Səməd Vurğunun ev-muzeyində Yusif Səmədoğlu anılıb

Dekabrın 25-i “Qətl günü” romanı ilə adını ədəbiyyat tariximizə yazmış görkəmli Azərbaycan yazıçısı və ssenaristi, ictimai-siyasi xadim Yusif Səmədoğlunun doğum günü idi. Sağ olsaydı, indi o, 86 yaşını qeyd edəcəkdi. 

Həmin gün Səməd Vurğunun ev-muzeyi və Vaqif Səmədoğlu Mərkəzinin birgə layihəsi çərçivəsində Yusif Səmədoğluya həsr olunmuş ədəbi-musiqili gecə keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gecəni muzeyin direktoru, fəlsəfə doktoru Nüşabə Babayeva-Vəkilova açaraq Yusif Səmədoğlunun həyat və yaradılıcılığından bəhs edib.  Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, görkəmli yazıçı Anar Rzayev, “Azərbaycan” jurnalının baş redaktoru, əməkdar incəsənət xadimi İntiqam Qasımzadə, yazıçı, dramaturq Seyran Səxavət, Yusif Səmədoğlunun qızı Mehriban xanım Yusif Səmədoğlu ilə bağlı xatirələrini bölüşüblər. Filologiya üzrə fəlsəfə doktoru Aygün Vəkilova, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, yazıçı Aysel Fikrət çıxış edərək Yusif Səmədoğlu şəxsiyyətinə və eləcə də nəsrinə qiymət veriblər. Xəzər Süleymanlı Yusif Səmədoğluya həsr olunan şeirləri səsləndirib. 

Sonda Nüşabə Babayeva -Vəkilova Yusif Səmədoğlu işığına yığışan hər bir kəsə öz minnətdarlığını bildirib.

Ruhu şad olsun görkəmli yazıçımızın!