycana, turançılığa yönəlik addımlar atacağıq və bu kitab sonuncu deyil”.

Ən nəhayət, yazıçı Varis romanın beynəlxalq müstəvidə yayılmasının effektiv olacağını dilə gətirib, hazırkı mübarizənin informasiya tərəfinin aktuallığını diqqətə çatdırıb: “Kitabı nə qədər dünyaya yaysaq, nə qədər tanıtsaq, bir o qədər effektiv olacaq. Bizim müharibəmizin ikinci mərhələsi məhz bu cür aparılmalıdır”.

Sonda müəllif Adəm İsmayıl Bakuvi kitabın yazılması tarixçəsindən danışıb: “Mən uşaq olanda nənələrimiz, babalarımız elə faktlar danışırdı ki, o faktları heç vaxt unutmaq olmaz. Məsələn, biri mənim yadımdadır ki, deyirdilər, Şamaxının Göyməscidini necə yandırmışdılarsa, məscidin içində yanan insanların qoxusu Ağsuya qədər çatırmış. Bu tip faktları biz uşaq olanda eşidə-eşidə altşüurumuzda saxlamışdıq. Və bütün bu faciəvi məsələlərin yekununda bu kitab ərsəyə gəldi”.

445 səhifəlik sənədli romanda müxtəlif dövrlərdə yaşamış erməni millətinin nümayəndəsi olan 17 nəfərə Xəyali bir ölkədə Böyük Divan qurulur. 

(Yeri gəlmişkən, onların rəssam tərəfindən çəkilmiş portretləri təqdimat keçirilən zalda əyani vasitə kimi asılmışdı). Klassik məhkəmə formatına uyğun bir qaydada keçirilən Böyük Divanda Aravelsidən tutmuş Aqanbekyana, Zori Balayandan tutmuş, Monte Melkonyana qədər, Qaregin Njdeyə qədər əlləri, qələmləri qana batmış ermənilərə, eləcə də dünyada qumar biznesini quran Kirkoryana, porno industriyanın başlıca fiquru Qardaşyana məhkəmə qurulur, onlar müxtəlif cinayətlərdə ittiham olunur. Məhkəmə zalında müxtəlif millətlərdən olan ekspertlər, zərərçəkənlər dinlənilir. Müəllif obyektivliyi qoruyaraq ittiham edilənlərə də baş hakim obrazının dili ilə söz verir. Hər bir fəslin sonunda hər ittiham olunan erməniyə hökm oxunur.

Kitabda həmçinin çoxsaylı ensiklopedik məlumat yer aldığından əsərdən şagird və tələbələrdən ta ki, siyasətçilərə qədər hər kəsin yararlanacağı gözlənilir. 

Əsərin daha 4 dildə - türk, rus, ingilis və erməni dillərində çapı nəzərdə tutulur ki, artıq rus dilində nəşri hazırda çapa hazırlanır.