REDAKSİYANIN POÇTUNDAN: “Şapalaq” – Çoşqun Xəliloğlunun hekayəsi Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının poçtunda Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun məktubu var. O, “Şapalaq” adlı bir hekayəsinin dərcini xahiş edir. Hekayə ibrətamizdir, insan ləyaqətindən bəhs edir. Düçünürük ki, onu oxuyan xüsusən gənc nəsil ibrət dərsi çıxara biləcək.

 

 

Sahib inşaatçı olmaq arzusu ilə Bakıya gəlsə də, ali məktəbə qəbul ola bilməmiş, kəndə qayıtmışdı. Çox pərt idi, hamıdan, ən çox isə müəllimlərindən utanırdı. Heç kimin gözünə görünmək istəmirdi.

Məmməd kişi axşam işdən qayıdanda oğlunu səslədi:

–Sahib, gəl bura. Görürəm yaman fikir edirsən. Min fikir bir borcu ödəməz. Olan oldu, keçən keçdi, İnşallah, gələn il qəbul olunarsan. Ona görə də indidən hazırlaşmalısan... Bu gün Cəlil müəllimi gördüm. Sənə görə çox təəssüfləndi. Özü də dedi ki, gəlsin məktəbə, onun üçün bir iş taparıq, işləyər. Gözümüz də üstündə olar, yenidən hazırlaşar.

Cəlil müəllim savadlı, təcrübəli, tələbkar pedaqoq, bacarıqlı məktəb rəhbəri idi. Onun sevimlisi olmaq hər şagirdə nəsib olmurdu. Gərək çalışqan olasan, əla oxuyasan. Sahibin bəxti gətirmişdi, müəlliminin razı qaldığı şagirdlərdən olmuşdu.

 Atasının sözlərini eşidən Sahib neçə gün ərzində sankı birinci dəfə sinədolusu nəfəs aldı. Müəllimi tərəfindən məktəbə işləməyə dəvət edilməsi onu ruhlandırdı. Ürəyindən “Həm işləyər, həm də müəllimlərimin köməyi ilə qəbul imtahanlarına hazırlaşaram,” fikrini keçirdi.

 –Yaxşı, ata, onda sabah gedərəm məktəbə.

 Sahib məktəbdə işləməyə başladı, həm də səylə qəbul imtahanlarına hazırlaşdı. Bir ilin necə keçdiyini hiss etmədi. Bakıya gələrək növbəti dəfə imtahanları verdi, özü də uğurla. Sevinə-sevinə cibində tələbə bileti kəndə qayıtdı. Çox xoşbəxt idi. Qəlbində qürur hissi keçirirdi. Oxuduğu orta məktəbə gəlib müəllimləri ilə görüşdü. Cəlil müəllim onun alnından öpdü:

 –Oğlum, təbrik edirəm! Unutma ki, bu hələ başlanğıcdır. Səndən çox şey gözləyirik.

 - Çox sağ olun, müəllim.Yaxşılıqınızı heç zaman unutmaram, – Sahibin üzünə xəfif qızartı çökdü.

   ...Məmməd kişi aldığı maaş çox olmasa da əlindən gələni edirdi ki, oğlu korluq çəkməsin. Nadirin də ali məktəbə qəbul olunması ailənin maddi ehtiyaclarını artırdı. İki tələbəni Bakı kimi yerdə oxutmaq üçün hər ay filan qədər pul lazım idi. Bu pulu birtəhər tapacaqdı. Amma indi Sahibgili Bakıya yola salmaq üçün bir qədər pul gərək idi.   Kimdən borc alsın?  

   ...Məmməd fikirlər içində Səlimin darvazasını döydü. Səsə ev sahibi çıxdı.

   –Xoş gəlmisən, dayıoğlu. Bəs nə üçün burda dayanmısan?  Keç içəri.

   – Bibioğlu, xoş gününə gəlim. Vallah utanıram deməyə... Bilirsən ki, uşaqları Bakıya yola salacağam... Bir az pul lazımdır. Allah qoysa, nar yetişəndə qaytararam.

   Səlim arvadı Tamamı səslədi. Saxlancdakı pulu gətirməyi tapşırdı. Məmmədə pulu verib, dedi:

   –Biz qohumuq, həm  sənin, həm də uşaqlarının  xətrini çox istəyirəm. Bu pulun yarısını oğlanlarına bağışlayıram, sağlıqla xərcləsinlər. Yarısını isə nə vaxt imkanın olsa, qaytararsan, darıxma.

Məmməd razılıq hissi və sevinclə evə qayıtdı. Arvadını çağırıb Səlimin verdiyi pulu birlikdə saydılar. Pul Məmmədin istədiyindən iki dəfə çox idi. Ata pulu oğlanlarına verib:

   –Səlim əminizin yaxşılığınızı heç vaxt unutmayın. Təhsilinizi başa vurduqdan sonra da onunla əlaqəni üzməyin. - dedi

İllər keçdi. Sahib ali məktəbi qurtardı. Bakıda işləməyə başladı. Tikinti mühəndisi kimi vəzifə pillələrində ucalmağa başladı. Əvvəllər kəndə tez-tez gələr, qohum-əqrəbanı yoxlayar, oxuduğu məktəbə gedib müəllimlərinə baş çəkərdi. Səlim əmi və  Cəlil müəllimlə isə xüsusi ehtiramla görüşərdi.

Bir neçə ildən sonra Sahib tikinti idarəsinin rəisi təyin olundu. Onun hörməti getdikcə artırdı. Cavan rəisin rəhbərliyi ilə ən məsul obyektlərin tikintisi aparılırdı. İndi onun oturub-durduğu adamlar da yüksək vəzifə sahibləri idilər. Lakin Sahibdə getdikcə,  özü də hiss etmədən, mənfi xüsusiyyətlər formalaşırdı. O, köhnə dostlarından,  yaxınlarından tədricən uzaqlaşır, özündən yuxarı vəzifədə olanlara açıq-aşkar yaltaqlanırdı. Onun rəis işlədiyi idarənin də tabe olduğu baş idarəyə Mürşüdov soyadlı yeni rəhbər təyin etmişdilər. Sahib eşitdi ki, həmin adam yerlibazdı. Ona görə də Mürşüdovun doğulduğu bölgə, oranın adamları haqqında müfəssəl məlumat öyrəndi. İki gündən sonra Mürşüdovun qəbulunda Sahib elə danışdı ki, baş idarə rəisi onunla eyni rayondan olduğuna inandı və ən yaxın adam kimi əlini sıxdı.

 ...Cəlil müəllimin vəfatı bütün kəndin kədərinə səbəb oldu. Hamı kəndin ziyalısına, hörmətli şəxsinə borcunu verməyə çalışırdı. Bir vaxtlar dərs dediyi şagirdləri müəllimlərinin əziz xatirəsinə ehtiramlarını bildirmək üçün rayon mərkəzindən, Bakıdan kəndə gəlirdilər. Onların arasında nə Sahib, nə də qardaşı görünmürdü. Bir neçə vaxtdan sonra Səlim kişi də dünyasını dəyişdi. Gözləmək olardı ki, Sahib həmişə onlarla yaxın münasibətdə olan Səlim əminin yas mərasiminə gələrək ailələrinə başsağlığı verəcək. Amma Sahibi qohumunun vəfatı deyil, daha “vacib” qayğılar maraqlandırıdı.

Rəhmətliklərin qırxı hələ çıxmamışdı. Sahib kəndə gəldi. Polis rəisinin nəvəsinin kiçik toyunda iştirak etmək üçün arvad-uşağını da gətirmişdi. Artıq qocalmış Məmməd kişi oğluna: –Ay Sahib, nə müəlliminin, nə də əminin hüzürünə gəlmədin, indi kəndə gəlmişkən,  gec də olsa  get, el bizi qınayar axı... –dedi.

–Ata, öldülər, getdilər. Hamı öləcək də, –Sahib heç nə olmayıbmış kimi dilləndi.

Oğlu ilə həmişə fəxr edən Məmməd kişi Sahibin bu sözlərindən sarsıldı. Sankı üzünə qəfil bir şapalaq dəydi, kiçildi yumağa döndü.

Həyatın maraqlı təsadüfləri çoxdur. İş elə gətirmişdir ki, Cəlil müəllimim oğlu Səməd  Səlim kişinin qızı Zeynəblə ailə həyatı qurmuşdu.

...Televiziyada ziyalılar haqqında veriliş gedirdi. Səməd həyat yoldaşı Zeynəblə birlikdə ekranın qaşısında əyləşmişdi. Diktor iştirakçıları təqdim etdi. Sahibi görən ər-arvad bir-birinə baxdılar. Sahib mənəvi kamillikdən, xeyirxahlıqdan, torpağa, el-obaya məhəbbətdən, müəllimə hörmətdən elə hərarətlə danışırdı ki... Bir zamanlar qohumları ilə fəxr etmiş gənc ailə son vaxtlar Sahibin əsl simasına bələd olduqlarından onun çıxışının səmimiliyinə inanmırdılar.

Birdən Zeynəb: – Ay Səməd, televiziyada danışan bütün ziyalılar Sahib kimi olurlar?– deyə soruşdu.

Səməd: –Sahib ziyalı deyil, gündə bir dona girən buqələmundur, – deyə əsəbiliklə cavab verdi.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2024)