Xəqani Qayıblı: “Dünya söz-söz keçir məndən Featured

Ramiz Göyüş, “Ədəbiyyat və incəsənət” üçün

 

Mətbuat və sosial şəbəkələr vasitəsilə  şeirləri ilə tanış olsam da Xəqani Qayıblı ilə şəxsən tanış deyildik. Onunla ilk görüşümüz və tanışlığımız 29 oktyabr 2016-cı ilə təsadüf edir. Həmin gün Xəqani müəllim mənə görüşümüzdən xatirə olaraq “Yenə canım söz gəzir” şeirlər kitabını hədiyyə etmişdi. Kitabı ara-sıra varaqlayıb  yaradıcılığı ilə tanış olduqca istiqanlı, vətənpərvər və dostcanlı, bir az da ərköyün bu oğlanı bir şair kimi getdikcə daha yaxından tanımağa başlayırdım... 

Həmişə o fikirdə olmuşam ki, yaradıcı insanlarla, xüsusilə şairlərlə  ən yaxşı ünsiyyət onların şeirləridir.

Və budur, Xəqani Qayıblının “Yenə canım söz gəzir” kitabı ilə yenidən üz-üzəyəm.  Varaqlar bir-bir çevrildikcə Böyük Füzulinin 600 il bundan əvvəl bəşəriyyətə ünvanladığı, lakin bu günə qədər də cavabı axtarılan sualı yada düşür:

“Bu nə sirrdir ki, olur hər ləhzə yoxdan var söz”?

Təbii ki, əslində söz hələ təklikdə elə bir məna kəsb eləmir, hikmət deyil. Sözün qüdrəti o zaman ali məqama çatır ki, özü ilə qoşa işlənir, yerində oturur, söz sərraflarının  qüdrəti sayəsində öz məqamına yüksəlir. Elə ona görə də Böyük Tanrının verdiyi qabiliyyətlə insanın yaratdığı, ifadə etdiy sözdən güclü heç nə ola bilməz. Söz fövqəl gücə malikdir. Bir hikmətli söz, bir mənalı ifadə, bir bənd şeir insanı yaşada bilər, xəstəni sağalda bilər, insanın həyatını dəyişə bilər. Tanrı sözün qüdrətini öz ali məqamına çatdırmaq üçün, öz bəndələrinin içərisindən bir qisminə qeyri-adi istedad verərək sözləri nəzmlə, ritmlə, ahənglə, qafiyə formasında işlətmək qabiliyyəti vermişdir ki, belə insanlara da söz adamı, şair, şeir yazan demişlər. Mənim qənaətimcə, şeir  gözəgörünməz fövqəl bir varlıq tərəfindən, elə o varlığın vergi, istedad bəxş etdiyi insanlara - şairlərə diqtə olunan bir möcüzə, şairlik isə bu diqtə əsasında insanın ən ülvi hisslərini, duyğularını ifadə və təqdimetmə qabiliyyətidir. Xəqani Qayıblı da bir şair kimi, Mövlanə Füzulinin həmin sualına cavab tapmağa çalışır. Kitaba “Önsöz yerinə” yazdığı bir səhfəlik yazısında  deyir: ”Hər kəsin imrəndiyi bir varlıq var, mənimki Sözdür, Sözünkü mənəmmi, bunu Söz bilər.” 

Xəqani Qayıblı fikirlərini davam edərək yazır: ”İstədiyi vaxt şeir yazmağı bacaranlardan üzürxahlıq eyləyib keçirəm əsas mətləbə...İstəyin başqa şey, ŞEİR yazmağın isə bambaşqa şey olduğunu, məncə, dirsəyi dizdə, canı sözdə olanlar daha gözəl bilir...Bu məqamlarda yazılan şeirin Tanrıdan Peyğəmbərlərə gələn vəhy kimi qutsal olduğu da bilinən bir gerçəklik.”

     

      Söz dürr, varlığı dürr,

      Haqqa ərənlər bilir...

      Şeir vəhy kimi gəlir,

      Hisslə Sözün arası.

 

Xəqani Qayıblının şeirləri onun kitabına “uğurlu yol” yazmış mərhum şairimiz İsa İsmayılzadənin dediyi kimi bir nəfəsə yazılmış şeirlərdir. Göydən vəhy kimi gəlir:

                                       

        Zinrik-zülmət gecənin

        Sübhü-Danı özgədir!

        Sabaha sağ çıxmağa

         Yenə canım söz gəzir.

 

          Sübhün şəfəqlərində

          Yenə itib azacam...

           Sükut saçını yolur-

           Yenə şeir yazacam... 

 

Nə qədər sözdən qaçmağa çalışsa da şair olmaq  Xəqani Qayıblının tale qisməti imiş, ona elə şeirləri kimi bir vəhy də gəlmişdi ki, o şaır olacaq:

           

              Bir uşaq can atır şair görməyə...

              Can atır əl çatmaz arzusu kimi.

              Bir şair Ağatlı oğlana dönüb

              Keçir həyatından bir yuxu kimi...

 

              Başıma gələnlər gəlməz ağlıma

              Başıma gələnlər qəfildən gələr.

              Ağlıma gələnlər gəlsə başıma

              Səsim yüz obadan, yüz eldən gələr...

               Mən, vallah, nə vaxtsa şair olacam.

               Ağlıma gələnlər başıma gəlsə!

 

Yazılarımın birində bir dəfə yazmışdım. Şeir də, uşaq ana bətnindən doğulan kimi doğulur. Ağrı ilə, əzabla. Belə qənaət etmək olar ki, şeir Tanrının şairlər vasitəsilə öz bəndələrinə ünvanladığı pıçıltıları-dualarıdır və ancaq şairlərin ifadə edə bildiyi hikmətdir... Şeir həm də qeyri-adi bir aləmdir. Sən onun orbitinə düşdünsə, bu orbitdən çıxa bilməyəcəksən. Çünki onun xislətində elə bir cazibə qüvvəsi var ki, səni özunə çəkməkdə davam edəcək”.  

Xəqani Qayıblı “Sözün içini-dışını-YÜKÜNÜ görəndən sonra şeirdən uzaq durmağa çallışsa da, ” bu vəhylər gələndə o vədinə xilaf çıxmaqdan başqa əlacı qalmır. Bax onda Xəqani Qayıblı şeiri kağıza köçürmək yox, “quş kimi bir ağacın budağına qonub ötmək, dünyanın özündən boyat bir bayatı kimi üzünü Dan Yerinə tutub şeir demək, tənha bir ağaca, bomboş səhraya, yetim bir cocuğun gözlərinə baxıb” əzbər oxumaq istəyir:

        Bu dəyirman daşına bax, 

        Bir gün öz dəni yandırar!

        Mən dolannam söz başına,

         Neylim, söz məni yandırar!

 

Sözə bənd olandan “Söz” onun başına “min oyun açsa “da, elə huşu tərpənəndən,  ağlı kəsəndən Tanrının söz kəməndinə düşüb və bu kəmənddən qopa bilmir:

 

      Adam var söz ondan baş alıb qaçıb,

      Söz mənim yağımdır, mən əriyən şam.

      Söz mənim başıma min oyun açıb

      Mən sözün başına ip salmamışam.

 

      Bəlkə də sözə yad, özgə “mən”im var

      Di gəl ki, söz qoymaz özgə “mən” dinə.

      Huşum tərpənəndən, ağlım kəsəndən

      Düşmüşəm Tanrının söz kəməndinə.

 

Xəqaninin şeirlərinin energetikası var və  oxuduqca onu hiss edirsən. Bir misal çəkəcəm- Etiraf şerinin bir bəndini. Oxuyub əmin olacaqsınız:

        

         Özümü özümdən ayılda bilsəm,

         Bir də o yerlərə qayıda bilsəm,

         Ata evimizin daşından öpüb, 

         Anamın gözünün yaşından öpüb

         Bir yaşın içində qardaşım oğlu,

         Dünyaminin qırxıq başından öpüb,

         Üzümü torpağa sürtüb qalacam...

         

          Gəldim...

          Evimizin daşından öpdüm,

          Anamın gözünün yaşından öpdüm, 

          Dünyaminin qırxıq başından öpdüm

          Üzümü torpağa sürtdüm, qalmadım.

          ... Mən daha bu yurdda qala bimədim-

          Bu yurdun sevgisi ilahi sevgi!

 

Bu sərtirlər səni  düşünməyə vadar edir, ruhunu yerindən oynadır, səni uzaqlara düyaya gözünü açdığın yurda, məkana, ata evinə, doğma insanların yanına aparır, kövrək xatirələr oyadır.

Qürbətdə yaşamaq Xəqani Qayıblının alın yazısı imiş. Bir vaxtlar Borçalı dağlarında yeniyetmə çağlarını yaşayan Xəqani Qayıblı heç ağlına da gəlməzdi ki, zaman gələcək ömrünün əsas hissəsini qurbətdə yaşayacaq və ən yanıqlı “qərib şeirlər” yazacaq. “Qərib şeirlər”mövzusu Xəqani Qayıblı yaradıcılıından qırmızı xətt kimi keçir. Əslində bu şeirlər taleyin qismətilə müxtəlif zamanlarda və şəraitdə qərib ölkələrə səpələnmiş, qərib şəhərlərdə yaşayan, qərib insanların qu nəğməsidir.

 

       ... Ömrümün yaddaş güzgüsü çilik-çilik

        Durmuşuq üzbəsurat,

        Bir mənəm, bir də

        Beli qırılmış qəriblik...

 

Bu sətirlərin arxasında taleyini qərib ölkələrə bağlamış qərib insanların iztirabları, kədəri gizlənib. Lakin qəribliklə Vətən məhəbbəti, Vətən sevgisi arasında üzvi bir bağlılıq, bir ilahi sevgi var. Mən düşünürəm ki, vətən sevgisini ən çox yaşayanlar da vətəndən ayrı düşənlər, vətəndən uzaqda vətən həsrətilə yaşayanlar daha yaxşı biilir. Bu insanlar təkcə Vətən həsrətilə yaşamır, həm də vətəni içində yaşadırlar:                                      

        

           Güc almaq üçün, dizimi söykəməyə,

           Lap belə son anda, rahatca uyumaq üçün

           Üzümü  söykəməyə,

           Bir əlçim yer tapılmadı bu vətənin içində...

           ... Mən qürbətdə yaşadım, vətən mənim içimdə.

 

Ürkək ceyran kim çıxdı qarşıma, 

Dünyamı təzədən yaradan gözəl. 

Yaş deyir: “Xar olma ellər içində!”,  

Ruh deyir: ”Yaşını yara dan”!,  gözəl! 

Gəl sən əsirgəmə yara zülfünü,

Titrəyən əllərim sara zülfünü!

Meh vurub oynada qara zülfünü...

Nə gözəl gürünür yara Dan gözəl!-

 

deyərək ənənəvi klassik aşıq poeziyasına söykənən, Aşıq Ələsgərsayasğı aşiqanə şeirlər, qoşmalar, təcnislər yazan, bu şeirləri ilə öz kökü üzərində möhkəm dayanaraq, bənzərsiz, təkrarsız, yalnız onun özünə məxsus olan poeziyasını yaradan və elə bu bənzərsiz şeirləri ilə də oxucularının qəlbini fəth edən Xəqani Qayıblı özünün dediyi kimi sətir-sətir, bənd-bənd şeirdə əriyir. 

 

Bir karvana qoşulmuşam bələdçim-ürək

Hələ neçə cəngəlliklər keçəsiyəm mən.

Hələ neçə könülləri oxşayam gərək,

Neçə-neçə ürəklərə köçəsiyəm mən...

 

Və indi Xəqani Qayıblının heç özünün də xəbəri yoxdur ki, o, uzaq Estoniyada yaşamaqla bərabər həm də burda, Azərbaycanda (həm də təkcə Azərbaycanda yox) doğmalığı, şirinliyi, istiliyi və ən əsası şeirləri ilə ürəklərə köçmüşdür.  Bu “köç” hələ uzun zaman davam edəcək və Xəqani Qayıblının şeirləri hələ “neçə-neçə” ürəkləri fəth edəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2024)