XX əsrin “Ölməz şedevr”i “Əli və Nino” əsərinə yeni bir baxış Featured

Rate this item
(0 votes)

Ruhəngiz Əşrəfqızı, “Ədəbiyyat və incəsənət” üçün

 

 “Əli və Nino” romanı  barəsində  bir  fioloq, yazıçı kimi fikir söyləməyi özümə mənəvi borc bildim. Əsər mənə o qədər təsir etdi ki, “dünya ədəbiyyatında vaxtında öz yerini tapmış, dahilərdən lazımi qiymətini almış “Əli və Nino” doğma vətənində də gərək dəyərli sənət nümunəsi kimi qiymətləndirilsin” düşüncəsi ilə öz söz atımı çapmağa qərar verdim və ..

.

“Sənin əməllərin unudulmazdır, amma nə üçün Ninonun məhəbbəti sənin ömründən uzun oldu?”—15-ci  fəslin ilk cümlələrindən olan bu fikirlə yazıma rəvac verməyim heç də təsadüfi deyi. Xeyir, bu romanın qəhrəmanlarına aid deyil. Aleksandr Qriboyedov  və onun arvadı Nino Çavçavadze haqqındadır. Tiflisdə məşhur şairin qəbir daşına həkk olunmuş bu yazı sonda bizim qəhrəmanlara da şamil ediləcək. Bunu müəllif oxucunun mühakiməsinə buraxaraq məzar daşının sözlərini əsərdə iki dəfə təkrarlayır. İnsanda ağır təsir oyadan, düşüncəsini, hisslərini alıb aparan qəbir daşının sözləri şübhə toxumu da əkir ürəklərə. Və oxucu əvvəlcədən duyur ki, onun da qəhrəmanını eyni aqibət gözləyir. Bəli, bir-birini ürəkdən sevən iki gəncin  taleyi Aleksandr Qriboyedov və onun gənc arvadı Nino Çavçavadzenin  qisməti ilə üst-üstə düşür. Xeyir, mən bu məhəbbəti başqa sevgilərə oxşatmaq, müqayisə etmək istəmirəm. Çünki bu, doğrudan da, fərqli, bənzərsiz, misli görünməmiş bir  məhəbbətdir. Amerikada “The Washinqton Post” qəzeti yazırdı: “Ölməz şedevr... Bədii ədəbiyyatda buna oxşar heç bir məhəbbət tarixini xatırlaya bilmirəm”. Sadəcə talelər eyniyyət yaşayır və...

Romanın qəhrəmanı gənc azərbaycanlı Əli xandır. Özünü əsl asiyalı sayan, ancaq Avropa mədəniyyətinə də bələd olan, qəbul edən Əli xan əsl vətənpərvər biridir. Əli xan rus təhsili alsa da, ingilis dilində danışmağı bacarsa da, onu avropalı saymaq olmaz. Çünki o  özü bunu tələb edir. Bütün roman boyu Əli xan asiyalı olaraq qalır. Onu Avropaya yaxınlşadıran yeganə bir səbəbi var: o da Ninodur, Ninonun sevgisidir. Lakin o, barbar asiyalılardan fərqli olaraq mütərəqqi fikirli şəxsdir. Naxararyan tərəfindən qaçırılan Ninonu xilas edərkən “dəmir qanunlar”a rəğmən sevgilisini öldürmür. Onu sevdiyi üçün, dəyər verdiyi üçün “qadını öldür” pıçıltılarına əhəmiyyət vermir. Axı Əli xan Ninonu ,həqiqətən, ülvi bir məhəbbətlə sevirdi. Amma bu məhəbbət Vətən segisini aşa bilmir. Əli xan Ninosunu , körpə qızını sevə-sevə Vətənin azadlığı uğrunda canını fəda verməkdən çəkinmir. Halbuki o bu azadlığın mümkünsüzlüyünü çox yaxşı bilirdi. Avropanın bütün qapıları bu milyonerin üzünə açıq olduğu halda, Əli xan qürbəti seçmədi. Çünki o, Vətənini sevirdi. Boz səhrada yerləşən, qumlu sahilləri olan köhnə və təzə Bakısını sevirdi. O  öz millətini sevirdi. Bu millətin yaxşısını da, pisini də sevirdi. 

“... Məni dərin və dəhşətli Vətən həsrəti bürüdü. Toz basmış qala və Nargin adasının arxasında batan günəş gəlib gözlərimin qabağında durdu... Mən bu şəhəri heç zaman tərk etməli deyildim. Allahın məni dünyaya gətirdiyi bu şəhəri. Mən bu köhnə təbiətə it öz komasına bağlı olan kimi bağlı idim. Səmaya baxdım. İran ulduzları şahın tacındakı qiymətli daşlar kimi iri və uzaq idi. Mən qəriblik hissini indiki kimi heç zaman duymamışdım. Mən Bakıya mənsubam. Köhnə qalaya, kölgəsində Ninonun gülər gözləri parlayan köhnə qalaya mənsubam”. Əsərdə Əli xanın dilindən İranda olarkən dediyi sözlər qəhrəmanımızın necə böyük vətənpərvər olduğuna ən bariz nümunədir.

Onu başqalarından fərqləndirən elə bir cəhəti yoxdur. Çünki təhsil illərində bütün uşaqlar kimi o da kopya çəkib, müəllimlərini incidib, başqa uşaqlarla dalaşıb. Ən əsası yeniyetmə oğlanlara xas olan  “sevgi” hissini dadıb. Lakin fərq ondadır ki, Əli xanın məhəbbəti ötəri deyil.  Ninoya qarşı sevgisi Vətəninə olan məhəbbəti qədər əbədidir. Əslində müəllif bu iki məhəbbəti açıq şəkildə müqayisə etməsə də, oxucusuna anlatmağa çalışır ki, Əli xanın qəlbində iki sevgi var: Vətən sevgisi, bir də gürcü qızına olan sevgi. Birinci sevgi nə qədər millidirsə, ikinci sevgi bir o qədər əcnəbidir. Amma Əli xan buiki məhəbbəti birləşdirməyi bacarır. Və sonda Nino sevgisi Vətən sevgisinin qucağında əbədiyyətə qovuşur.  

Əli xan bütün əsər boyu Asiya-Avropa qarşıdurmasının öhdəsindən gəlməyə çalışır.  Bəzən bu qarşıdurma Əli-Nino xətləri ilə kəsişir, sərtləşir, bəzən də  Əli-Nino xətləri bu qarşıdurmanı yumşaldır, mülayimləşdirir.Əli xan hiss edir ki, Avropa üstündür, Asiyanı boğmağa, onu kölgədə qoymağa qadirdir. Lakin o, Asiyanın məhv olmasını istəmir. Asiyada qalmaq istəyənlər dar macalda  İrana üz tuturlar. Çünki Asiya  İranda şah rejiminin qüdrətilə qorunub saxlanılır, mühafizə olunur. İranda yaşadığı müddətdə Əli xan Asiyanın ab-havasını bütün qəlbilə duyur. Ancaq onu bu ölkə sıxır. Çünki Avropa-Asiya kəsişməsində mövcud olan Bakı—doğma diyar onu özünə tərəf çəkir. Əli xan rusların, türklərin, ingilislərin, farsların  döyüş meydanına çevrilmiş  Bakısını o qədər sevir ki, silah arxasına keçib uğrunda döyüşə atılır. Romanda işğalçı ruslara qarşı dəruni bir nifrət hissi də sezilir. Əli xan onun Vətənini zəbt etmiş kəslərə qarşı soyuqdur, barışmazdır. Türklərin gəlişini toy-bayramla qarşılayan Əli xanlar rusların  ölkəmizə qədəm basmasına bir o qədər təəssüf, kədər hissi keçirirlər. Türkmənçay, Gülüstan müqavilələrindən qaynaqlanan  rus siyasəti Əli xanın Vətəninin üzərində Domokl qılıncı kimi  asılıb. Bu qılıncı götürüb atmaq isə mümkünsüzdür. Bakı uğrunda müharibə əslində neft səltənəti uğrunda mübarizədir. Həm də Avropanın Asiyaya qarşı elan olnmamış, bəlkə də olunmuş müharibəsi.  Bu müharibədə Əli xanlar məğlub olur,amma tarix  unudulmur və dünənin parlaq bu günü  gələcəyə  işıq salır.  Bugününkü azad Azərbaycan Əli xanın arzu etdiyi, xəyalını qurduğu Vətəndir.

Realist  nümunə  olan əsər hətta Əli-Nino sevgisini də romantik  dona bürüyə bilmir. Bu məhəbbət  həyati bir dərsdir. İnsanlığınhəyat dərsidir. 

Maraqlı, yaddaqalan obrazlardan biri də Ninodur. Gürcü qızı Nino. Əli xanın sevgilisi Nino. 

“—De görüm, müqəddəs Nino sənin hansı günahını bağışlamalıdır?

--- Səni, Əli xan”.

Əli xanla Ninonun dialoqundan verilmiş nümunə əcnəbi qızının da məhəbbətində üzləşdiyi çətinliklərdən xəbər verir. Nino da anlayır ki, onun Əli xana qarşı sevgisi mənsub olduğu dini, məzhəbi tərəfindən yolverilməzdir. Ancaq o, yenə də bu “günah”ını   qəbullanır və sona qədər Əli xanı sevir, ona yaxşı arvad olur. Dağıstanda yaşadıqları müddətdə  bu aristokrat, milyoner qızı bütün işlərini özü yerinə yetirir. Bulaqdan su gətirir, yemək bişirir, evinin səliqə-sahmanına fikir verir. Bir sözlə, sadə qadın missiyasını həyata keçirir. O bu işləri həvəslə, sevərəkdən edir. Əli xanın atası onlara aşpaz, nökər göndərmək istəyəndə Nino təlaşla etiraz edir, bildirir ki, o, ərinə özü qulluq etmək istəyir. Ninonun atası cənab Kipiani qızının səfil həyatını görüb dəhşətə gəlir və onları israrla Avropaya getməyə məcbur edir. Amma Nino atasına deyir ki, bir qadının vəzifəsi ərinin yanında olmaqdır.

Nino Əli xanın asiyalı olmasını bilir, lakin onu necə var, elə də sevir. Ərinin  dostlarını da  qəbul edir, halbuki onların xarakterləri, hərəkətləri, “kobud asiyalı” olmaları Ninonu çox narahat edir. Ancaq bu insanlar Əli xanın ayrılmaz parçaları olan asiyalılardır. 

“-Bilirəm, darıxırsan. Daim o qədim qalanın və Seyid Mustafa ilə ruhlandırıcı söhbətlərin həsrətini çəkirsən. Amma zərər yoxdur, mən səni sevirəm. Necə varsansa  elə də qal”. 

Nino öz Əli xanını necə var, elə də sevir. Və beləcə bu məhəbbət hər iki tərəfin  öz qabığına çəkilib qarşı tərəfin yaşam tərzinə qarşılıqlı hörmət  səviyyəsində  davam edir: Avropa və Asiya kimi.

Romanda maraqlı dost surətləri var: İlyas bəy, Seyid Mustafa, Arslan Ağa, Məhəmməd Heydər. Hərəsinin özünəməxsus xüsusiyyəti olan bu insanları birləşdirən nədir? --- Vətən sevgisi.  Canlarını doğma Bakı – Vətən uğrunda qurban verməkdən çəkinməyən dostlar  elə bu cəhətlərinə görə yadda qalırlar.

“Arslan Ağa da yanımızda oturmuşdu və onun ağzından, tökülmüş dişlərinin yerindən qan gəlirdi.

--- Qorxuram ,Əli xan, mən çox  qorxağam.

--- Onda qoy silahı yerə, tarlalardan keçib Pula çayından Gürcüstana qaç.

--- Bunu edə bilmərəm, mən vuruşmaq istəyirəm, çünki qorxaq da olsam, vətənimi o biriləri kimi sevirəm”.

Əsərdə  çox gənc olan Arslan Ağa  yazı əhlidir. Qəzetlərə məqalə yazır, hadisələri şərh edir. Atasının Tiflisə qaçmasına baxmayaraq, o, Vətəni uğrunda vuruşmaq istəyir. Ölümdən, düşmən gülləsindən qorxan Arslan Ağa  üçün silah asan deyil. Çünki o, bir ziyalıdır. Vətəninə  öz qələmi ilə xidmət edir. Ancaq dar macalda o, ölməyə də hazırdır.

“Düşmənlə mənim aramda yalnız Arslan Ağanın meyiti durmuşdu. Deməli, insan qorxaq da olsa, yenə öz vətəni uğrunda qəhrəman kimi ölə bilərmiş”.

Bu kəlmələr bəşəriyyətin hər zaman burulğanlı günlər yaşadığı, silahların toqquşduğu, torpaqların zəbt olunduğu, insanların öldürüldüyü, təcavüzə məruz qaldığı və VƏTƏN  anlamının müqəddəs sayıldığı bugünümüzdə də çox dəyərlidir. Bu gün xaricə açılan pəncərənin böyüklüyü çoxlarını çaşdırır, intellekt, problemsiz yaşam, asudə, xoşbəxt həyat arzusunda olanlar Vətəndən uzaqlara üz tutmaqda çıxış yolu tapırlar. Sonda “cəhənnəm  olsun hər şey, mənim başım salamat olsun” fikri Əli xanın dövründə də, bu günümüzdə də  üzdəniraq  vətəndaşalr tərəfindən söylənib və söylənəcək də. Amma  Əli xan və onun dostları kimilər dünən də olub, bu gün də var, sabah da olacaq  inamı insanı qürurlandırır, Azərbaycanın gələcəyinə böyük inam, ümid hissləri doğurur insanda.

Əsərdə maraqlı, deyərdim ki,  Avropa-Asiya  qarşıdurmasında, bəlkə də, sonuncu olan  bir obraz var: Ata, Əli xanın atası. Zahirən sakit, qapalı insan təsiri bağışlayan qoca nə qədər asiyalı olsa da, şüuru, düşüncəsi ilə Avropaya meyilli şəxsdir. Çünki anlayır ki, neft Bakısı öz qapılarını Avropaya açan gündən asiyalılar yavaş-yavaş öz  paltarını, şüurunu, davranışını dəyişdirib.  Hər kəsin qəlbində, gözündə  “  saraylarda olan 40-cı otağın” sirri, sehri yaşayır və  Avropa “40-cı otaqdır” düşüncələrdə. Onun fikrincə, Asiya məhv olmayıb. Əli xanın təlaşla:”Ata, Asiya məhv olub”,- sözlərinə təmkinlə cavab verir:”...Sən rus məktəbinə getmisən, latından başın çıxır.Sənin arvadın da avropalıdır. Sən hələ özünə asiyalı deyirsən? Axı sən qalib gəlsəydin, heç istəmədən Avropa həyat tərzini Bakıya gətirəcəkdin... Asiya məhv olmayıb, onun sərhədləri dəyişilib”.

Ata bu sözləri oğluna o vaxt deyir ki, Bakıda rus-erməni terrorizmi baş alıb gedirdi. 1918-ci ilin mart hadisələri insanları vəhşət içərisində sıxırdı. İmkanı olan da, olmayan da qaçmaq, silahların eşidilmədiyi sakit bir guşədə gizlənmək niyyətində idi. Ata Bakının çox qarışıq  bir zamanda yaşadığını və bütün Avropanın bura ayaq açdığı bir dönəmdə sağlam düşüncə tərzi ilə yanaşır hadisələrə. O anlayır ki, Asiyanı daha Avropadan kəsib ayırmaq mümkün deyil. Bu iki qitənin sərhəddində yerləşən şəhər gec-tez təslim olacaq Avropaya və ... 

Romanda bir neçə ölkənin adı çəkilməklə yanaşı, oradakı mühit də göstərilir: İran, Dağıstan, Gürcüstan,. Ancaq ortaq məxrəc  Bakıdır, Azərbaycandır.İran da, Dağıstan da, Gürcüstan da, hələ adı gedən Paris də, Avropanın digər şəhərləri, ölkələri də Əli xana Bakı qədər doğma, Bakı qədər  munis, əziz ola bilməz. Bütün əsər boyu Bakı- qürbət qarşıdurması var. İranda olarkən onu sıxıntı içində  üzən məngənə, qədim Şərq adət-ənənəsi, saray mühiti  müasir Əli xana zövq verə bilməzdi. Həmçinin Dağıstanın nisbətən azad  kəndli həyatı,  Tiflisin mərkəz də olsa, müəyyən dövrdə mədəniyyət beşiyi sayılsa da,  yaşam tərzi  Əli xanı  rahatlada bilməzdi. O, Bakını sevirdi, yalnız onun qucağında ovuna bilərdi, göz yaşlarını burda  silər, burda üzü gülərdi.

AXC zamanı dövlətin idarə olunmasında iştirak edən qəhrəman Xarici İşlər Nazirliyinin xətti ilə Paris konsulluğuna təyinatını eşidəndə qəzəblənir. Dərhal Xarici İşlər nazirinə etirazını bildirir: “Amma mən Parisə getmək istəmirəm  və məni buna məcbur etmək istəyirsənsə, mən vəzifəmdən çıxıram. Mən yad aləmə nifrət edirəm, yad küçələrə, yad insanlara və yad adətlərə nifrət edirəm”. Avropaya can atan arvadına isə belə deyir:” ... Gəl burada, Asiya və Avropanın  hiss edilməyən şəkildə bir-birinə qarışdığı Bakıda qalaq. Mən Parisə gedə bilmərəm... Mən vaxtdan-vaxta Asiyanın ruhu ilə qidalanmalıyam ki, bizim ölkəmizə gələn çoxlu əcnəbiyə dözə bilim... Mən bu ölkədə anadan olmuşam, burada  ölmək istəyirəm”. 

Maraqlıdır, müəllif Vətən və Qürbət arasında sərhədi kəskin qoyur. Halbuki bu günümüzdə, elə dünənimizdə də çoxları üçün bu məfhumlar eyniyyət təşkil edir və edib də. Ancaq Q.Səid üçün bu, aralarında Yer və Göy qədər olan məsafədir. Və bu məsafəni keçib getmək istəyənlərə  Vətəndə yer yoxdur müəllifin və onun qəhrəmanı Əlinin fikrincə. Əslində  Q.Səid  qəhrəmanı Əlinin timsalında özünü, öz düşüncələrini əks etdirir. Çünki qürbətin acısınıdadmış, Vətənə dönməyə qapıları bağlanmış roman müəllifi  ancaq  “başına gələn başmaqçı olar”  məsəlinin yükü altında qalaraq qələmini bu qədər ustalıqla işlədə bilərdi. Əfsus ki, ona, yəni Q.Səidə doğma Bakısına geri dönmək qismət olmadı. Bəlkə də,  bu əsəri yazarkən gözləri önündə canlandırdığı doğma yerlərə qayıtmağın mümkünlüyünü yaşayırdı sənətkar. Bəlkə nə vaxtsa... 

Buna görə qəhrəmanını qürbətdə yox, Vətən torpağında ölümə məhkum etmişdi. Vətən torpağına qarışmaq, onu bir qarış artırmaq   müəllifin ,şübhəsiz,  ən böyük arzusu idi. Amma bu gün Q.Səid romanı öz Vətənindədir. Doğma Bakısının mətbəələrində çap olunaraq  kitab evlərində, dükanlarında  oxucularını mütəəssir edir, həyəcanlandırır. “Əli və Nino” müəllifindən fərqli olaraq  Vətəndə  azaddır, illərin sınağına dözərək geri dönə bilmişdir. Müstəqil, azad ölkəmizdə həmvətənlərinin təkcə bədii zövqünü oxşamır, həm də vətənpərvərlik hisslərini  coşdurur, onlara  Vətən məfhumunun müqəddəsliyini anladır.Bugünümüzdə -- Qarabağın azad olunduğu bir dönəmdə vətənpərvərlik hisslərinin mənbəyi  Əli xanlardan, İlyas bəylərdən, Arslan Ağalardan  qaynaqlanaraq gəlib. Çünki biz onların nəvələriyik, 23 ay  yaşayan Cumhiriyyət qurucularının meyvələriyik. Qanımızda, canımızda o günümüzü hiss edərək, duyaraq müstəqilliyimizin bərpası uğrunda qan da tökdük, can da verdik. “Əli və Nino”dan qidalandıq. Şərq-Qərb qarşıdurmasını  Əli xan kimi qəbullanaraq yaşayırıq. 

Əsəri oxuyarkən kövrəkliyinin qarşısına sədd qoymaq mümkün deyil. Çox səhifələrdə oxucunun göz yaşlarının izi qalır. Çox sətirlərin altından oxucu tərəfindən karandaşla xətt çəkilir ki, bu fikirləri unutmasın. Əlbəttə, bu, müəllif qələminin yaratdığı əsrarəngiz  sehrin gücüdür. Qürbətin dadını görmüş Qurban Səid, bəlkə də, Əli xanın prototipidir. Müəllif uşaqkən doğma yurdundan qoparılıb  Avropaya  sovrularkən yeniyetməlik, gənclik illərinin həsrətini ifadə etmək üçün ölməz bir əsər yaratmışdır.

Bu gün Gürcüstanda  bir sevgi heykəli ucaldılıb. Batumi şəhərində dənizkənarı bulvarda  yerləşən bu heykəlin müəllifi Tamar  Kvesitadzedir. Heykəltəraş əsəri yaradərkən Qurban Səidin azərbaycanlı gənclə gürcü qızı arasındakı sevgisindən bəhs edən "Əli və Nino" romanından ilhamlandığını, bu iki gəncin əbədi segisi üçün abidə ucaltmaq istədiyini bildirib. Müəllif əsərinin ideyasını belə izah edir: “İnsanlar abidəni sevgi ilə assosiasiya edir və bu, seyrçilərdə müsbət emosiyalar yaradır. Hər kəs bu abidəni bir cür izah edə bilər. Mənim əsərim bunu ifadə edir: birlikdə olmaq yalnız bir müddət mümkündür. Bu qısa müddət kimin üçünsə bir əsr ola bilər”.

Həmçinin  roman əsasında bədii filmlər də çəkilib. 33 dilə tərcümə edilən, 66 ölkədə nəşr edilən roman XX əsrin “Ölməz şedevr”i  adlandırılıb. XXI əsrdə də populyarlığını qoruyub saxlayan  “Əli və Nino” gələcəyə işıq salaraq  neçə-neçə nəsillərə örnəkdir. Qəhrəmanlarının ömrü yarımçıq qalsa da, vaxtsız dünyasını dəyişsə  də, roman öz bədii xüsusiyyətləri, dili, mövzusu ilə əbədiyaşarlıq qazanmışdır.

Yazımı romandan gətirdiyim nümunə ilə bitirmək istəyirəm:

“--- Əli xan altıya on beş dəqiqə işləmiş Gəncə körpüsündə pulemyot arxasındakı mövqeyində həlak oldu. Onun meyiti qurumuş çaya düşmüşdü. Bədənini səkkiz güllə deşmişdi... onu məscidin həyətində dəfn etdik. Cümhuriyyətimizin ömrü Əli xan Şirvanşirin ömrü kimi sona çatdı.”

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)