“Ölüm gəlib apardı, kim dünyanı sevdisə” – Elçin İsgəndərzadənin şeirləri Featured

Elçin İsgəndərzadə  professordur, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin "Metrologiya və Standartlaşdırma" kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar Müəllimidir, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi, Avropanın Fəxri Alimi, Mədəniyyət Səfiridır və hamısı ilə yanaşı, lirik və vətəndaş şeirləri ilə qəlb oxşayan gözəl şairdir.
Elçin İsgəndərzadə yeni şeirlərindən bir qismini “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edib. Buyurun, şairin dünyası ilə baş-başa qalın.
 

Xatırla
 
Xatirələr yaralıdı, dəymə heç,
dərd qapısı aralıdı, döymə heç,
istəyirsən... mənə bir şey demə heç,
ara-sıra bulud-bulud xatırla.
 
Hərdən də bir xəyalları al, gedək,
o yolları gözlərindən sal, gedək,
istəyirsən... xəyallarda qal, gedək,
ayrılığı umud-umud xatırla.
 
Kimsə itsin dumanında illərin,
qayıtmasın gümanında illərin,
istəyirsən... səndə qalsın əllərim,
sonra məni unut, unut, xatırla.
 

Bölünüb
 
Nə vaxtsa dünya biriydi,
indi ikiyə bölünüb.
İndi bu böyük şəhər də,
tinə, küçəyə bölünüb.
 
Bahar da qış kimi düşür,
günlər də daş kimi düşür,
yağış da yaş kimi düşür,
gecə də gecəyə bölünüb.
 
Hər şey yox kimi dəyişib
ağrılar çox kimi dəyişib,
tüstülər ah kimi dəyişib,
ömürlər təkliyə bölünüb.

 
Ürəyim
 
İndi əlimin altındadı ürəyim,
hara istəsəm fırlaya bilirəm.
Hərdən döyüntüsü başıma düşəndə,
götürüb kənara qoyuram,
bilirəm inciyir,
amma neyləyim,
məni ən çox ürəyim yorur.
Əvvəl elə bilirdim,
fikir yorğunuyam,
indi bilmişəm ki, ürək yorğunuyam.
Daha yolunu tapmışam,
ağrıyanda bir daşın altına qoyuram,
döyünməyəndə çıxarıb silkəliyirəm,
ora atıram, bura tullayıram.
Bircə mən bilirəm,
ürəyimin başına nə oyun açıram.
Əvvəl dilimin altındaydı,
indi əlimin.
 
 
Kim dünyanı sevdisə...
 
Başqa bir yol da yoxdu,
durub çıxıb gedəsən.
Gözünü yaşamaqdan,
çəkib, yığıb gedəsən.
 
Nə başqa bir yer də var,
başqa saatlarıyla.
Hanı başqa adamlar,
başqa həyatlarıyla.
 
Başqa bir yer axtardım,
bu yer məni açmadı.
Bu yol mənə yatmadı,
bu yol məndən qaçmadı.
 
Keçmişdə qalır hamı,
keçmiş necə evdisə.
Ölüm gəlib apardı,
kim dünyanı sevdisə.
 
 
Dönüşsüzlük
 
Səhər yelləri günəşdən küsəcək,
gülüşlər dodaqlarından,
ağaclar yarpaqlarından.
 
səsin əks-səda verib uçurumdan yıxılacaq,
yuvalar boşalacaq,
quşlar yuvaya həsrət qalacaq.
 
intihar edən arzular gözlərindən asılacaq...
O gəlməyəcək.
 
necə ki, yağışlar yağış kimi buluda qayıtmır,
necə ki, göz yaşları gözlərinə qayıtmır.
 
hər şey belədi indi...
gedirlər, qayıtmırlar.
 
 
Sevgilim
 
Bu dünya dediyin bu dünya,
sənsiz heç imiş, sevgilim.
Arzular durna qanadlı,
bahardan köç imiş, sevgilim.
 
Ömür də boşluğun boşunda,
ömür də qışlığın qışında,
bircə yol qalıb huşumda,
o da ki, keç imiş, sevgilim.
 
Qaradan qarası bəllidi,
sən adlı yarası bəllidi,
bilirsən, harası bəllidi?
Orası puç imiş, sevgilim.
 
 
Qaldım
 
Uçub getdi arzular da,
arzulardan gendə qaldım.
Heç bilmirəm kimlər məndə,
mən də belə kimdə qaldım.
 
Gün qurutdu qurulandım,
göz yaşında durulandım,
yağmalandım, yarılandım,
bir yağışlı nəmdə qaldım.
 
Aydınlıqlar duman kimi,
məndən xeyir uman kimi,
hələ də bir güman kimi,
bilirəm ki, səndə qaldım.
 
 
Sevda şeiri
 
Bu sevda dediyin...
bir uçuş uçmaqlıq,
bir baxış baxmaqlıq
və bir şeirlik olur.
 
Sonra ha uçsan da təyyarələrdə,
bu uçuş o uçuşa bənzəmir.
Bu baxmaq o baxmaq olmur
və yazdığın bütün şeirlər
o sevda şeiri kimi içindən gəlmir.
 
İçindən gəlməyən gülüşləri
gülürsən dodaqlarında,
içindən gəlməyən
bir yaşam yaşayırsan.
 
Görürsən ki, bu ömür sənlik deyil...
sənlik deyil bütün günlərin ertəsi...
 
Sən orda qalmısan,
bir baxışda,
bir uçuşda,
bir şeirdə.
 
Və bir günün ertəsi...
gözlərinin yaddaşından silirsən
bütün xatirələri.
Sonra iki damla yaş yandırır dodaqlarını...
 
İki damla yaşda ya gözlərinin dadı,
ya sevdanın.
 
Bu sevda dediyin...
ayrılıq adında,
bu uçuş dediyin ayrılıq adında
və bu şeir də ayrılıq.
 
 
Sol
 
Küləklər də sol tərəfindən əsir adamın,
yağışlar da soldan yağır.
 
Atılan daşa sağ çiynini döndərirsən,
daş da sağdan adlayıb sola dəyir.
 
Və kürəyindəki yükləri sanma kürəyin daşıyır,
sol tərəfin daşıyır o yükləri də,
o sancıları, o ağırlıqları da.
 
Hara dönsən sol tərəfindi...
sağından vursalar da,
adam solundan ölür.
 
 
Heçlik
 
Heç kim heç kimin deyil...
O boyda qara torpaq varkən.
 
Yarpaq ağacın ola bilmirsə,
balıq dənizin,
quş göyün,
yağış buludun,
canımızdan qopan sevdalar bizim.
 
Bizim ola bilmirsə bir əlçim külək,
küləyin apardığı səhər qoxusu.
 
Hər şey torpağındı...
Hətta külək də,
hətta bulud da,
hətta sevda da.
 
Heç kim heç kimin deyil,
heç mən də özümün deyiləm…
 
 
Ayrılıq
 
Soyuq kimi daşıyıram
adını dodaqlarımda.
Vida kimi daşıyıram
üzümü ovuclarımda...
 
Səsimin titrək yerindən
gözlərimi duza batırıram hər gün...
Duzlu yağışlar yağır.
Payız kimi daşıyıram
çöhrəni xatirəmdə.
Qış kimi daşıyıram
səni bu ömürdə.
 
İyuldu...
Üşüyürəm.
 
 
Şair ömrü
 
Öz yüküm öz kürəyimdə,
çəkə bildikcə çəkirəm.
Qaranlığın ilməsini,
sökə bildikcə sökürəm.
 
Axa bildikcə axıram,
baxa bildikcə baxıram,
qalxa bildikcə qalxıram,
çökə bildikcə çökürəm.
 
Cığırlarda izlərimi,
baxışlarda gözlərimi,
vərəqlərdə sözlərimi,
əkə bildikcə əkirəm.
 
 
Yaşamadıqlarımın yaşantısı

Sənin məndəki yerin
gedə bilmədiyim yer kimi
içimdən qopmayan yoxuşdu.
Havada yaz,
sənin yerində qışdı,
qardı,
yağışdı.

Sənin məndəki yerin
həsrətlə dolu,
acıyla dolu.
Qalan yerlərim boşdu.

Mən boyda boşluqda
bir gerçək yerdi günəşsiz,
bir doğru xəbərdi sənsiz,
o qədər gerçək ki...
Qarın altında bir quş kimi üşüyür
sənin məndəki yerin.

Sənin məndəki yerin ayrıdı...
yaşamadıqlarımın yaşantısıdı.
 
 
Təkcə sən!
 
Başqa şəhərdəyəm...
başqa adamların arasında,
ömür ötürürəm ayrı küçələrdə.
 
Ayrı sabahlara dururam,
ayrı axşamlarda uyuyuram...
hər şey ayrı...
hər şey başqa.
 
Başqa havalardayam,
ay başqa,
gün başqa,
mən başqa.
 
Və bircə sən başqa deyilsən,
elə həmənsən,
gözlərimdə gətirdiyim kimisən.
 
 
Gedirəm
 
Hər gün ömür dediyinin
anından çıxıb gedirəm.
Ürək-ürək, əsəb-əsəb
canımdan çıxıb gedirəm.
 
Bu yadlığa özgə kimi,
yığışdırıb dərdi-qəmi,
bir qaralan kölgə kimi,
yanımdan çıxıb gedirəm.

Gedər-gəlməz bir səfərə,
açılmayan sirr səfərə,
ölüm adlı o əvvələ,
sonumdan çıxıb gedirəm.
 
 
Məndən savayı
 
Dincəl, o gəlməyən günlərdə dincəl,
incəl, üzüldüyün tellərdə incəl,
indi düşünürsən, boşuymuş səncə,
bir ömrə bu gəliş-gediş havayı...?
 
Çəkil, çəkilməyən rəsimdən çəkil,
sevə bilmədiyin isimdən çəkil,
sevda tilsimiymiş, tilsimdən çəkil,
bitsin ayrılığın bu bəm harayı.
 
Atlan, ürəyimin başından atlan,
gördün qış sərt keçir, qışından atlan,
çırman, gözlərimin yaşından atlan,
gör hara düşürsən məndən savayı.


Biriyəm
 
Açanı olmayan evdə,
macalı olmayan evdə,
açarı olmayan evdə,
qapıda qıfılın yeriyəm.
 
Yaralar gözümdə dağdı,
qayıtmaq izimdə dağdı,
kim deyir bu şair sağdı…
Kim deyir hələ diriyəm?

Yoxsam, bugündə yoxsam,
yağsam, gözümdən yağsam,
özümü özümdən çıxsam-
yerində sıfırın biriyəm.
 
 
Varlıq
 
Bir də o varıydı...
Hər yerdə-
həyatda,
xəyallarımda,
yuxularımda.
Getsəm gedirdi,
gəlsəm gəlirdi,
ölsəm ölürdü.
 
İndi o da yoxdu-
sadəcə mən varıydım deyə varıydı.

 
Qayıtsan da!
 
Bəzi şeylər unudulmur
unudulmur unutsan da.
Uyuyursan, amma nəsə
uyudulmur uyutsan da.
Pəncərənin dəmirində
sarmaşıqlar çiçəkləyər.
Çiçəklərin sarısında
bir vida da gerçəkləyər...
Ovudarsan əllərini,
ovudarsan tellərini,
ovudarsan yorğun düşən
aylarını, illərini,
amma nələr, amma nələr
ovudulmur ovutsan da.
Qayıtmağa qayıdarsan,
qayıdanda anlayırsan,
bəzi şeylər qayıdılmır,
qayıdılmır qayıtsan da.
 
 
Qalırsan
 
Vaxtın bitir, nə sağ olmur, sol olmur
qol götürüb oynamağa qol olmur,
hara isə yollanmağa yol olmur,
qayıtmağın müşkülündə qalırsan.

Elə getdi, elə getdi, deyirlər,
elə bil ki, yelə getdi, deyirlər,
bu yazıq da belə getdi deyirlər,
yaddaşının bir küncündə qalırsan.

Qışlar düşür, çənlər gəlir ömrünə
nələr gedir, nələr gəlir ömrünə,
it aparan günlər gəlir ömrünə
it ilində, it günündə qalırsan.
 
 
Qürbətdi
 
Quş quşluğuynan qərib,
var puçluğuynan qərib,
uçuqluğuynan qərib,
qürbətdi dodaqlarım.
 
Bir soyuq, nəm gecədə,
umudsuzam necə də,
qonmursa bir sərçə də,
qürbətdi budaqlarım.
 
Yol döşünə yatmırsa,
gəl döşünə yatmırsa,
gedirsə,
qayıtmırsa...
qürbətdi ayaqlarım
 
 
Elə
 
Gün də gələr, yadın itər,
unudular, adın itər,
dünyada ölümdən betər
yaşamaq zoruymuş elə.

Bir gün özün də bilərsən,
bir gün özün də görərsən,
illərdən sonra deyərsən,
sevgilər koruymuş elə.
 
Ayağından izinəcən,
dodağından sözünəcən,
baxışından gözünəcən
adam da yoluymuş elə!
 
 
Qırılır
 
Sularda ləpələr qırılır,
sularda körpələr qırılır.
Ağrının, acının üstündən,
keçəndə, körpülər qırılır.
 
Bu həyat donduqca, gördüm,
bir umud sındıqca, gördüm,
bir qazi yandıqca, gördüm,
canında qəlpələr qırılır.
 
Bu dünya nə aldı, nə verdi,
dərdi də bir matah nəmərdi.
ömür də bir gödək kəmərdi,
dartıram törpülər qırılır.
 
 
Havasıyla
 
Qəfil ayılırsan, əllidi yaşın,
ha gizlət, üzündən bəllidi yaşın,
küləkdən yeyindi, yellidi yaşın
şütüyüb də gedir yüz havasıyla.
 
Ayağı tutmamış, əmgək bərkidir,
qırıq düymələrə ilgək bərkidir,
hər yolun ağzında göbək bərkidir,
kor kimi oynayır öz havasıyla.
 
Adamı badamla qandırıb keçir,
hər yerdən od verib, yandırıb keçir,
bircə yol eşitsə,
-andırı keçir!
su səpir ocağa köz havasıyla..
 
 
Sevda məsafəsi
 
Məsafələr qollarımda ya doğmalaşar,
ya yadlaşar.
Bir qucaqlıqdı bəzi məsafələr...
Bəzi məsafələrin yaxınında itirik,
uzağında yaxınlaşırıq.
Kimi unutsam doğmadı,
kimi ansam yaddı indi...
İndi nə var ki,
bir sevdanı qucmağa,
bir qəbir boydadısa o sevda.
Sevda məsafəsidi ömür
sonunda ayrılıq.
Və bütün məsafələr
ayrılıq məsafəsidi.
Ayrılıq məsafəsidi qollarım
qucaq açıb yüyürürəm
yalnızlığa sarı.
 
 
Keçər
 
Bir yuxuydu...oyaq gördüm,
bilmirəm nə sayaq gördüm,
bir avarsız qayıq gördüm,
içimdən yellənib keçər.
 
Daşa çıxdı nələr, nələr,
o sevinclər, o sevmələr,
o susmalar, o dinmələr,
yağışdı, lillənib keçər.
 
İt hürənlər yönüm isə,
bu qaranlıq önüm isə,
ayrılıqlar mənim isə...
sevdalar küllənib keçər.
 
 
Son uçuş
 
Hansı dildədi bu uçuşlar ki,
sonra sözləri tökülüb qalır yaza bilmədiyim.
Sonra izləri qalır,
elə dərin qalır,
lap caynaq cırmağı kimi,
poza bilmədiyim.

Və hərəyə bir həsrət qalır sonra
o uçuşdan.
Hərəyə bir qış qalır,
bir bulud.

O bulud başqa sevir məni,
o yağış başqa,
o qış da tamam başqa.

Elə başqa ki,
düşünürəm elə-
ömür bəlkə bir qışdı
bahara sarı boylanan.
Bəlkə bir uçuşdu,
dilini anlamadığım.

Və bütün qanad çalmalar,
və bütün uçuşlar
bir uçuş üçündür, bilirəm.
 
 
Gedərdim
 
Bu dünyanın uzağında
bir yer olsaydı, gedərdim.
Lap qışında, sazağında
bir yol olsaydı, gedərdim.
 
Bir ruhsuz ruha çıxaran,
aparıb yoxa çıxaran,
yoxunda sağa çıxaran,
bir sol olsaydı, gedərdim.
 
Bir sözün küləyi boyda
heç nəyin hər nəyi boyda…
Uçmağa ürəyim boyda
bir göy olsaydı, gedərdim.
 
 
Bu da mən!
 
Ruhuna çiçəklər səpdiyin adamların
ulduz olduğuna inanarsan gecələr…
 
Adamlar yoxa çıxdıqca
ulduzlar çoxalar.
Ulduzlar çoxaldıqca
ulduzları sayarsan bir-bir-
bu o,
bu da babam
bu da atam, nənəm.
 
Onların yanında da
adsız bir ulduza ad qoyarsan,
bu da mən!..
 
 
Sükut...
 
Sən susursan,
əllərin danışır varaqlarda,
saçların danışır küləklərdə,
ayaqların danışır yollarda
 
sən susursan.
Gözlərin danışır gözyaşlarında!..
 
 
Aparır
 
Bu karvan harasa gedir
məni də çəkib aparır.
Neçə-neçə yaşanmayan
dəmi də çəkib aparır.

İçimdəki sükutdakı,
yaşadığım həyatdakı,
gözümdəki buluddakı
nəmi də çəkib aparır.

Bir yuxuyam sən qarışıq,
bir qoxuyam sən qarışıq.
Sanki karvan mən qarışıq -
səni də çəkib aparır.
 
 
Alın yazısı

Kədəri özündən qabaq yazılır adamın,
xoşbəxtliyi də,
bədbəxtliyi də.
Yazımız özümüzdən yaşlı,
taleyimiz özümüzdən qoca.
Qoca yazıları yaşayırıq taleyimizdə.
Biz bilmədən
bəxtimiz özümüzdən qabaq yazılır,
sonra bəxtimizi yaşayırıq,
sonra bütün yazılanları yaşayırıq…
Ölümlər möhür kimi alnımızda,
sonda o möhürü torpağa basırıq…
Hər şey bizdən qoca -
biz daima gənc ölürük,
qocalmış alın yazılarının sonunda…
 
 
Bu payız da…
 
Bu payız da ayrılıqdı, bilirəm
yarpaqları qopub ayrı düşəcək.
Harda isə xəzan vaxtı bir qızın
şəkilləri yenə sarı düşəcək.
Yenə yağış başlayacaq, gur yağış
göbələk tək çoxalacaq çətirlər.
Müqəvvalar geyinəcək əynini,
geyimini dəyişəcək vitrinlər.
Üşüyəcək,
üşüdəcək... fəsil də,
köklənəcək soyuqlara havalar.
Məni elə göynədəcək quş köçü,
ağladacaq yetim qalan yuvalar.
Niyə belə hamı qaçır harasa,
niyə belə yalnız qalır küçələr.
Lap çoxdandı…
Heç bilmirəm niyəsə
cavabsızdı gözlədiyim necələr.
 
Bu payız da ayrılıqdı, bilirəm
ayrılıqdan su içəcək buludlar.
Xısın-xısın, həzin-həzin gecələr
yastığımda ağlayacaq umudlar.