“Sözün Vətəni – Qarabağ” poeziya saatında tanınmış və gənc şairlər şeirlərini oxuyublar

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində “Sözün Vətəni – Qarabağ” müasir poeziya saatı təşkil olunub.

Xan qızı Xurşidbanu Natəvanın evinin önündə reallaşan tədbirdə bölgələrdən olan şairlər və Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olan gənc şairlər şeirlərini oxuyublar.

 

Tədbirdən əvvəl AzərTAC-a məlumat verən AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza vurğulayıb ki, Azərbaycan xalqı xoşbəxt günlərini yaşayır: “Otuzillik ayrılıqdan sonra Şuşamıza qovuşduq. Bu günü bizə yaşadan Ali Baş Komandana, bütün əsgərlərimizə, şəhidlərimizə borcluyuq. Qırx iki illik tarixə malik Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfə təşkil olunur. Biz yenidən möhtəşəm Vaqif Poeziya Günlərinin iştirakçısı və şahidiyik. Bu gün, poeziya saatının adından da göründüyü kimi, mədəniyyətimizin beşiyi, sözümüzün ilki, şairlərimizin tükənməz mövzusu olan Şuşaya, Qarabağa həsr olunmuş şeirləri dinləyəcəyik. Əminəm ki, Şuşa, eləcə də, doğma, əziz Qarabağımız bundan sonra da şairlərimiz üçün əsas ilham mənbəyi olaraq qalacaq”.

Tədbirə aparıcılıq edən AYB Poeziya sektorunun rəhbəri İbrahim İlyaslı Şuşada keçirilən Vaqif Poeziya Günləri haqqında təəssüratlarını bölüşüb. O, poeziya günlərini söz, sənət və mənəviyyat bayramı adlandırıb. Qeyd edib ki, hər zaman olduğu kimi, bu dəfə də poeziya günləri Şuşada yüksək səviyyədə keçirilir. 

İlk olaraq səhnəyə çıxan Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, bədii qiraət ustası Ağalar Bayramov vətən sevgili şeirlər söyləyib.

Sonra poeziya saatında görkəmli qələm adamları, şairlər - Ramiz Qusarçaylı, Seyran Səxavət, Elçin İsgəndərzadə, Kəmalə Abiyeva, Rəfail İncəyurd, Qəşəm Nəcəfzadə, Şahnaz Şahin, Xəyal Rza, Dayandur Sevgin, Rafiq Yusifoğlu, Fərid Hüseyn, İntiqam Yaşar, Mətanət Uluşirvanlı, Zərəngiz Dəmirçiqayalı və başqaları vətənpərvərlik mövzusunda, həmçinin Şuşaya həsr etdikləri şeirlərini səsləndiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2024)