“Ölülərim, dirilərim dolanır içimdə” - Vaqif Səmədoğlu üçün rekviyem

 

Bu gün Vaqif Səmədoğlunun anım günüdür. 7 il öncə - 2015-ci ilin 28 yanvarında Vaqif Səmədoğlu dünyaya əlvida deyib.

Onun barəsində rəsmi mənbələr belə məlumat verir: Vaqif Səməd oğlu Vəkilov; 1939-cu ilin 5 iyununda Bakıda, Səməd Vurğunun ailəsində dünyaya gəlib. Şair, dramaturq, publisist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Milli Məclisin deputatı (2000, 2005). Milli azadlıq hərəkatının liderlərindən biri olub. “İstiqlal” və “Şərəf” ordenləri kavaleridir, Humay və Nəsimi mükafatları laureatıdır.

Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndindən, Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Dövlət Konservatoriyasında təhsil alib. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962–1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963–1971),  Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968–1971),  Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri (1982–1985) vəzifələrində işləyib, "Oğuz eli" və “Cumhuriyyət” qəzetlərinin baş redaktoru (1992–1994) olub.

Poeziya, musiqi, teatr və kino sahəsinə yaddaşlarda qalan, dəyərli töhfələr verib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib. İlk kitabı – “Yoldan məktublar” 1968-ci ildə işıq üzü görüb. Yüz minlərlə insanın pərəstiş etdiyi şeirlərin, “Bəxt üzüyü” kimi filmin, “Bir axşam taksidən”, “Sən uzaq yaşıl ada” kimi mahnıların, “Yaşıl eynəkli adam” kimi tamaşanın müəllifidir.

Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də uzun sürən ağır xəstəlikdən sonra Bakıda dünyasını dəyişib, Birinci Fəxri Xiyabanda dəfn olunub. 2019-cu ilin iyununda Qazax rayonunun "Fəxri qazaxlılar" parkında büstü açılıb.

Rəsmi məlumat bu qədərdir. Amma, məncə, burda heç nə yoxdur. Vaqif Səmədoğlu bu məlumatlara əsla sığmaz.

O, sanki bu dünyanın adamı deyildi. Onun dilini küləklər bilirdi, buludlar, yağışlar, Günəş, Ay bilirdi, insanlar isə ya bilmirdi, ya da bilməkdə çətinlik çəkirdi.

Qohumluq əlaqəmiz olsa da Vaqif əmiylə çox az-az görüşürdük, onun üçün darıxanda şeirlərini oxuyurdum. O şeirlər bizim qalaktikadan kənarda yaranıb göndərilirdilər bizim ixtiyarımıza.

 

Kağızın üstünə düşüb, 

İki əlimin kölgəsi.

Yenə də lap zilə qalxıb

Təkliyin yalquzaq səsi...

 

Vaxtdan yaxa qurtarmışam,

Bilmirəm saat neçədir.

Ay yarımçıq, ulduzlar yox,

Yaman ölməli gecədir...

 

Nə varım var, nə barxanam

Ömür yükü bağlamağa.

Allah, məni yarı öldür,

Yarı saxla ağlamağa...

 

Bunu yalnız Vaqif əmi bu cür yaza bilərdi. Başqa heç kim.

Eləcə də bunu:

 

Bu payız da başlandı, 

Bu yağış da... 

Ölülərim, 

Dirilərim dolanır içimdə, 

Xatirələr səyriyir gecəmdə, 

Təkliyimi minib at tək 

Yanır 

sönür 

ötür ömrüm... 

Ekspreslər dayanmayan 

Kiçik stansiyalar tək.

 

Çox təəssüf ki, insan ömrü həqiqətən böyük vağzallara deyil, kiçik stansiyalara sığışır yalnız. Və ən böyük həsrət, ən böyük nisgil kiçik stansiyaların dayanmadan, sürətlə ötüb keçən ekspress qatarlara olan həsrətidir.

Ruhun şad olsun, Vaqif əmi.

 

VARİS